YAP-dan asılı müxalifət kimə lazımdır? günün gerçəkliyi

Azərbaycan növbəti parlament seçkilərinin astanasındadır. 1 noyabrda keçiriləcək seçkilərə 2 aya yaxın vaxt qalsa da siyasi arenada süstlük hökm sürür. Yəni, seçki ab-havası hiss olunmur.
Bəs nədir buna səbəb?
İddia edilir ki, buna əsas səbəb ölkə müxalifətinin gündəm yarada bilməməsi, partiyaların birinci şəxslərinin şəxsi ambisiyalarını siyasi maraqlardan üstün tutması, ana müxalifət uğrunda gedən uzun müddətli savaşın bu partiyaları gücsüz duruma salması və nəhayət müxalifət partiyalarının bir-birinin ardınca parçalanmaya məruz qalmasıdır.
Diqqət edin, ana müxalifət adına iddialı olan Müsavat Partiyası seçkidə iştirak edəcək namizədlərinin siyahısını açıqlasa belə, bu ölkədə seçki atmosferinə təsir etmədi. Dahası da var. Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun nəzarətində olan Milli Şura adlı qurumun seçkidən imtina etməsi də siyasi gündəmi dəyişə bilmədi. Bir sözlə, müxalifətin istənilən addımı siyasi sferaya ciddi təsir etmir. Bunun əksi olaraq, hakim Yeni Azərbaycan Partiyasının seçkidə iştirak edəcək namizədlərinin siyahısını hələ də açıqlamaması bütün sferalarda maraq doğurur və səbrsizliklə siyahının açıqlanması gözlənilir. Yəni, seçkidə iştirak edəcək hər bir kəs hakim partiya ilə hesablaşdığını etiraf etmiş olur.
Seçkiyə az qalmasına baxmayaraq, ölkədə seçki ab-havasının hiss olunmaması və müxalifətin gündəm yarada bilməməsinin səbəbləri ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu suallarımızı cavablandırıb. Politoloq hesab edir ki, vaxt az olsa da ölkədə seçki ab-havası yoxdur: “Ölkədə sükut hökm sürür. Canlanma yoxdur. Bəzi siyasi blok və partiyalar öz namizədlərini müəyyənləşdirsə də sükutu poza bilmir. Ölkənin əsas partiyası, hakim Yeni Azərbaycan Partiyası isə hələ seçkidə iştirak edəcək namizədlərini açıqlamayıb. Bir çox partiya isə YAP-ın namizədlərinə görə, öz taktika və strategiyasını müəyyənləşdirir. Yəni, hər kəs YAP-ın namizəd siyahısını gözləyir”.
E. Şahinoğlu təəssüflə qeyd edib ki, ölkənin müxalif partiyaları siyasi proseslərdə müstəqil hərəkət edə bilmir. “Hesab edirəm ki, hakim Yeni Azərbaycan Partiyasının atdığı addımlarına baxaraq hərəkət etmək düzgün siyasət deyil. Gündəm yaratmaq, ideya ortaya atmaq baxımından Azərbaycan müxalifət çox passivdir. Yəni, ancaq sosial şəbəkədə, virtual məkanda aktiv olmaq yetərli deyil. Müxalifət yeni ideyalar ortaya atmalıdır, onun ətrafında müzakirələr, Azərbaycanda baş verən hadisələrlə bağlı dəyirmi masalar, seminarlar, konfranslar təşkil etməlidir. Məsələn, müxalifət partiyalarını liderləri manatın durumu, neftin qiymətinin aşağı düşməsi fonunda ölkənin atacağı addımlarla bağlı öz fikirlərini bildirə, mətbuat konfransları keçirə bilərdilər. Ancaq, bütün istiqamətdə oluduğu kimi burada da passivlik var. Halbuki, belə mövzuların gündəmə gətirilməsi, müzakirələr açılmasının da seçkinin nəticələrinə təsiri ola bilər”.
Politoloq Azərbaycan müxalifətinin gündəm yarada bilməməsini onların enerjilərinin azalması ilə əlaqələndirib: “Bu gün müxalifətin sıraları xeyli daralıb. Xeyli insan müxalifətin uğursuzluğunu görərək, oradan uzaqlaşıb, şəxsi həyatını qurmaq qənaətinə gəlib. Bunun obyektiv və subyektiv səbəbləri var. Bu insanlarla düzgün iş qurulsaydı, itkilər az olardı. Bununla belə bütün bunlar ona rəvac verməməlidir ki, müxalifət partiyalarının liderləri gündəm yarada biləcək mövzuları ortaya atıb insanları fəallaşdırmamalıdır. Əgər müxalifət narazı elektoratın səsinə ümidlidirsə, onlarla işləməlidirlər.
Məsələn, Türkiyədə namizəd seçicilərlə bir-bir görüşür, ünsiyyətdə olur. Bu Azərbaycanda da mümkündür. Bəzən müxalifət partiyalarının liderləri gileylənirlər ki, onları rayonlarda görüşlər təşkil etməyə qoymurlar. Hesab edirəm ki, müxalifət partiyaları bu səddi də aşmağı bacarmalıdır. Yalnız, virtual məkan vasitəsi ilə insanlarla ünsiyyətdə olmağın proseslərə təsir imkanları yoxdur”. Politoloqun da dediyi kimi, müxalifətin düşdüyü durum narazı tərəfin üzləşdiyi ardıcıl seçki fiaskosunun nəticəsidir. Bu baxımdan müxalifətin seçkidə uğur qazanması real görünmür.
“Onlar milli satqınlardır...”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, müxalifət YAP-ın namizəd siyahısının açıqlanmamasından narahatdır. “Heç şübhəsiz ki, mən müxalifətin Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin siyahısının açıqlamamasına görə narahatçılığını başa düşürəm. Hər bir partiya namizədlərini elan etsə də biz gündəlik dairələrlə, yerli təşkilatlarla, seçki qərargahları ilə əlaqə saxlayırıq. Çalışırıq ki, müəyyənləşdirək görək kimlər dairə seçki komissiyasına müraciət edib və onlar hansı partiyalardır və s. Onlar gözləmə mövqeyi tuturlar ki, hansı dairədən YAP-ın hansı namizədi irəli sürüləcək. Bunda sonra da ola bilsin ki, onlar öz dairələrində dəyişikliklər etsinlər. Bu şəxslər çalışacaqlar ki, zəif nöqtə axtarsınlar və nöqtədən namizəd irəli sürüb Milli Məclisdə yer qazanmaq uğrunda mübarizə aparsınlar.
Ümumilikdə götürəndə parlament seçkiləri ilə bağlı həm ictimai-siyasi mühit sağlamdır, həm qanunvericilik bazası var, həm də seçkilərə hazırlıq prosesi tam normal qaydada gedir. Azərbaycanda olan ictimai-siyasi təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, bütün təbəqədən olan insanlar seçkilərdə iştirak etməsi ilə bağlı bəyanat veriblər. Artıq onların müəyyən hissəsi dairələrə müraciət etməyə başlayıb. Yerdə qalan bir neçə qurum isə sosial bazası, elektoratı olmayan siyasi təşkilatlardır. Bəllidir ki, onlar milli satqınlardır. "Milli Şura" adlı bu qurum dairələrin heç birindən namizəd irəli sürə bilmədiklərindən və bu gün tənəzzül dövrü yaşadıqlarından bu prosesdə iştirak etmirlər. Qeydiyyatdan keçən siyasi təşkilatların demək olar ki, əksəriyyəti seçki prosesində iştirak edir”.\\azvision.az
340 dəfə oxundu