Akif Süleymanov təkcə töhmət almalı idimi? İLGİNC

Nazir Mikayıl Cabbarov rektoru vəzifədə saxlamaqla özünün həyata keçirdiyi islahatlara zərbə vurmuş oldu
Texnologiya Universitetinin rəhbəri həbs edilə biləcəyindən çox ehtiyatlanır
Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovun ölkədən qaçması və külli miqdarda vəsaiti mənimsəməsi haqda xəbərlər bir müddət idi ki, medianın əsas müzakirə mövzusuna çevrilmişdi. Xatırladaq ki, bir müddət öncə Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb. Bu barədə universitetin məzunları şikayət ediblər. Məlumata görə, tələbələrin adına saxta təqaüd kartları açan rektor məsələnin üstü açılandan sonra qaçıb. Korrupsiya ilə bağlı baş verənləri universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib. Onun verdiyi məlumata görə, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb: "Hesablama zamanı nazirliyin "təftiş komissiyası" bir çox nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital Bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib". Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Adlarına saxta kartlar açılan tələbələr universitetə çağırılıb və idarə əməkdaşları tərəfindən dindirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Söz-söhbətlərin böyüməsindən sonra universitetin rektoru üzə çıxdı və ittihamlara özünə sərf edən şəkildə cavab verdi. Bundan sonra isə Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirildi. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub. Təhsil nazirinin müavini F.Qurbanov çıxış edərək son zamanlar universitet ətrafında cərəyan edən proseslər haqqında məlumat verib. O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib. Firudin Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib. İclasda rektor Akif Süleymanov da çıxış edib və rəhbərlik etdiyi kollektivin adından, deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.
Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasla da bütün söz-söhbətlərə son qoyuldu. Başqa sözlə desək, adı külli miqdarda yeyintidə və digər qanunsuz işlərdə hallandırılan rektor sadəcə töhmət almaqla vəzifəsini qoruyub saxlaya bildi. Maraqlıdır, nazir Mikayıl Cabbarov barəsində cinayət işi açılan Akif Süleymanovun yerinə başqa kadr təyin edə bilməzdimi? Bilərdi, sadəcə bu işdə müəyyən şəxslərin marağı olub və onlar rektoru müdafiə ediblər. Özəl mənbələrin bildirdiyinə görə, Texnologiya Universitetinin rəhbəri həyata keçirdiyi özbaşına əməllərdən əldə etdiyi gəlirləri tək xərcləməyib və bundan kimlərəsə pay göndərib. Məhz bu səbəbdən həmin şəxslər rektorun postunu qorumasında yaxından yardımçı olublar. Çünki biliblər ki, məsələ daha da böyüsə, rektor onları da güdaza verəcək. Hesab edirik ki, Akif Süleymanovun bu qədər qalmaqaldan sonra işdə saxlanması həm nazir Mikayıl Cabbarovun indiyə qədər həyata keçirdiyi islahatlara ağır zərbə vuracaq, həm də Texnologiya Universitetində təhsilin səviyyəsinə əhəmiyyətli dərəcədə pis təsir göstərəcək. Görəsən, hörmətli nazir niyə bu tip məsələləri nəzərə almadı? Axı Maliyyə Nazirliyinin rəsmiləri rektorun fəaliyyətindəki nöqsanları dəqiqliyi ilə ortalığa qoyublar. Akif Süleymanovun tutduğu vəzifədən kənarlaşdırılması üçün daha hansı işləri törətməsi lazım idi? Universitet rəhbərinin ağır şəkildə cəzalandırılmaması bəzi qaranlıq məqamlara işarədir. Çalışacağıq ki, gələn saylarımızda bununla bağlı geniş araşdırma aparaq və sizləri də məlumatlandıraq. Bu arada, mötəbər mənbələr vurğulayır ki, rektor Baş Prokurorluqda başlanmış cinayət işinə xitam verilməsi məqsədilə bəzi şəxslərə minnətçi düşüb. Görünür, Akif Süleymanov cinayət işinin gedişatında müəyyən işlərinin üstünün açılacağından və həbs təhlükəsi ilə üzləşə biləcəyindən ehtiyat edir. Hər bir halda, onun törətdiyi əməllərdə cinayət tərkibi var və buna görə o mütləq məsuliyyətə cəlb edilməlidir.
Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
2085 dəfə oxundu