İstanbulun Topqapı Sarayında Nəsiminin qəzəlləri tapıldı

İstanbulun Topqapı Sarayında Nəsiminin qəzəlləri tapıldı


AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əlyazmaların elmi ekspozisiyası və təqdimatı şöbəsinin müdiri Nigar Babaxanlı İstanbulun Topqapı Sarayı Muzeyində saxlanılan eksponatlar üzərində araşdırma aparıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, N. Babaxanlı Fateh albomundakı miniatür sənəti və xəttatlıq nümunələrini nəzərdən keçirib. Bu əsərlərin müəllifləri arasında Sultan Əli Yəqubi, Əbdürrəhim Xarəzmi, Şeyx Mahmud Hərəvi, Ustaq Məhəmməd Siyahqələmin adlarına rast gəlmək mümkündür. Məlumatda bildirilir ki, xəttatlar Şeyx Kəmaləddin İsfahani, Əbdürrəhman Cami və böyük Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərini yüksək sənətkarlıqla köçürüblər. Naməlum xəttat Nəsiminin qəzəllərini gözəl nəstəliq xətti ilə yazıb.

Qeyd etmək lazımdır ki, orta əsrlərdə Yaxın və Orta Şərqdə tərtib edilmiş albomlarda Nəsiminin qəzəllərinə indiyə qədər rast gəlinməyib. Bu səbəbdən də Fateh albomundakı tapıntı böyük maraq kəsb edir. Albomun səhifələrindən birinin sağ tərəfində iki dərvişin boyalı miniatür rəsmi çəkilib. Onlardan biri əlində əsa tutub. Dərvişlər öz aralarında söhbət edirlər. Bu rəsmin altına Nəsiminin iki qəzəli köçürülüb. Onlardan 7 beytdən ibarət birincisi tam, 3 beytdən ibarət ikincisi natamamdır. Görünür, səhifədə ikinci qəzələ yer çatmadığından onu sonadək köçürmək mümkün olmayıb.

Birinci qəzəl “Ey xətün, rəngi üzarun çün bəqəm qatında nil, Ol cəmalun zikridir zikrüm, zehi zikri-cəmil” beyti ilə başlanır. Şairin əsərlərinin Bakı nəşrlərində bu beyt “Ey rüxün, rəngi-üzarın çün bəqəm qatında nil, Ol cəmalın vəsfidir fikrim, zehi-fikri-cəmil” kimi gedib. Cəmi üç beyti köçürülmüş ikinci qəzəl isə belə başlanır: “Susadum vəslünə, ey çeşmeyi-heyvan, bəri gil, Yaxma bəhrün daməni minca gil, ey can, bəri gil”.

Bakı nəşrlərində həmin qəzəl 10 beytdən ibarətdir və Bakı nəşrləri ilə müqayisədə hər iki qəzəldə bir sıra nüsxə fərqləri diqqəti cəlb edir. Qeyd edək ki, araşdırma AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu və İstanbulun Topqapı Sarayı Muzeyi ilə əldə edilən razılığa əsasən baş tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...