Ordubadın icra başçısı üçün əsl “əşrəfi-məxluqat” – heyvanlardır, insan isə çörək yeməsə də olar
“Ordubad rayonu Düylün kəndinin 200 hektara yaxın taxıl zəmiləri susuzluqdan məhv olmaq üzrədir”.
Ovqat.com-un xəbər verir ki, bu məlumatı Düylün kənd sakini Elsəvər Ali özünün facebook səhifəsində paylaşıb.
Statusunda taxılın strateji məhsul olduğunu xatıladan müəllif bildirib ki, “Ukrayna və Rusiyadakı vəziyyəti nəzərə aldıqda bu il dövlət qurumları taxıla daha diqqətli yanaşmalıdırlar”.
“Ümid edirik ki taxıl zəmiləri tam məhv olmamış bu məsələ rayon rəhbərliyi tərəfindən öz həllini tapacaq”, – Elsəvər Ali yazıb.
Cəmi 700 sakini olan Düylün kəndinin 5 şəhid, 20 qazisi ilə qəhrəmanlar diyarı olduğunu xatırladan müəllif Ordubadın icra hakimiyyətindən kömək gözlədiyini də gizlətməyib: “Düylün kəndinin sakini kimi Ordubad rayon icra başçısı Elşad müəllimdən bu məsələdə bizə köməklik etməsini xahiş edirəm”.
Elsəvər Alinin iddalarının nə qədər əsaslı olduğunu araşdırmaq üçün tanıdığımız Ordubad sakinləri ilə əlaqə saxladıq. Mənbələrimiz də bu faktı təsdiqlədilər və eyni vəziyyətin təkcə Düylündə deyil, rayonun digər kəndlərində də mövcud olduğunu bildirdilər. Bildirildiyinə görə, 2013-cü ildən Ordubada rəhbərlik edən Elşad Novruz oğlu Məmmədovun aqrar sektora öz yanaşması var. “O, rayonda taxılçılıqdansa heyvandarlığın inkişaf etdirilməsinə can yandırır. Aqrar sektora bu yanaşmasının nəticəsidir ki, həftənin 4 günü otlaqların, 3 günü isə taxıl zəmilərinin suvarılmasına qərar verib. Üstəlik, otlaqlar bütün 4 gün sutka boyu, zəmilər isə 3 gün yalnız gündüzlər suvarılır. Bu səbəbdən də rayonda taxılçılıqla məşğul olan insanlar su sarıdan əziyyət çəkirlər”, – mənbəmiz bildirib.
Mənbələrimizin fikrincə, ilin bu fəslində otlaqların suvarılmasına daha çox üstünlük verilməsi Ordubad icra başçısının kəşfidir. Çünki yeri gələndə otlaqların suvarılmasını bir qədər gecikdirmək mümkündür. Taxılın isə indi suvarılmaması bərpaolunmaz problemlərin yaranmasına gətirib çıxara bilər: “Üstəlik, kənd sakininin də dediyi kimi, taxıl strateji məhsuldur və onun qayğısına qalmaq aqrar sektorla məşğul olan rayon rəhbərliyinin 1 nömrəli vəzifəsi olmalıdır. Kim Elşad Məmmədovun yerinə olsa, tam tərsini edərdi. Yəni 4 gün sərasər taxıl zəmilərinə, 3 gün isə yalnız gündüzlər otlaqlara su verərdi. Görünür, icra başçısının bizim bilmədiyimiz ayrı maraqları var ki, otlaqları birinci sıraya qoyub”.
KTN-dəki Naxçıvan “xan”ından qorxub adını çəkilməsini istəməyən bir başqa mənbəmiz də bu mülahizə ilə razılaşır. Onun dediyinə görə, taxıl bitkilərinin vegetasiya (cücərmə) dövrü var və zəmilər də həmin vaxt suvarılmalıdır. “Payızlıq taxıl əkinlərinin vegetasiya suvarmalarının vaxtında və keyfiyyətli keçirilməsi yüksək məhsul alınmasını təmin edən əsas amillərdən biridir. Çünki payızlıq taxıl bitkiləri böyüyüb inkişaf etdikcə onların suya tələbatı artır. Bu tələbat bitkilərin kollanma, sünbülləmə və dəndolma fazalarında daha çox olur. İndi isə taxılın ən çox su tələb edən dəndolma mərhələsidir. Əgər indi ona su verilməsə dənlər lazımi səviyyədə böyüməz, məhsuldarlıq azalar”.
Qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 3 gün əvvəl yaydığı məlumata görə, Azərbaycanın materik hissəsində taxıl sahələrinin birinci suvarılma prosesi artıq tamamlanmaq üzrədir.
“Ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri 511 min hektar təşkil edir. Bunun da 508 min hektara yaxını birinci suvarma suyu ilə təmin edilib, yerdə qalan 3 min hektar sahə isə bu və ya digər iqlim şəraiti ilə bağlı ərazilər olub ki, su tələbi olmayıb. Hazırda vegetasiya suvarılma davam edir, 210 min hektar ərazidə taxılın vegetasiya suvarılması davam etdirilir”, – “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev mətbuata açıqlamasında deyib.
Ordubadda isə taxılçılar hələ də otların nə zaman suya doyacağını gözləyirlər. Görünür, rayonun icra başçısı Elşad Məmmədov üçün ot yeyən heyvanlar taxıl yeyən insandan daha dəyərlidir. Yəni əsl əşrəfi-məxluqat – insan yox, heyvandır. Niyə belə fikirləşir? Yaxın günlərdə bu müəmmaya aydınlıq gətirməyə çalışacağıq.
Epiloq əvəzi
Ordubadın icra başçısının nəzərində niyə 1 qoyun 3 insandan daha dəyərlidir – Elşad Məmmədov teoremi
Riyaziyyatdan savadım istənilən səviyyədə deyil. Uzağı, 5-ci, 6-cı sinif səviyyəsində riyaziyyat elminə vaqifəm. Yəni, adi hesablama qaydalarını bilirəm. Loqarifmadadan, tangens-kotangens kimi nəsnələrdən soruşsanız, qabağınızda gözümü döyərəm. Amma Azərbaycan inkişaf baxımından elə mən qədər olduğundan bu ölkədə mən də çulumu sudan çıxarıram. Odur ki, bəzi məsələləri bildiyim riyazi qaydalarla hesablayıb yekun nəticəyə gəlirəm.
Elşad Məmmədov Yaponiyanın ölkəmizdəki səfirinə öz teoremini başa salır
Ordubaddan bu gün aldığım xəbərləri bildiyim riyazi üsullarla hesablayıb bəzi nəticələr ortaya çıxarmışam. Gəldiyim qənaətlərə görə, Ordubadda bir inək və ya quzu təxminən 3 insandan daha dəyərlidir. Niyə? Gəlin, bərabər hesablayaq.
Ordubadlıların dediklərinə görə, rayonun icra başçısı Elşad Məmmədov öz əyan-əşrəfinə tapşırıb ki, həftənin 4 günü otlaqlara, 3 günü isə taxıl zəmilərinə su verilsin. Üstəlik, otlaqlar həftənin 4 günü sərasər, yəni sutka boyu suvarılır. Taxıl zəmiləri isə 3 gün yalnız gündüzlər su görə bilirlər.
Sutka tam olaraq 1 gecə və 1 gündüzə bölündüyünə görə, onu “2” hesab etsək, onda tək gündüz, yaxud gecə “1”-ə bərabər olur. Nəticədə belə bir riyazı ifadələr ortaya çıxır:
Gündüz = g
Sutka = s
S = 2G
Suyun həftə ərzində sahələrə verilmə nisbətini hesablasaq, belə bir nəticə hasil olar.
Otlaq = 4s = 4g x 2 = 8g
Taxıl = 3g.
İndisə taxılı kimin, otu nəyin yediyinə diqqət yetirək. Məlum olduğu kimi, taxılı əsasən insan, otu isə qoyun-quzu yeyir. Deməli Ordubad İcra başçısı öz inayət zənbilindən qoyuna, inəyə, camışa 8 pay, insana isə 3 pay ayırır. 8 isə 3-dən hardasa 3 dəfə böyükdür. Gəlinən yekun nəticə belədir: Ordubadın icra başçısının nəzərində 10 kq.-lıq 1 quzu 80-100 kq.-lıq bir insandan 3 dəfə qiymətlidir.
Bəs, adına Elşad Məmmədov teoremi deyə biləcəyimiz bu yanaşma hansı məntiqdən doğur? Yəni Ordubadda niyə 1 qoyun bu qədər dəyərlidir?
Ordubaddakı qaynaqlarımızın verdiyi məlumata görə, rayondakı heyvandarlıq fermalarının 90%-i Elşad Məmmədova aiddir. İndi aydın oldu Elşad Məmmədovun heyvansevərliyinin əsl müəmması?
Bu cür Elşad Məmmədov teoremlərinin yaranmaması üçün Qərb ölkələri icra başçıları başda olmaqla bütün məmurlara bizneslə məşğul olmağı qadağan edir. Əks halda ölkədə hərtərəfli inkişaf dayanar, ABŞ da, Almaniya da, Fransa da Naxçıvan MR kimi başqasından aldığı dotasiya ilə başını fırladar.
1923 dəfə oxundu