“Hafka” müsadirə təhlükəsinə görə əmlaklarını “əridir” – İlginc iddia

“Hafka” müsadirə təhlükəsinə görə əmlaklarını “əridir” –


Borc qalmaqallarından heç cür qurtula bilməyən iş adamı Hafiz Məmmədov “Baghlan Group Limited”i də itirir. Xəbər
verildiyi kimi, iyulun 29-da Şərqi Karib Ali Məhkəməsi (Britaniyanın Virgin adaları) müflis olması ilə bağlı “Baghlan Group Limited” şirkətinin ləğv edilməsinə başlayıb. Məhkəmə “PricewaterhouseCoopers (BVI) Limited” şirkətinin nümayəndəsi Con Ayresi təsviyyəçi təyin edib.

Bundan əvvəl Virgin adalarının Kommersiya Məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited”ə qarşı iddiasına baxılaraq, cavabdehin ödəmə qabiliyyətinin olmaması faktı təsdiq edilib.

Borcla bağlı tarix “Hafka”nın nəqliyyat naziri Ziya Məmmədovla biznes şəriki olduğu vaxta təsadüf edir. Belə ki, 2012-ci ildə “Baghlan Group” “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında $150 mln. məbləğində istiqrazlar yerləşdirib. Qiymətli kağızlar yüksək faizlə yerləşdirildiyindən (və ya cəlb olunan vəsaitin istifadəsinin səmərəsizliyindən) bir müddət sonra “Baghlan Group” üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkib. “Baghlan” 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib.

Halbuki iyun ayında istiqrazların tam ödənilməsi baş verməli idi. Azərbaycan qanunvericiliyinə görə, şirkətin müflisləşmə davası açılarkən, iddia tələbini yerinə yetirmək üçün cavabdehdə kifayət qədər pul vəsaiti və digər əmlak olmazsa, o zaman borc üzrə öhdəliklərin icrası üçün tələb olunan vəsait ona məxsus digər əmlaklara da yönəldilə bilər. Virgin adalarının qanunvericiliyi də Hafiz Məmmədova məxsus başqa ölkədəki əmlakın satışa çıxarılmasını istisna etmir.

“Baghlan Group” inşaat, nəqliyyat, yük daşımaları, hasilat və s. sahələrdə çalışır. Qrup milli bukmeyker kontoru olan “Topaz” şirkətində də marağı olduğunu bildirir.

Bundan başqa, Hafiz Məmmədov biznesinin bir hissəsini oğlanları Sənan və Kənanın adına ötürüb. Şirkətlərin bir hissəsi “KSM Group of Companies” adı altında birləşib. Qrupa gəmiçilik və yük daşımaçılığı, nəqliyyat, turizm, tikinti, idman, xidmət sahələrinə aid bir neçə şirkət (“Alfa Caspian Shipping”, “Logestics group”, “BQ trans”, “City Bus”, “Ramada Hotel & Suites Baku”, “Baku fans”, “Elit Catering”, “Kono Pizza”, “Candy Boquet” və s.) daxildir. Əlavə olaraq qardaşlar “Bank of Azerbaijan” ASC-yə birgə nəzarət edirlər.

Ləğvetmə işlərini aparmaq həvalə olunan C. Ayres bildirib ki, iyulun 29-dək kreditorlar öz tələblərini təqdim edəcəklər. Bir gün sonra isə PWC-nin Virgin adalarındakı ofisində ləğvetmə komissiyasının yaradılması məqsədilə kreditorların və onların nümayəndələrinin görüşü keçiriləcək. Qərarın qəbul edilməsi üçün borc sahiblərinin yarısının iştirakı tələb olunur.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi hələ ötən il “Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş ”London taksiləri”nin istismarına qədər bir çox biznes sahələrində fəaliyyət göstərən “Baghlan Group”un defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb. Kreditorların konkret hansı qərar verdikləri barədə hələ ki məlumat yoxdur. Amma aydındır ki, “Baghlan Group” hazırda borcunu ödəmək gücündə deyil və ləğv ediləcək. Beynəlxalq Bankdan götürdüyü kreditə görə həbs təhlükəsilə üzləşən və buna görə ölkəni tərk edən, daha sonra isə yenidən Azərbaycana dönən “Hafka”nın da hazırda harada olduğu bilinmir. Bir mənbəmizin iddiasına görə, iş adamı “problemlərini həll etmək” adı ilə yenidən ölkəni tərk edib.

“Baghlan Group Limited” şirkətinin ləğv edilməsindən sonra borca görə “Hafka”nın əmlaklarının satışa çıxarılması bir qədər problemli görünür.

Şirkətin rəsmi saytında qısa araşdırmamız zamanı məlum oldu ki, “Baghlan Group Limited”in tərkibinə daxil olan “Firs Class Tuors” (http://www.fct.az/) və “Meredian Hotel” (http://www.meridianhotel.az/) saytları bağlıdır. Mümkündür ki, şirkətə aid bu markalar artıq “Baghlan Group Limited”in tərkibindən bilərəkdən çıxarılıb, bəlkə də başqa adamın adına artıq rəsmiləşdirilib də.

Çünki ötən ilin oktyabr ayında “Nikoyl” banka borca görə “Hafka”nın “Milyonerlər məhəlləsi”ndəki (keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsi) villasının boşaldılması barədə məhkəmə qərarı çıxarılsa da, evin sahibinin başqa adam olduğu məlum olmuşdu. Qeyd edək ki, iş adamının həmin ərazidə bir yox, bir neçə villası var və böyük ehtimalla, yenə də öz adına rəsmiləşməyib. Bu səbəbdən də Şərqi Karib Ali Məhkəməsinin çıxardığı qərarla “Hafka”nın əmlaklarının müsadirəsi çətin olacaq. Bu isə yeni beynəlxalq qalmaqala səbəb ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...