İradə Gülməmmədovaya müraciət edən sakinlər: "Bizə helikopter verin" - VİDEOLAR

Xırdalan yollarının iflic vəziyyətinə düşməsi ciddi problemlərə yol açıb.
Minval.info xəbər verir ki, şəhərin daxilində təmir-tikinti işlərinin aparılması nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradıb.
Sakinlərin sözlərinə görə, artıq bir neçə küçədə avtomobillər üçün nəzərdə tutulan istiqamətlər tamamilə bağlanıb.
“Bundan əvvəl, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar bir müddət sonuncu dayanacağına gedə bilmirdi. Bütün yol qazılmışdı. İnsanlar məcbur olub uzun məsafədə yolu piyada gedirdilər” – narazı sakinlərdən biri deyir.

Qazıntı işləri yekunlaşdıqdan sonra avtobuslar sonuncu dayanacağa qədər gedə bilib. Amma həmin küçədə bərpa işləri aparılmadığından nəqliyyat vasitələrinin sürücüləri bir-birinə güzəştə getməklə yollarına davam edirlər.
“Xırdalanın bütün yollarını qazıblar. Elə yerlər var, tam bağlanıb. 5 dəqiqəlik yerə yarım saata çatırıq. Biri o birini gözləyir sonra yola girir. Bilmirik nə vaxt bitəcək bu işlər. Maşınımız dağılır, belə yollara avtomobil dözər?! Bizə helikopter versinlər rahat hərəkət edək” – adını açıqlamaq istəməyən sürücü bildirir.
Xırdalanın bəzi küçələri isə dağlıq rayonların yollarını xatırladır. Şəhərin bəzi hissələrində təmirlə əlaqədar heç bir xəbərdaredici nişan qoyulmayıb. Sürücülər yolu səhv salaraq qazıntı işləri aparılan hissəyə daxil olur, ardınca isə geri qayıtmaq məcburiyyətində qalır. Bundan əlavə, təhlükəli vəziyyətlə də qarşılaşırlar.
Sakinlərin sözlərinə görə, yollardakı təmir işləri səbəbindən avtomobillər hərəkət edərkən ətraf toz-torpaq olur. Bu, eyni zamanda piyadaların da işini çətinliyə salır. O cümlədən toz-torpaq yaşayış evlərinə də daxil olduğundan bəzi mənzillərdə yaşayanlar qızmar yay fəslində evin pəncərələrini bağlamaq məcburiyyətində qalırlar.
Sözügedən problemlərlə əlaqədar Minval.info Abşeron RİH ilə əlaqə saxlaydı. Zəngimizə cavab verən qurum əməkdaşı bizi başqa bir şöbəyə yönləndirdi. Amma təqdim edilən nömrə ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
470 dəfə oxundu