Salyandakı vəhhabiləri Azər Ağayev maliyyələşdirir? İlginc iddia
Dövlət Neft Şirkətinə məxsus torpaqlarda özünə milyonlar səltənəti quran iş adamı böyük çətinliklərlə üzləşib
Salyanda fəaliyyət göstərən "Samir şirkəti" MMC-nin rəhbəri, iş adamı Azər Ağayevin özbaşına əməlləri səngimək bilmir. Xatırlayırsınızsa, adıçəkilən sahibkarın fəaliyyətindəki qanun pozuntuları və onun dövlətə məxsus torpaq sahələrini özbaşına zəbt etməsi barədə ötən saylarımızda məlumat vermişdik. Bir daha xatırladaq ki, Salyanın Qarabağlı, Kərimbəyli və Yolüstü kənd və qəsəbələrində geniş ticarət, restoran biznesi ilə məşğul olan iş adamı bir müddət əvvəl bir qrup kənd sakinini öyrədərək "Salyan Oil Ltd" əməliyyat şirkətinin bu ərazidə fəaliyyət göstərən ofisi önündə etiraz aksiyası keçirməsini təşkil etdirib. Məlumata görə, o "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan neft-qaz ərazilərində, yəni Salyan-Şirvan şossesinin kənarından keçən neft-qaz borularının üzərində "Azəri" şadlıq evi, restoran-kafe, ticarət mərkəzləri və super-marketlər inşa etdirib. Bu obyektlərin əksəriyyətini isə oğlu Samir Ağayevin adına rəsmiləşdirib: "Sahibkar Kərimbəyli kəndi ərazisində yerləşən və "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan süni gölü də rəhmətə getmiş bələdiyyə sədrinin imzası ilə saxta formada rəsmiləşdirib, aidiyyəti təşkilatlara təqdim edən zaman ifşa olunub.
"Salyan Oil Ltd" əməliyyat şirkətinin, eləcə də rayon icra hakimiyyətinin bir neçə dəfə etdiyi xəbərdarlığa baxmayaraq, həmin ticarət və iaşə obyektləri fəaliyyətini hələ də davam etdirir". Həmçinin Salyan-Şirvan yolunun sağ tərəfində şirkətə aid Mürsəlov Mürsəl Sakit oğlunun adına çıxarışla mülkiyyətə verilən 0,12 ha torpaq sahəsi, digər bir çıxarışla "Samir şirkəti" MMC-nin cənubunda xüsusi mülkiyyətə verilmiş 0,125 ha torpaq sahəsi, onun üzərində tikilmiş tikililər də ARDNŞ-ə məxsus olan ərazidə yerləşir. "Salyan OİL Ltd" əməliyyat şirkətinin rəhbərliyi tərəfindən "Samir şirkəti" MMC-nin təsisçisi və direktoru Azər Ağayevin Neft Şirkətinə məxsus torpaq sahələrində qanunsuz olaraq fəaliyyət göstərməsi və neft-qaz boru xətləri üzərində obyekt tikintisi həyata keçirməsi barədə aidiyyəti hüquq-mühafizə orqanlarına şikayət olunub. Həmçinin onun bir sıra bizneslərini idarə edən, Polis Akademiyasında təhsil alan oğlu Xeyrəddin Ağayevin fəaliyyəti barədə də aidiyyəti orqanlara müvafiq informasiya çatdırılıb. Təəssüflər olsun ki, iş adamı hələ da azadlıqda gəzir və bu azmış kimi qeyri-qanuni əməllərinin sayını hər keçən gün daha da artırır. Salyandakı mənbələrimizdən Azər Ağayevin barəsində çox ilginc məlumatlar əldə etmişik.
Məlumatlı şəxslərin bildirdiyinə əsasən milyonlara sahib olan iş adamı hər fürsətdə rayonda qarışıqlıq yaratmaq, bir qrup sakini yuxarı instansiyaların üzərinə qaldırmağa çalışır: "Hazırda Salyan rayonunda əhalinin sosial rifah halı çox yüksəkdir. Prezidentin rayona hərtərəfli diqqət və qayğısı özünü göstərir. İş adamı Azər Ağayev isə sanki rayonun inkişafını qısqanclıqla qarşılayır. Salyanda əksəriyyəti bilir ki, bu adama məxsus ticarət obyektlərinin demək olar ki, hamısı Dövlət Neft Şirkətinə məxsus ərazilərdə tikilib. Yəni həmin obyektlərin heç biri qanuni deyil. Şirkət rəhbərliyi tərəfindən bir neçə dəfə bu məsələyə reaksiya verilib. Amma reaksiya sərt formada olmadığına görə iş adamı arxayınlaşır və özbaşına əməllərini davam etdirir. Son günlər vəziyyət dəyişib. Belə ki, məsələdən Dövlət Neft Şirkətinin rəhbərliyi xəbər tutub və Azər Ağayevə məxsus obyektlərin sökülməsi məsələsi müzakirə edilib. Bu obyektlərin yerlə-yeksan edilməsinə qərar verilib.
Bunu eşidən sahibkar hüquq-mühafizə orqanlarındakı, eləcə də digər dövlət qurumlarındakı "krışa"larını səfərbər edib. İş adamı bilməlidir ki, bu işdə kimdən kömək istəsə də, heç bir faydası olmayacaq. Səbəb isə məlumdur. O, vaxtilə vəzifədə olarkən səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə məxsus torpaq sahələrində qeyri-qanuni tikinti işləri aparıb. Bu gün həmin işlərin bir çoxunun üstü açılıb. Azər Ağayev varidatını itirməmək üçün əməlli-başlı çırpınır, lakin bunların heç bir xeyri olmayacaq. Bu günə kimi ona milyonlar qazandırmış, bəzi işlərini rahatlıqla həyata keçirməyə yardımçı olmuş obyektləri darmadağın edilə bilər". Başqa bir məlumatda isə iş adamının vəhhabilərlə əlaqəsindən bəhs olunur. Etibarlı mənbənin bildirdiyinə görə, Salyanda vəhhabiliyi təbliğ edən şəxslərin yetərli hissəsi Azər Ağayevə xüsusi rəğbət bəsləyirlər: Gələn saylarımızda Azər Ağayevin hüquq-mühafizə orqanlarında bel bağladığı şəxsin kimliyi haqda şok faktları açıqlayacağıq. Bizi izləməyə davam edin.
Qarşı tərəfin də fikirlərini dinləyə, münasibətini dərc edə bilərik. /Gundelik Bakı/
1623 dəfə oxundu