Saxta diplomlu məmurlar Şok faktlar

Saxta diplomlu məmurlar


Tez-tez dövrü mətbuatda hüquq-mühafizə orqanları tərəfindən “saxta diplom alverçiliəri”nin saxlanılması, cinayət işinin açılması barədə xəbərlər dərc olunur. Sözün düzü, bu cinayət işlərinin sonradan necə yekunlaşması barədə cəmiyyətə məlumat verilmir və “saxta diplom” problemi hələ də aktual olaraq qalır. Hətta bu gün Azərbaycanda kifayət qədər saxta diplomla işləyən vəzifə sahibləri var. Məlumat üçün onu da bildirək ki, bir müddət əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə öz açıqlamasında bildirmişdi ki, ölkədə 20 mindən artıq saxta diplom var.

Ancaq çox təəssüf ki, bu günədək saxta diplom sahiblərinin adı cəmiyyətə açıqlanmır. Guya dövlət sirridir. Axı, hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Sözün qısası, nə sirrdirsə, “saxta diplom”ların sahibləri vəzifələrə irəli çəkilir, hətta seçkili orqanlarda təmsil olunurlar. Mətbuatda tez-tez adı hallanan “saxta diplom” sahiblərindən biri də “Zərbəli” müəllimdir. Söhbət Ağsu rayonu, Qaravəlli kənd bələdiyyəsinin sədri “Zərbəli” ləqəbli Hakim Məmmədovdan gedir.

Vaxtilə, onun vəkili Heydər Əsgərov Qafqaz Xəbər Agentliyinin əməkdaşı ilə telefon söhbətində diplom məsələsinə aydınlıq gətirərək bildirmişdi ki, “Zərbəli” müəllimin, ümumiyyətlə, yerli-dibli diplomu olmayıb. Görünür, saxta diplom söhbətinin şişdiyini görən dostları bələdiyyə sədrinə məsləhət biliblər ki, diplomu qoy bir kənara. Fərz edək ki, bələdiyyə sədrinin yerli-dibli diplomu olmayıb. Bəs, bu təhsili olmayan, diplomsuz şəxs necə böyük bir kəndin bələdiyyə sədri seçilib..? Deyilənə görə, bu işdə “Zərbəli” müəllimin qohumu, millət vəkili, “SUM”-un rəhbəri Ərəstun Cavadovun “xeyli zəhməti” olub. Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan digər məlumata görə isə “Zərbəli” müəllimin yaxın dostu Vüqar Dəmirovun da diplomu saxtadır. Beləki bir neçə il əvvəl Vüqarı birdən-birə ali məktəblərdən birinin 3-cü kursuna “qəbul edərkən” məlum olub ki, onun heç tam orta təhsili də yoxdur. Məcbur olub Vüqara tam orta təhsil haqqında attestat tapmalı olublar. Bəli, bu dostlar, həm də şəriklər “saxta diploma” həvəskarıdır. Mənbə onu da bildirdi ki, Vüqar Dəmirov əvvəllər oksigen (kislorod) zavodunu işlədirmiş.

O, 2010-cu ildə Xirdalanda “Viləşçay” MMC-də oksigen balonun partlaması nəticəsində baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunsa da sonradan canını qurtara bilib. Vüqar öz idmançı dostlarına deyirmiş ki, Abşeron prokurorluğunun müstəntiqinə 4 min manat verməklə canımı qurtardım. Mənbənin digər məlumatına görə, Vüqar hazırda Dərnəgüldə yerləşən daş sexini öz dostu Elnurla şərik işlədir. Ən maraqlısı odur ki, Elnur məmurdur və Tərtər Rayon İcra Hakimiyyətində işləyir. Elnur həm də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin keçmiş sədri Gülzar Rzayevanın bacısı oğludur. Hətta Vüqarın qardaşı Elnurun şəxsi sürücüsüdür.

Məsələnin maraqlı tərəfi odur ki, daş sexinin ərazisi “Zərbəlı” müəllimə məxsusudur. Sözün düzü, bizi kiminsə biznes faəliyyəti deyil, əsasən adı çəkilən şəxslərə məxsus diplomların həqiqi olub-olmamasının müvafiq dövlət orqanları tərəfindən araşdırılması maraqlandırır. Axı, ölkədə nə qədər saxta diplom olar..? Bələdiyyə sədrinin diplomu saxta, iş adamının diplomu saxta, hətta rayon təhsil şöbəsinin müdirinin diplomu saxta… Bəli, elə rayon təhsil şöbələrinin müdirləri var ki, hələ də saxta diplomla işləyirlər. Bu başqa bir yazının mövzusudur. Mahmud Rasimoğlu Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...