Ağstafa Mərkəzi Xəstəxanasının baş həkimi iş yerlərini 3-5 min manata "satır"- Pulsuz verilməli dərmanlar isə...

Ağstafa Mərkəzi Xəstəxanasının baş həkimi iş yerlərini 3-5 min manata "satır"-
Ağstafa Mərkəzi Xəstəxanasının baş həkimi iş yerlərini 3-5 min manata "satır"- Pulsuz verilməli dərmanlar isə...-Qazi şikayət edir.

Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu Aprel döyüşlərinin iştirakçısıdır.

Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhəti ilə əlaqədar 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan kömək olmasa, həyatda varlığı belə sual altında qalar.

V.Sadıqov dəfələrlə ona əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Sonuncu dəfə 2021-ci ilin 14 sentyabrında Qazax Rayon Mərkəzi Xəstəxanasında keçdiyi müayinənin nəticələri Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Şikayətçi bildirir ki, hər dəfə ona müxtəlif bəhanələrlə cavab verməkdən yayınıblar. Müalicə üçün M.Mirqasımov adına 1 saylı Respublika Kliniki Xəstəxanasına göndəriblər: «Orada 7 gün yatdım, şöbə müdiri Sevda Məmmədova və 1-ci mərtəbədə oturan direktor məndən əlillik dərəcəsi təyin olunmasına müvafiq diaqnoz təsdiqləmək üçün 500 manat istədilər. Mənim isə onlara verməyə pulum yoxdur. Bunlar əlil adama dərəcə təyin etmək əvəzinə, üstəlik, zəlil edirlər».

V.Sadıqovun sözlərinə görə, Ağstafadan onun kimi və hətta səhhəti daha pis olan, amma pensiya almaq imkanından məhrum edilən qazilər az deyil: «Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Arzu Tofiq oğlunun pensiyası da kəsilib. Arzu 4-cü mərhələ onkoloji xəstədir. Oğlunun biri hərbi xidmətdədir, digər iki övladı azyaşlıdır. Axırıncı dəfə dost-tanış bir araya gəlib ona qan veriblər. Bunlar belə etməklə nə fikirləşirlər? Biz beynəlxalq məhkəməyəmi müraciət edək, öz hökumətimizəmi qarşı çıxaq. Uğrunda vuruşub canımızı qoyduğumuz ölkəni gözdənmi salaq? Axı qürurumuz buna yol vermir!»

Şikayətçi həmçinin bildirir ki, deputat Günay Ağayevaya da köməkçisi vasitəsilə problemi barədə məlumat verib. İndi isə üzünü Prezidentə, Ali Baş Komandan İlham Əliyevə tutub kömək istəyir. KİV-dən xahiş edir ki, onun problemini ictimailəşdirib aidiyyəti qurumlara çatdırsınlar. V.Sadıqov onu da qeyd edir ki, son 5 ildə Ağstafa rayon Mərkəzi Xəstəxanasına 3 baş həkim təyin olunsa da, müsbətə doğru heç nə dəyişməyib.

V.Sadıqovun problemi artıq “Dəryaz” qəzetində və bir sıra digər KİV-də ictimailəşdirilib. Bu günlərdə Vüsal “Dəryaz” qəzeti redaksiyasına növbəti dəfə müraciət edərək, hal-hazırda xəstə yatdığı Ağstafa rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin sanitar qovşağındakı bərbad, iyrənc vəziyyəti əks etdirən video-material təqdim edib. Onun sözlərinə görə, tibbi personala iradını bildirsə də, onlar etiraf ediblər ki, rəhbərliyə bu barədə məlumat veriblər, amma xeyri olmayıb. Qazi bildirir ki, xəstəxanada mühafizəçilər üçün vakant yerlərə müharibə iştirakçıları olan gənclər sırasından xeyli iddiaçı namizəd olsa da, başı rüşvətə qarışan baş həkim həmin ştatları 3 – 5 min manata başqalarına satır. Həmçinin qeyd edib ki, dövlətin səhiyyə müəssisələrinə pulsuz verdiyi dərmanlar xəstələrə pulla satılır, apteklərə paylanır.

Burada xatırlatmağa dəyər ki, iki ay əvvəl – 2021-ci ilin noyabrında Yevlax Rayon Xəstəxanasının tualetindən çəkiliş edən şəxslə bağlı həmin tibb müəssisəsinin baş həkimi polisə şikayət etmişdi. Həmin şəxs yerli polisə çağrılaraq izahat alınıb. Özünü videonu çəkən şəxsin bacısı kimi təqdim edən şəxs sosial şəbəkədə yazmışdı ki, oktyabrın 11-də qardaşı Yevlax Rayon Polis Şöbəsinə çağırılıb və həkimdən üzr istəməsi tələb edilib: “Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”. DİN-nin Mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev həmin şəxsin dediklərini təkzib etmişdi: “Həmin adamın təzyiqə məruz qalması barədə deyilənlər uydurmadır. Nə telefonu alınıb, nə də pul tələb olunub. Ümumiyyətlə, belə şey olmayıb”. Görək, qazi Vüsal Sadıqovun tualetdən çəkdiyi videoya hökumətin reaksiyası necə olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...