Bakıda Birinci Milli BMT Modeli Konfransının açılışı olub

Bakıda Birinci Milli BMT Modeli Konfransının açılışı olub


Bu gün Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı çərçivəsində Birinci Milli BMT Modeli Konfransının (MilliMUN) açılışı olub. APA-nın xəbərinə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Ercan Murat və diplomatik korpusun nümayəndələri iştirak edib.

Rəhimov bildirib ki, Azərbaycanda ilk Milli BMT Modeli Konfransının (MilliMUN) keçirilməsi böyük uğurdur. O qeyd edib ki, Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması barədə” imzalanan layihə çərçivəsində təşkil olunub. Nazirin sözlərinə görə, Azərbaycanın hazırda ən böyük prioritetlərdən biri gənclərin təhsili və inkişafı ilə bağlı layihələrin dəstəklənməsi, onların dövlət müəssisələrində layiqli təmsil olunmasıdır. A. Rəhimov bildirib ki, konfransın gedişi zamanı iştirakçılar Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılacaq.

E. Murat isə qeyd edib ki, BMT və Azərbaycanın müvafiq qurumları arasında gənclər siyasəti ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Onun sözlərinə görə, BMT-nin Davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi təkcə hökumətlərin deyil, həm də ictimaiyyətin məsuliyyəti olmalıdır.

Ə. Qarayev isə nazirliklə BMT-nin qurumları arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb: “Azərbaycan bir sıra komitələrə üzv olması və sıx əməkdaşlıq nəticəsində Qobustan və İçərişəhər dünya mədəni irsinə daxil edilib. Bu isə o deməkdir ki, istənilən müharibələr zamanı bu ərazilərin toxunulmaz qalması təmin ediləcək”.

Nazir qeyd edib ki, martın 4-də Azərbaycan turizm sahəsində mühüm tədbirə ev sahibliyi edəcək. Tədbir çərçivəsində qonaqlar ölkəmizin turizm imkanlarını nəzərdən keçirəcək və müvafiq tövsiyələrini verəcəklər.

M. Cabbarov isə bildirib ki, müasir dünya BMT-nin əvvəlkindən daha effetiv fəaliyyət göstərməsini tələb edir. O qeyd edib ki, MilliMUN kimi innovativ layihələrdə iştirak komanda işi, təşəbbüskarlıq kimi xüsusiyyətlərin inkişafına yardım edəcək.

Qeyd edək ki, 20-23 fevral 2016-cı il tarixində keçiriləcək Birinci Milli BMT Modeli Konfransında (MilliMUN) 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350-dən çox gənc diplomat qismində iştirak edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...