Əhəd Abıyevin rayonunda yaylaq işğalı ŞİKAYƏT
"20 ildən artıqdır Daşkəsən yaylaqlarına gedən məcburi köçkünlər yaxşı bilir ki, həmin villalar və restoran Daşkəsənin keçmiş icra başçısı Tahir Kərimovun vaxtında tikilib" Məmur-biznesmenlər Daşkəsəndəki yaylaqları alırlar. Nəticədə isə yerli əhali öz torpaqlarından məhrum olurlar. Bu barədə AzMedia.infoya Daşkəsəndən daxil olan şikayət məktubunda bildirilir.
Həmin məktubu oxuğularımızın diqqətinə çatdırırıq:
"Hörmətli redaksiya, son vaxtlar KİV-də Daşkəsən rayonunda Dövlət Torpaq Fonduna və yerli bələdiyyələrə məxsus yaylaq sahələrinin məmur-biznesmenlər tərəfindən ələ keçirilməsi ilə bağlı müxtəlif səpkili yazılar yazılır. İyirmi ildən artıqdır həmin rayonda yaylaq sahəsi alan şəxslər kimi həmin yazıların bir çoxunun real vəziyyəti əks etdirmədiyini diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Nəzərinizə çatdıraq ki, Laçın rayonunun ermənilər tərəfindən işğalından sonra Laçınlıların əksəriyyəti Ağcəbədi rayonu ərazisindəki Laçın rayonuna məxsus qış yataqlarında məskunlaşdı. Dolanışıq mənbəyi heyvandarlıq olan bu insanlar yaz-yay aylarında aranın istisində yaşamağın qeyri-mümkün olduğu səbəbindən müvəqqəti olaraq dağ rayonlarına,əsasən də Daşkəsən rayonuna köçürlər. Hər il icarə müqaviləsi ilə Daşkəsən rayonundan yaylaq sahəsi alırlar.
Təxminən 15 ildən artıqdır ki,Daşkəsən rayonunda yaylaq satışına əvvəllər Daşkəsən rayon Totpaq Şöbəsinin müdiri olan,hazırda isə Daşkəsən RİHBA-nın Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdir müavini olan Şahbaz Mehtiyev baxır. Bu şəxsin bu illər ərzində etdiyi qanunsuzluqları aşkar etmək üçün ən azından böyük bir komissiyanın uzun müddət araşdırma aparmasına ehtiyac var. Ş.Mehtiyev bir ərazini bir neçə nəfərə satmaqdan tutmuş,saxta icarə müqavilələri tərtib etməyə qədər hər cür qanunsuzluqlara yol verir. İcarə müqaviləsində nəzərdə tutulmuş haqdan əlavə şəxsi ciblərə gedən külli miqdarda “haqqı” da ki, öz yerində.
Cənab Mehtiyevin biz qaçqınlara etdiyi zülm ermənilərinkindən heç də geri qalmır. Son illərdə məmur biznesmenlər Daşkəsəndə yaylaq sahələrinin uzun müddətli icarəsinə girişdikdən sonra biz qaçqınların qara günləri başladı. Ş.Mehtiyev bizə satdığı yaylaq yerlərinin qiymətlərini bizim ödənməsi çətin olan məbləğə qaldırdı. Əvvəllər 80 hektarlıq sahəyə 4 aylıq icarə üçün “haqq” kimi 1500 manat verirdiksə indi 3000-4000 manat istəyir. Etiraz etmək həmin sahənin pusquda duran hansısa məmur-biznesmen tərəfindən ələ keçirilməsi ilə nəticələnir.
Əlində həmin ərazinin neçə illərdir icarə müqaviləsi ilə sənə məxsus olduğunu göstərən sənəd olsa belə. Məsələn, 2013-cü ildə əsasən şəhid, müharibə veteranı və əlil ailəsi olan 30 Laçınlı ailəsinin 16 il ərzində hər il icarə müqaviləsi ilə aldıqları “Tülkülü” yaylağı Daşkəsənə yenicə Polis Şöbəsinin rəis müavini təyin edilmiş Haqverdi Əkbərova satıldı. Səbəb qaçqınların cənab Mehtiyevin istətiyi 10.000 manatı verə bilməməsi. Bu haqsızlığa qarşı edilmiş şikayətlərdən sonra H.Əkbərov vəzifəsindən azad edilsədə yaylaq sahəsin əlavə ödədiyi pullar hesabına əlində saxlamağı bacardı. Aranda qalmağa məcbur olan yaşlı və xəstələrdən bəziləri istilərə dözməyərək vəfat etdi,təsərrüfatlarda olan heyvanlar isə qızdırma və digər yolxucu xəstəliklərdən tələf oldu.
Son vaxtlar Ş.Mehtiyev etdiyi qanunsuzluqları pərdələmək üçün xüsusi üsullardan istifadə edir.Beləki hansısa qaçqın ailələrinin istifadəsində olan yaylaq sahəsini imkanlı şəxslərə satmaq üçün yerli sakinlərdən istifadə edir. Yaylaq sahəsini müqavilə ilə almış hər bir şəxs cənab Mehtiyevdən əraziyə buraxılış vərəqəsi almalıdır. Ş.Mehtiyev buraxılış vərəqəsini verməyi get-gələ salaraq ləngidir,bu zaman onun adamları olan öyrətdiyi şəxslər həmin yaylaq sahəsinə köçür,əlində həmin yaylağın onlara məxsus olduğunu təsdiq edən müqavilə olan vətəndaşlar aldığı yaylağa gələndə onun zəbt edildiyini görür. Bizim də başımıza belə bir hadisə gəldi.15 ildi fasiləsiz hər il müqavilə ilə aldığımız Dövlət Torpaq Fonduna məxsus 29,30 saylı yaylaq sahəsi Ş.Mehtiyevin “Yeni Musavat” qəzetinə verdiyi məlumatda Abbas Abbasovun çobanı olduğunu iddia etdiyi Akif Rzayevin yaxın qohumları olan Xoşbulaq kənd sakinləri Mürvət,oğlu,Yusif və başqaları tərəfindən zəbt edilib.Həmin şəxslər Gəncə və Şəmkirdən olan imkanlı şəxslərə məxsus olan təxminən 500 baş iri buynuzlu,3000 baş xırda buynuzlu heyvanı bizim aldığımız yaylağa gətirərək örüş-otlaq sahəsini tamamilə otarmış və hazırda da otarırlar. Etdiyimiz şikayətlərə isə baxılmır.
Müqavilə ilə bizə məxsus olan yaylaq sahəsini zəbt etmiş həmin şəxslər həmin yaylağın Ş.Mehtiyev və Xoşbulaq bələdiyyəsi tərəfindən onlara verildiyini və onların bəzilərinin polislər tərəfindən zorla bura köçürüldüyünü deyirlər. Görünən odur ki, Ş,Mehtiyev,Xoşbulaq kənd bələdiyyəsinin sədri və onların himayə etdikləri bu şəxslər məqsədli şəkildə biz məcburi köçkünləri müəyyən siyasi oyunlara cəlb etmək istəyirlər. Mürvət və oğlu,Yusif Ş.Mehtiyev və Polis Şöbəsinin rəis müavini və bir qrup əməkdaşının yanında bizi təhqir edərək “sizə burda yer yoxdu,ağ bayraq qaldırıb Ermənistana keçin” deyərək alçaltdılar,adını çəkdiyimiz vəzifəli şəxslər isə buna reaksiya vermədilər. Halbuki bizim övladlarımız Daşkəsən də daxil olmaqla cəbhənin ön xəttində şərəflə xidmət edir.
Ş,Mehtiyev və rəhbərlik etdiyi qrupAzərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il298 N-li “”Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının tətbiq edilməsi haqqında” olan sərəncamını kobud surətdə pozaraq məcburi köçkünlərin yaylaqdan istifadə və yaşamaq hüququnu sual altına almışdır.
Sərəncamın 2-ci bəndinə əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən çıxarılması onlar öz doğma yurdlarına qayıdana,yeni qəsəbələrə və evlərə köçürülənə qədər dayandırılır.
Hörmətli redaksiya,bəzi saytlarda Daşkəsən rayon Xoşbulaq kənd sakinlərinə istinadən guya kənd ərazisində tikilmiş villaların İcra Başçısı Ə.Abıyev tərəfindən tikdirildiyi, kəndin girəcəyindəki qəbirstanlıqla üzbəüz restoranın ona məxsus olduğu xəbərləri verilib. Nəzərinizə çatdırırıq ki, bu xəbərlər həqiqəti əks etdirmir və həmin məlumatı saytlara ötürənlər bəzi biznesmenlərlə əlaqəyə girib biz məcburi köçkünlərin yaylaq sahələrini ələ keçirmək istəyən qüvvələrdi və onlar etdikləri əməlləri ört-basdır etmək məqsədi güdürlər. İstər yerli sakinlər, istərsə də 20 ildən artıqdı Daşkəsən yaylaqlarına gedən məcburi köçkünlər yaxşı bilir ki, həmin villalar və restoran keçmiş İcra başçısı Tahir Kərimovun vaxtında tikilib".
740 dəfə oxundu