Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Ölkənin lider mobil operatoru Azercell Telekom-un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni maraqlı layihələr həyata keçirməkdə davam edir.

Oktyabrın 21-də Barama Mərkəzi bu dəfə ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu məqsədlə təşkil olunan mərasimdə çıxış edən Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, bu yeni əməkdaşlıq Universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, Barama mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Fəaliyyət göstərdiyi 19 il ərzində Azercell Telekom MMC-nin Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verdiyini söyləyən şirkət prezidenti Azercell-in bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirdiyini vurğulayıb.

BDU-nun rektor Abel Məhərrəmov da bu memorandumun Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verəcəyinə və tələbələrin Azercell və Barama təcrübəsindən faydalanacağına inandığını bildirib.

2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə də əməkdaşlıq edir. Xatırladaq ki, bir müddət öncə ölkənin ən iri banklarından biri olan PAŞA Bank da Barama Mərkəzi çərçivəsində ölkədə gənc sahibkarlara dəstək olmaq məqsədi ilə Azercel-lə əməkdaşlıq etməyə başlamışdı.
Məlumat üçün bildirək ki, fəaliyyətdə olduğu müddət ərzində ölkədə peşəkar jurnalist kadrlarının inkişaf etdirilməsinə öz töhfəsini vermiş Azərbaycanın lider mobil operatoru Azercell Telekom ötən ilin may ayında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün peşə təlimi təşkil edib. Təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq miqyaslı jurnalist Den Meyson iştirak edirdi.
Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Azərbaycanın ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1052 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...