Xaləddin İsgəndərov yenə də öz ampluasındadır - FOTOLAR, VİDEOLAR

Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -

Bu dəfə yolumuzu Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanından saldıq. Ziyarətimizin səbəbi bir qrup sakinin redaksiyamıza ünvanladığı şikayət məktubu idi. Sakinlər iddia edirdilər ki, onların binasının qarşısındakı istirahət zolağını adlarını bilmədikləri, kimliklərini müəyyənləşdirmək mümkün olmayan tikinti qrupu zəbt edib. Oradakı yaşıllıq zolağını, hərbi təmayüllü su hövzəsini və bina sakinlərinə məxsus bir neçə qarajı məhv edərək söküntü işlərinə başlayıblar. Binanın qarşısı hasarlanıb. Onların həyətdə oturmaq, istirahət etmək şansları məhdudlaşdırılıb.

Biz hadisə yerinə çatanda hasarlı zolağın içərisində bir neçə fəhlə var idi. Çəkilişə hazırlaşdığımız vaxt isə əllərindəki alətləri bir kənara tullayaraq yoxa çıxdılar. Hasarlanmış zolağın içərisinə daxil olduqda, xeyli sayda ağacların kəsildiyini müşahidə etdik. Yerdə ağacların iri gövdələrindən və ağac doğrayıcı alətlərdən başqa heç nə yox idi.
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır - FOTOLAR, VİDEOLAR

Hasarlanmış sahənin içərisində və kənarında söküntü-tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını öyrənməyə çalışdıq. Ancaq heç nə tapmadıq. Nə lövhə vurulmuşdu, nə də söküntünün hansı firma və ya tikinti şirkətinin aparıldığı ilə bağlı məlumat yapışdırılmışdı. “Müvəqqəti narahatlığa görə üzr” də istənilmirdi.

İçəridə isə su hövzəsinin dağıdıldığını, ətrafın bataqlığa çevrildiyini müşahidə edirdik. Söküntüyə nəzarət etmək üçün yaradılmış köşkdə də kimsəni tapmadıq. Görünür, kimlərsə “kamera qoxusu” almışdılar və bizə məlum olmayan səbəblərə görə ərazidən uzaqlaşmağı məqsədəuyğun saymışdılar.

Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -


Şikayətçi bina sakinləri ilə söhbətləşirik. Rövşən Qasımov adlı Binəqədi sakini deyir ki, ağacların kəsilməsi və söküntülərin aparılması üç ay əvvəl başlayıb:

“Binamızın həyətində boş meydança, üç-dörd qaraj və bir yaşayış evi var idi. İlk dəfə bəzi qarajların yiyələri ilə razılaşıb buranı sökməyə başladılar. Sonra bəzi qarajların yiyələri razılaşmadı, buna baxmayaraq adları və kimlikləri bəlli olmayan adamlar söküntü işlərinə davam etdilər. Uşaqlarımızın oynadığı balaca meydança vardı. Ətrafı yaşıllıqla, ağaclarla əhatələnmişdi. Ağacları da doğradılar. Özü də ağacları gündüzlər yox, gecələr kəsməyə başladılar”.
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır - FOTOLAR, VİDEOLAR

Rövşən Qasımov ölkə başçısına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə məktubla müraciət etmişik – deyir. Son ümid yerimiz onlardır - deyə vurğulayır:

“Ümid edirik ki, tezliklə bu özbaşınalığa bir əncam çəkəcəklər. Baxın binadan çıxan kimi yol başlayır. Qanunla burada 25 metr yol olmalıdır. Heç beş metr deyil. Burada bir meydança vardı. Lazım olanda uşaqlar futbol oynayırdı. Həyətə hava almağa düşürdülər. İndi bizim uşaqlarımız bu imkandan məhrum olub. Gecələr də camaat maşın saxlamağa yer axtarır. Binanın sakinlərini deyirəm. Burada hündürmərətəbəli bina tikəcəklər. Bina tikildikdən sonra onun altında uzaqbaşı 20-30 qarajlıq yer olacaq. Bəs qalanı harada saxlayacaq?! Deyilənə görə birbloklu bina tikilir. Sabah bir hadisə, yanğın və ya zəlzələ olsa buraya kran, yanğınsöndürən necə gələcək?! Bu qədər insan yaşayır binamızda. Hər kəsin usağı, xəstəsi var. Onda necə edəcəyik?! Bu suallar, bizim keçirdiyimiz narahatlıqlar görünür onların veclərinə də deyil”.

Söhbətimizə bina sakinlərindən Zenfira Əhmədova da qoşulur. Deyir ki, qanunla bina ilə yol arasında 25 metr məsafə olmalıdır. Amma burada 25 metr yol yoxdur:

“Uşaqlarımız üçün təhlükəlidir. Maşınlar işləyir. Uşaqlarımız yol keçir. Başa düşmürlər ki, hər an təhlükə ilə üz-üzəyik. Cəmi dörd-beş metrlik avtomobil yolu qalıb. Hər yeri hasarlayıblar. Heç olmasa buraya bir lövhə vurulmalıdır. Nəyin tikildiyini, kimlərin inşa etdiyini bilək. Burada söküntünün hansı firmanın, şirkətin apardığından xəbərsizik. Özləri “qərar” qəbul edib buranı hasarlamağa başladılar. Biz də soruşanda heç bir sənəd göstərmirlər. Fərqli-fərqli bəhanələr gətirirlər”.

Boris Bağırov isə binanın qarşısında – hasarlanan ərazidə xeyli sayda yaşıllıq zolağının məhv edilməsindən şikayətçidir:

“Xeyli ağac vardı. Kölgəlik, qarajların arxasından boybaboy ağaclar düzülmüşdü. Bəlkə də on beş ağac olardı. İndi iki ağac qalıb. Bəzi ağacları kəsib yerində də qoyublar. Gedib baxa bilərsiniz. Söküntü-tikinti işlərinə də həftə içi günləri yox, şənbə və bazar günü başlayırlar. Özü də gecələr… Səs-küydən yatmaq olmur. Narahat oluruq. Bu boyda hündür hasarı çəkmək nəyə lazımdır”.
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -

Zenfira Əhmədova əlavə edərək deyir ki, həmin ərazidə vaxtilə Fövqəladə Hallar Nazirliyinin su çəni olub. Tikinti-söküntü işləri aparan şəxslər onu da sıradan çıxarıblar:

“Hər hansı yanğın təhlükəsi olardısa, həmin çəndən istifadə etmək nəzərdə tutulmuşdu. Onu da söküb dağıtdılar. Həmin yanğın təhlükəsinə qarşı olan su çəni, hovuz hərbi obyektdir. Bəs onu hansı əsasla söküblər. Bu qədər özbaşınalıq olmaz. Binəqədi Rayon İcra Hakimiyyətinə bu barədə müraciət etmişik. Heç nə etmirlər. Səsimizə səs vermirlər. Bu söküntülərdə əvvəl də icra hakimiyyətinə müraciət ünvanlamışdıq, indiyə kimi heç bir müraciətimizə baxmayıblar”.

Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -
Xaləddin İsgəndərov yenə də öz ampluasındadır -

Hər kəsin sinəsinin dolu olduğunu görürük. Yeddi-səkkiz sakin dərdlərini kamera qarşısında deməklə ürəklərini boşaltmağa çalışırlar. Hərəsi çəpərlənmiş ərazidəki söküntüdən sonra yaranan problemləri sadalyır:

- Burada bir bloklu on dörd mərtəbəli bina tikmək istəyirlər.

- İlk günlərdə uşaq bağçasının tikiləcəyini dedilər. Sonra söylədilər ki, uşaq bağçası tikirlər. Birdən-birə qərarlarını dəyişdilər. Dedilər ki, 14 mərtəbəli bina tikəcəyik. Biz sonradan bildik.

- Hər tərəfimiz bağlanır. Biz ortada qalırıq.

- İnsanların rahatlığını pozurlar. Şənbə və bazar günü işləyirlər. Beton piltələri doğrayırlar. Səs-küydən evdə durmaq olmur. Yaşlı adamlar var, narahat oluruq.

- Burada tikinti aparanların kimliyini bilmədiyimizdən ərizə yazanda da kimdən şikayət edəcəyimizi bilmədik. Nə lövhə vurublar, nə ad verirlər.

- Bizə heç sənəd də lazım deyil. Sadəcə, bizim torpağa əl vurmasınlar. Ora balacaların, yaşlıların istirahət yeridir.

- Uşaqlar yolun ortasında futbol oynasınlar? Yer yoxdur. Binadan birbaşa yola çıxırıq. Meydançanı da hasarlayıblar.

- Allah eləməsin, sabah kiminsə uşağını maşın vursa, həmin uşağı bizə qaytaracaqlar?! Belə olmaz axı.

Araya sakitlik çökür. Qonşular pəncərədən şikayətlərini əlavə edirlər. Onlar da söküntünü qanunsuz adlandırırlar. Bir xanım isə qanunsuz olaraq qarajının söküldüyünü deyir. Hər yerə müraciət etdiyini vurğulayır.



Zenfira Əhmədova yaşadıqları binanın hərtərəfli “mühasirəyə” düşdüyünü deyir. Şikayətçinin sözlərinə görə, hündürmərtəbəli bina tikmək isəyənlər qarşıdakı qaçqınlar yaşayan binaya əncam çəkmək əvəzinə, körpələrin oyun meydançasına göz tikib:

“Əgər həmin tikintini aparan şəxslər doğrudan da xeyirxah insandırlarsa, qarşıda qaçqınların məskunlaşdığı bina var. Həmin bina çox pis vəziyyətdədir. İnsanlar bir-birinin belində yaşayırlar. Həmin binadakı insanları köçürərdilər. Orada ev tikərdilər. Deyirlər ki, pilot layihədir. Belə pilot layihə olmur axı. Pilot odur ki, camaatla razılaşırlar, binadakı sakinləri köçürürlər, tikinti başa çatdıqdan sonra isə sakinlər öz mənzillərinə qayıdırlar”.



Bayaqdan sakit, səssiz, əllərini soyuqdan qorumaq üçün plaşının cibinə salmış ahıl yaşlı Səmayə Nəsrullayeva dilə gəlir. Deyir ki, hafta.az-a son ümid yeri kimi baxırlar:

“Ümid edirik ki, sizin bu yazıdan sonra bizim səsimizə səs verən tapılacaq. Biz heç, qocalmışıq. Birtəhər dözə bilərik. Axı burada uşaqlar var? Körpələr bizim gələcəyimizdir. Evimizdə xəstə və yaşlı adamlar var. Oturub söhbət eləməyə yerimiz də yoxdur. Bəs harada oturaq? Bir “besetka”mız vardı o da artıq yoxdur. Binamız sanki mühasirəyə düşüb. Arxa tərəfdə şadlıq sarayıdır. Bir də gördün dava düşdü, hay-küy qopdu. Arxa tərəf elə, bu tərəf də ki belə...”.



Zenfira Əhmədovanın sözlərinə görə, ustaların həftə içi deyil, şənbə və bazar günləri işləməsi onların əsəblərinə də mənfi təsir göstərir:

“Mən müəlliməyəm. Altıda-yeddidə evdən əsəbi halda çıxıb dərsə gedirəm. Əsəbimi zorla cilovlayıram ki, uşaqlara bunu hiss etdirməyim. Yaxud əsəbimi şagirdlərimin üzərinə tökməyim. Mən əsəb xəstəsi olandan sonra müalicə olunmaq üçün pul verməyəcəklər axı”.

Rövşən Qasımov isə bildirir ki, camaatın qarğışı, şikayəti, haqqı üzərindən pul qazanmaq düzgün deyil:

“Beş metr yer görən kimi oraya çökürlər. O qədər boş yer var ki, xeyriyyə məqsədi ilə və yaxud pul qazanmaq istəyirsənsə gedib orada tikinti işləri ilə məşğul olsunlar. Camaatın qarğışı, şikayəti, haqqı üzərindən pul qazanmaq düzgün deyil. Görün, məmur özbaşınalığı hansı həddə çatıb ki, biz məcbur qalıb ölkə prezidentinə müraciət etdik. Sıxılmış vəziyyətdə qalmışıq. Düşündük indiki məqamda ancaq o bizim hüquqlarımızı qoruya bilər. Çünki ondan başqa heç kim bizim hüquqlarımızı qoruya bilmir. Bu yaxınlarda tədbirlərin birində cənab prezident də üzünü sadə vətəndaşlara tutub dedi ki, şikayət etməkdən qorxmayın. Kimsə ən aşağısı tikinti aparıb bizi narahat edəcəksə, biz niyə müraciət etməyək?! Əgər bunu dövlət təşkil edirsə biləcəyik ki, pilot layihədir, köçürülmə işləri aparılacaq. Biz buna heç nə deyə bilmərik. Elə deyil axı, nə tikinti şirkətinin adı məlumdur, nə də yanğın əleyhinə hovuzu dağıdanların, ağacları kəsənlərin kimliyi. Bizim uşaqların oynadığı meydançanı sökməyə heç kimin hüququ yoxdur”.



Ümid edirik ki, məsələ ictimailəşdikdən sonra aidiyyəti qurumlar Binəqədi rayonu Atatürk prospekti 64 ünvanında yaşayan bu biçarə sakinlərin şikayətlərinə baxacaqlar. Uşaqların oynadığı meydançada ev tikib sakinlərinin rahatlığını "sökməyə" qanun heç bir vətəndaşa icazə vermir. Ağacları - bir neçə binanın sərinlik, kölgə-istirahət zolağını söküb, rahatlıqlarına 14 mərtəbəli "kölgə salmaq", çərçivəyə salmağın özü isə hüquqi dövlətdə gec-tez nəfəs daraldan birin ikiyə "çərçivə" ilə nəticələnir...



P.S: Yazıda adları keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

P.SS: Mövzunu diqqətdə saxlayacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...