Fərid Qayıbovun “islahatları” neçə ailəni çörəksuz qoyub? Gənclər və İdman Nazirliyindən total şikayət

Fərid Qayıbovun “islahatları” neçə ailəni çörəksuz qoyub?
Azad Rəhimov çörək verdi, onlar əllərindən aldı...

Bu ilin 26 iyulunda gənclər və idman nazirliyinin yaradılmasından 28 il ötdü. İlk dönəmdə turizm sahəsi də bura daxil idi. Hər şey gözəl qurulmuş, arxadan əsən rüzgarla istiqamət götürülmüşdü. Siftə uğur az olsa da, tədricən çoxalmağa və əhatəsini genişləndirməyə başlamışdı. Azad Rəhimovun dövründə isə, yüksələn xətlə davam etdi və Azərbaycan idmanı elə duruma gəldi ki, fəth edilməyən zirvə qalmadı. Amma uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli getmək ondan da mürəkkəbdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq toxumu gizlədir. 2021-ci ilin 30 aprelində Azad Rəhimovun dünyasını erkən dəyişməsi ilə nazirliyin üzərinə qara buludlar çökməyə başladı.

Həmin ilin sentyabrında Fərid Qayıbovun nazir təyin olunması heç nəyi dəyişmədi. Noyabr-dekabr aylarında idman üzrə müavin İsmayıl İsmayılov və idman şöbəsinin müdiri Fərid Mansurov vəzifələrindən uzaqlaşdırıldıqdan sonra, qara buludlar qorxulu kabus kimi Azərbaycan idmanını vəsvəsəyə saldı: bu idman xadimlərinin yerlərini müvafiq olaraq Mariana Vasilyevanın ilə Elnur Məmmədov tutdular. Beləliklə, 1994-cü ildən vətəndaşlara açıq olan qapılar, onların üzünə bağlandı. Özü də bərk-bərk. Durum o həddə çatdı ki, ortaq katibə qəbul otağında tanımadığı şəxs görəndə (zatən idman aləmində heç kəsi tanımır), duruxsunmağa, dərhal nazirliyə necə daxil olduğunu soruşmağa başladı.

Yeni rəhbərlik öncə təqaüd yaşı çatan mütəxəssisləri – sektor müdiri Cəbrayıl Həsənov, aparıcı məsləhətçi Firudin Paşayev, seleksiyaçılar Əhəd Əliyev və Fəxrəddin İsmayılovu səssiz-səmirsiz yola saldı. Baş məsləhətçi Tofiq Eyvazovun 65 yaşı bu ilin martında tamam olsa da, keçmiş fəaliyyəti, özəlliklə indikilərə canla-başla xidmətə görə iyulda işi ilə vidalaşdı. Çünki həmin ayda onun nazirliklə çalışmasının 20 ili tamam olurdu və belədə ona yüksək pensiya düşürdü.

Respublika atçılıq və müasir beşnövçülük üzrə İOEUGİ Məktəbi Kərim Zamanov, Respublika şahmat mərkəzi Məcid Əfəndiyev dətəqaüdə göndərildi.

İxtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatları futbol məktəbinin qocaman direktoru Kazbek Tuayevi də yola salmaq istəsələr də, bacarmadılar. Gəzən söz-söhbətə görə, AFFA-nın icraiyyə komitəsinin üzvü şəxsi əlaqəsindən istifadə edərək ölkə başçısı İlham Əliyevə gileylənib və açıq-aşkar nazirliyə deyib ki, vəzifəsini təhvil vermək niyyətində deyil.

Bolqarıstanlı məmur təqaüdçülərdən üzülüşəndən sonra, keçmiş komandaya bağlılığı olan mərd və bacarıqlı kadrları sıxmağa, xoşuna gəlməyənləri müxtəlif təzyiqlə işdən çıxarmağa başladı. Seleksiya üzrə baş mütəxəssis Nicat Məhəmmədli ilə silsiləvi və oyun idman növləri sektorunun aparıcı məsləhətçisi Pərvin Mehdiyev onun ilk “qurbanlar”ından oldular. Adı son çəkilən kiçik dövlət müşaviri çox savadlı, işini bilən və sözünü deyənlərdən idi. O, böyük ehtimalla, Azad Rəhimovun xatirəsinə şahmat yarışının təşkilatçısı olduğu üçün “vuruldu”.

Digəri Fərid Mansirovun köməkçisi idi. Elə bu üzdən o işini itirdi. Yeri gəlmişkən, Nicat Füzuli rayonundandır, Gecəgözdü kəndindən. Ailəliklə məcbiri köçkündürlər. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 2-ci Vətən müharibəsində torpaqlarımızı azad etdi. 2020-ci ilin noyabrın 20-dən sonra qaçqınların doğma yurd həsrəti bitdi. 2-ci Qarabağ savaşına qədər də dövlət daim onların arxasında dayandı: çətinlik çəkməmələri üçün xeyli imtiyaz verdi. Budurmu ümummilli lider Heydər Əliyevlə onun layiqli davamçısı İlham Əliyevin işinə verilən dəstək?

Onların hər ikisi ailəlidir. Digər yerlərdə çalışmalarına da süni əngəl yaradılır. İşsizlik nə olduğunu yaxşı bilirəm. Onları bu günə qoyanlar, bir gün özləri həmin vəziyyətə düşəcəklərini göz önünə gətiriblərmi? 22 ildir müntəzəm nazirliyə gedib-gəlmişəm (gənclər təşkilatı, tələbə dövrü ilə 27 il). Kimlərə övlad, kimlərəsə qardaş sayılmışam. Əbədi heç nə yoxdur. Bu gün ordadırlar, sabah olmaya bilərlər. Hər şeyin sonu olur, amma son ona layiq şəkildə olmalıdır. Ədalətsiz qərarlar isə, istər-istəməz adama təsir edir.

Milli olimpiya komitəsinin ilk prezidenti, yunan-Roma güləşində ilk və yeganə 3-qat dünya çempionu Məhyəddin Allahverdiyev, ağırlıqqaldırmada 4 yay olimpiya oyunlarında hakimlər dəstəsində yer almış Vahid Nəzərov, güləş növündə 3 dəfə yay olimpiya oyunları referisi Hicran Şərifov və digər 50 nəfər də nazirlikdə işlərini itiriblər. İyulda ay Bakı-2015 ilk Avropa oyunlarında 44-günlük Məşəl festivalında rəhbərlərdən olan kadrlar və regionlarla iş şöbəsinin müdiri Asif Quliyevə dəqapını göstəriblər. Hansı səbəbdən? Yəqin ki, yerişi xoşlarına gəlməyib.

Adı çəkilən şəxslərin hansı səbəbə GİN-dən uzaqlaşdırıması indiyədək qaranlıq qalıb, açıqlanmır. Əgər rüşvət və ya dövlət maliyyəsini mənimsəmə varsa, bu cinayətdir. Məsələ qaldırılmalıdır. Bu baş vermirsə, demək onlar barəsində belə məlumatlar şayiədir, qəsdən xüsusu öyrədlmiş adamlar vasitəsi ilə yayılır.

Gülməli (gerçəkdə ağlamalı) məqam isə, nazirlikdə idman şöbəsində təkmilləşməyə başlanılması və onun kənardan, ASAN xidmətdən gələn birisinə həvalə olunmasıdır. Dünənə qədər nazirliyin qapısını tanımayanlar necə gəlib idmandan dərs keçə bilər? Barı, həmin təqaüdçülərdən, nazirlikdə adları gedən seleksiyaçıların gerçəkdən işə cəlb edərək, onların təcrübələrindən yararlanıb sonra birdəfəlik göndərərdiz.

İdman şöbəsində sturukturun funksional vəzifə fəaliyyətinə daxil olan sektorlar, onların rəhbər şəxslərinin və digərlərinin səlahiyyətləri əllərindən alınaraq, heç bir təcrübəsi olmayan dövlət qulluğunda bircə gündə çalışmayan şəxslərə səlahiyyət verməklə, gələcəyimizə qaranlıq səhifə açırlar. Mariana Vasilyeva 27 ildir nazirlikdə çalışan Rəna Ağayeva da yola saldı. O, çox üzüyola, sakit birisidir və aztəminatlıdır. Hansı səbəbə göndərildi? Çünki İsmayıl İsmayılovla Fərid Mansurovun katibəsi idi. Baxışı xoşuna gəlmirdi. Bu qadın ərsizdir. Tək oğlu var, daim müalicə alır. Onu öncə 1-ci mərtəbəyə, dəhlizə göndərdilər. Qadın narazı olandan sonra, idman akademiyasına “sürgün” etdilər.

Yeri gəlmişkən, o, mühafizənin də hamısını dəyişdirdi. Əvvəlkilər uzun müddət orada çalışırdılar. Əksəri rayonlu idi. Daha bir neçə ailədə evin kişisi işsiz qaldı. Nə vecinə, öz bolqarıstanlıları deyil ki. Qəribəsi odur ki, gimnastika federasiyasında nazirliyə keçənlər oradan gəldiklərini təsdiq etmirlər. Halbuki bununla fəxr duymalıdırlar.

İsmayıl İsmayılova bağı olan seleksiya üzrə baş məsləhətçi Aygün Fəttayevanınməzuniyyətdən dönməyəcəyi gözlənilirdi. Sevindirici haldır ki, bu baş verməyib. Hər halda, onun fəxri adların hazırlaması səlahiyyəti əlindən alınıb. Digər bir seleksiyaçıya (qayınatası Azad Rəhimovun qohumudur) eşitdiriblər ki, şəxsi Feysbuk profilində mərhum nazirin şəklini özünkü ilə dəyişsin. O da işini itirməmək üçün bunu edib. Nazirlikdə hər kəs narahatdır, basqı altındadırlar. İnsanlar sabah yeganə ümid yerləri olan işlərini itirəcəklərindən qorxurlar. O üzdən çoxunun adını qeyd etməyərək, onları çətin durumda qoymaq istəmirəm. Onsuz da yersiz sənədləşmələrdən, kağız-kuğuzla əlləşməkdən beziblər.

Çox hörmətli Mariana xanım dövlət vəzifəsinə keçən günün sabahsı türk (Azərbaycan) dilini mükəmməl öyrənmək əvəzinə, nəinki idarədə çalışanları, nazirliyin tabeçiliyində olan idman məktəblərinin rəhbərlərini də bir-bir dənləməyə başladı. Respublika olimpiya velosiped məktəbinin sabiq direktoru Faiq Qurbanov vəRespublika olimpiya ehtiyatları liseyinin keçmiş direktor müavini Vitali Rəhimov bacarıqlı kadrlardan sayılırdı. Onlar barəsində heç zaman idman ictimaiyyətində mənfi fikir söylənilməyib. Velotrekin qapısı heç bir haqq ödənilmədən daim həvəskarların üzünə açıq olub. Güləş üzrə olimpiya mükafatçısına gəlincə, idmançı kimi çox çətinliklər görüb. Bunu yaşayan birisi heç vaxt başqasına zülm etməz.

Guya bu dəyişikliklərlə nə dəyişir? Bakı idman sarayının əvvəlki direktoru Cəlalət Kazımovanın dönəmində də soyuq aylarda yarışın keçirildiyi yer isti, dəhlizi soyuq idi. Ondan sonra təyin olunan Əli Əsgərovda da eyni vəziyyət. Bu sahədən anlayışı olanlar yaxşı bilirlər ki, idman birdən-birə istidən soyuğa və ya soyuqdan isti mühitə düşməyi sevmir. Başqa bir misal: Respublika olimpiya mərkəzində (manej) rəhbər dəyişikliyindən sonra da öncə durum necə idisə, elə də qalıb. Yəni, tək orada istiqamət üzrə atletika məşqləri keçirilmir. Əminəm ki, Bakı su idman sarayında da durum eynidir. Sabah (şərti) Tofiq Bəhramov adına respublika stadionuna yeni təyin olunacaq direktorun dönəmində də vəziyyət dəyişməyəcək. Niyə düzəlmir və düzəlməyəcək? Çünki vakant vəzifə elanı adı altında öncədən hazırlanmış ssenari üzrə təcrübəsiz tanışlar idman sahəsində vəzifələrə təyinat alırlar. Yayılan xəbərə görə, qeyri-azərbaycanlı nazir müavininin göstərişi ilə yeni kadr işlərinə Fidan Rüstəmli və Mehman Ramazanov baxırlar. Yeri gəlmişkən, adı çəkilən xanın bu günlərdə aparatın rəhbəri Rüfət Həsənovu əvəzləyib. O, uzun illər idi ki, nazirlikdə çalışırdı və Azad Rəhimovun yaxın kadrlarından sayılırdı.

Respublika şahmat mərkəzinin başına kimin keçəcəyini ictimaiyyət bilmir. Bu klubun böyük yarış zalının azı 2 kondisionerə ehtiyacı var. İsti aylarda şahmatçılar burada oynamağa çətinlik çəkir. Yaxşı olar ki, idman zallarına baxış keçirilərkən, bir ora da zəhmət çəkilsin. Uzaq yerdə deyil, şəhərin düz göbəyində, Azərbaycan prospektində yerləşir. Ölkəni məşhur edən az-saylı idman növlərindən biri də şahmatdır. Ölkə başçısı İlham Əliyevin şahmatın inkişafına dair dövlət proqramı var. Onun indi nazirlik tərəfindən necə icra olunduğu göz qabağındadır.

Respublika yüksək idman ustalığı məktəbinin direktoru Cəfər Hümbətov ilə,Su idman növləri üzrə respublika yüksək idman ustalığı məktəbinin rəhbəri Pirəli Rəhimovun da bir qulağı səsdədir. Bir sözlə, Azad Rəhimova rəhmət oxuyanların sayı günü-gündən artır. Bu sıraya ötən ayın əvvəlində kunq-fu üzrə mütəxəssis Anar Süleymanlı da qoşulub. “Reaksiya” TV-də qonaq olan qadın millisinin baş məşqçisi bolqar nazir müavinini tənqid atəşinə tutaraq, “biz telefon deyilik ki, səssizə alıb bir kənara atasınız” paylaşımını edib. Bəli, yenə narazılıq, yenə eyni şəxsdən və yenə eyni mövzuda. Mariana Vasilyeva xoşuna gəlməyən azərbaycanlı mütəxəssisləri, jurnalistləri, idmançılarını və məşqçilərini, idman xadimlərini qəbul etmir – halbuki onun qəbul günləri var və bu üçün nazirliyin görüş otağın ərizə yazdırtdırılar – hamıya eyni sözlə, “işim çoxdur, vaxtım yoxdur, sizi şöbə müdiri Elnur Məmmədov dinləyə bilər” cavabını verir. Yəni, insanlar onun qədər anlamır ki, lazım gəlsə, elə idman şöbəsinin müdiri ilə birbaşa əlaqə saxlayıb görüşərlər, daha niyə bundan ötrü nazir müavinin qəbuluna yazılırlar. Demək, hamı bilir ki, nazirlikdə hər şeyi həll edən odur.(allsport)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...