Təhsil Nazirliyində tikinti layihələri müəmması

Musa Məmmədov gördüyü işlər barədə niyə ictimaiyyətə hesabat vermir?
Sabiq nazir Misir Mərdanov tutduğu vəzifədən azad ediləndən sonra təhsil sistemində və Təhsil Nazirliyinin strukturunda çox şey dəyişdi. Təbii ki, yaxşı mənada. Keçmiş nazirin komandasında təmsil olunan bəzi şəxslərin işdən çıxarılması bu sahədə uzun müddət mövcud olmuş korrupsiya hallarının qarşısını qismən almış oldu. Mikayıl Cabbarov nazir keçəndən sonra isə Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində Əsaslı Tikinti və Təchizat İdarəsi yaradıldı.
Beləcə, nazirliyin xətti ilə aparılan tikinti işlərinin demək olar ki, hamısı məhz bu idarənin səlahiyyətlərinə keçdi. Öz komandasını formalaşdırmağı bacaran yeni nazir idarə rəisi postuna Musa Məmmədovu təyin etdi. Qeyd edək ki, ölkə mətbuatında təhsil sahəsində aparılan tikinti işləri zamanı yol verilən yeyintilərlə bağlı indiyə qədər çoxsaylı məlumatlar yayılıb. Nə qədər qəribə səslənsə də, Əsaslı Tikinti və Təchizat İdarəsi yaradıldıqdan sonra da bu yönümlü xəbərlər səngiməyib. Bildiyiniz kimi, son illər ölkədə təhsil sisteminin inkişafı ilə bağlı bir sıra önəmli proqramlar reallaşdırılıb. Belə ki, təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar verən mühüm dövlət proqramları qəbul edilib. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşir, təhsil alanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yaxşılaşdırılması və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Amma bütün bunlara baxmayaraq, hələ də sözügedən sahədə bir sıra problemlər var. Apardığımız araşdırmalar göstərir ki, 2015-ci ildə təhsil xərcləri üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur ki, 2014-cü illə müqayisədə bu il 57.7 milyon manat və ya 3,5 faiz, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 273,5 milyon manat və ya 19,0 faiz çox vəsait ayrılıb. Qeyd edək ki, təhsil sisteminin informasiyalaşdırılması üçün 18,8 milyon manat, ümumtəhsil məktəblərində şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi üçün isə 8,5 milyon manat, təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün 13,1 milyon manat vəsait ayrılıb. Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilən işlərin yetərli hissəsində qanunsuzluğa yol verildiyi deyilir. Məlumatlı mənbənin bildirdiyinə görə, sözügedən idarə təmirə ehtiyacı olmayan təhsil müəssisələrini belə siyahıya salaraq ciddi maliyyə itkisinə zəmin yaradır: "Məktəb binasına texniki baxış keçirilərkən onun təmirə ehtiyacının olması mövcud tikinti normalarına əsasən müəyyən edilir. Texniki baxış zamanı məktəb binasının bərpa-gücləndirməyə ehtiyacının olması, qəzalı vəziyyəti barədə vizual baxışla müəyyən edilməsi mümkün olmayan hallar aşkarlanarsa, bu barədə müvafiq qurumlara müraciət olunmaqla ekspert rəyi alınmalıdır. Əksər hallarda idarə rəhbərliyi mövcud qanunlara riayət etmədən iş görür. İndiyədək məktəblərin tikintisi və əsaslı təmiri zamanı kifayət qədər ciddi problemlər aşkarlanıb. Bir neçə il öncə Baş Prokurorluğun Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar üzə çıxarıldı. Həmin vaxt Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə sabiq nazir Misir Mərdanovun yaxın qohumu Allahverdi Dəmirov rəhbərlik edirdi. Baş Prokurorluğun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib.
İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Nazirliyin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib". Deyilənə görə, idarə rəisi dəyişəndən sonra məktəb tikintisində müəmmalı tender prosesi, tenderin keçirilməməsi, layihə smeta sənədlərinin hazırlanmaması, ən nəhayət qiymətlərin şişirdilməsi, əlavə vəsaitlərin ayrılması, layihələrin gecikdirilməsi adi hala çevrilib: "Bütün bunlar isə korrupsiya hüquq pozmalarına gətirib çıxarır. Musa Məmmədovun Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi vəzifəsinə gətirilməsindən sonra sadalanan qanunsuzluqların baş vermədiyini demək çətindir. Əslində, vaxtilə bu səlahiyyətin Təhsil Nazirliyindən alınması məhz korrupsiya faktı ilə bağlı olub. Sonradan Mikayıl Cabbarovun səyi ilə tikinti işləri nazirliyə qaytarılıb". Təmir-tikinti işləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin idarə tərəfindən qapalı şəkildə xərcləndiyini deyən məlumatlı şəxsin sözlərinə görə, problemlərdən biri də məktəblərin qısa zamanda tikilməsidir: "Yay tətili ərzində məktəbi inşa edib başa çatdırırlar. Təmir-tikinti zamanı keyfiyyət unudulur. Necə gəldi təmir olunan məktəblərdə qısa müddətdən sonra fəsadlar meydana gəlir". Araşdırmalara görə, məktəbləri tikən şirkətlərin seçimi və tenderlerin keçirilməsi ilə də bağlı çox ciddi problemlər var:
"Bu sahədə büdcə xərcləmələri ilə bağlı şəffaflıq yoxdur. "Satınalmalar haqqında" Qanunda birmənalı qeyd olunur ki, əgər büdcə vəsaitləri hesabına görülən işin qiyməti 50 min manatı keçirsə, açıq tender keçirilməlidir. Açıq tenderin də şərtləri var. Elan verilməlidir, iddiaçıların sayı üçdən az olmamalıdır. Tender elanında işin həcmi haqda dəqiq məlumatlar çap olunmalıdır. Açıq tender satınalmaların başqa növləri ilə müqayisədə şəffaflığa daha yüksək təminat verir. Amma görünən odur ki, Azərbaycanda orta məktəblərin tikilməsində, təmirində açıq tenderlərə üstünlük verilmir. Arqument də gətirirlər ki, bu iş tələsik görülməlidir. Qanunvericilikdəki problem odur ki, orada icra hakimiyyətlərinin satınalmaları müəyyən hallarda başqa üsullarla da keçirə biləcəyi qeyd olunur.
Təhsil Nazirliyi də bundan maksimum istifadə edir. İşin tələsik görülməli olduğu tutarlı arqument deyil. Bu əsas vermir ki, büdcə vəsaitlərini talan etmək üçün açıq tenderə gedilməsin. Bunun yolları tapılmalıdır. Bir problem də odur ki, açıq tender keçiriləndə işləri eyni şirkətlər görür. Yaxud bir neçə şirkət var ki, bazarda yalnız onlar oyunçu qismində çıxış edirlər". Əldə etdiyimiz başqa bir məlumata görə, Təhsil Nazirliyi məktəb tikintisi və təmiri layihələri üzrə ayrıca hesabat açıqlamır. Belə ki, qurumun illik hesabatlarına bu proqramlar və onların icrası ilə bağlı məlumatlar daxil edilmir, geniş məlumat verilmir, informasiya sorğuları vaxtında və detallı cavablandırılmır. Bu isə idarə rəisi Musa Məmmədovun fəaliyyətindəki qaranlıq məqamlardan xəbər verir. Əgər idarənin gördüyü işlərdə şəffaflıq ön planda olsaydı, onda heç nədən çəkinmədən cəmiyyətə lazımi hesabatı təqdim edərdilər. Deyilənə görə, bəzi hallarda layihələrlə bağlı Təhsil Nazirliyinin verdiyi rəsmi məlumatlar reallığı əks etdirmir və ya rayon təhsil şöbələri, podratçılar və məktəb rəhbərliklərinin məlumatları ilə üst-üstə düşmür. Araşdırmalar zamanı o da məlum oldu ki, Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən aparılan təmir-tikinti işlərinin smeta dəyəri dəfələrlə şişirdilir. Maraqlıdır ki, beynəlxalq donorların ölkəmizdə tikdiyi eyni ölçülü məktəb binaları daha ucuz başa gəlir.
Məsələn, 2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Xəzər rayonunun Yeni Qala qəsəbəsində 20 siniflik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəb tikib. Həmin məktəb 300 min dollara başa gəlib. Bir sinif otağına çəkilən xərc 15 min dollar, bir şagirdə düşən xərc isə 750 dollar təşkil edib. Təhsil Nazirliyinin büdcənin pulu ilə tikdiyi təxminən eyni ölçülü məktəb isə 1.5 milyon manata başa gəlib. Göründüyü kimi, Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilən layihələrdə şəffaflığın olması şübhəlidir. Qiymətlər dəfələrlə şişirdilir ki, nəticədə külli miqdarda büdcə vəsaiti bir qrup şəxsin cibinə gedir. Fikrimizcə, təmir işlərinin yenidən nazirliyə qaytarılması, ümumiyyətlə Musa Məmmədovun bura rəis təyin edilməsi doğru addım deyildi. 2015-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı da bu məsələyə toxunulub.
Millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycanda infrastruktur, tikinti layihələrini həyata keçirmək üçün özəl şirkətlər yaradılmalıdır və onlar məktəb binalarını, yaxud digər obyektləri tikmək üçün rəqabət şəraitində mübarizə aparmalıdırlar. Onun sözlərinə görə, Təhsil Nazirliyi məktəb binasının tikintisinə görə məsuliyyəti öz üzərinə götürməli deyil: "Nazirlik tikinti layihələrindən uzaqlaşdırılmalıdır. Ya bunu özəl şirkətlər həyata keçirməli, ya da tikinti nazirlikləri yaradılmalıdır. Təhsil Nazirliyinin tikinti nəyinə lazımdır?! Məktəb binaları tikilir, onların davamlılıq müddəti 50 il nəzərdə tutulsa da, 3-5 ildən sonra həmin məktəblər əsaslı təmirə dayanır. Düşünürəm ki, bununla bağlı problemlər nəzərə alınıb araşdırılmalıdır".
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik. /Gun-Bakı/
1807 dəfə oxundu