Zığ şosesi bağlandı: sakinlər yollarda qaldı...

Zığ şosesi bağlandı: sakinlər yollarda qaldı...


Zığ şosesində yolların təmir- bərpa işlərinin aparılması həmin ərazidə yaşayan sakinləri yolsuz qoyub. "Nargilə" kafesi kimi tanınan ərazidən başlayaraq Məhəmməd Hadi küçəsinə qədər uzanan təmir-bərpa işləri nəqliyyatın hərəkətini iflic edib. “Həzi Aslanov” metrostansiyasından Zığ şosesi istiqamətində işləyən marşrutlar yollarını dəyişərək alternativ yollardan istifadə edirlər. Bu dəyişikliklərdən xəbərdar olmayan sərnişinlər isə yolun yarısında tanımadıqları ünvanlarda düşüb mənzil başına çatmağa çalışırlar. Bu da təbii ki, sərnişinlərin narazılığına səbəb olur.

Musavat.com-un əməkdaşı Zığ şosesində təmir-bərpa işləri aparılan əraziyə baş çəkib və oradakı vəziyyətlə maraqlanıb. "Nargilə" kafesi kimi tanınan ərazidə taksi fəaliyyəti göstərən sürücü Seyfəddin Qasımov bildirib ki, 2 aya yaxındır təmir işləri bitmək bilmir: " Yolların bağlanması bizim də büdcəmizə təsir edir. Əvvəl "Nargilə" kafesinin ətrafında dayanacaqlar var idi. Sərnişin bolluğu olurdu. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən başlanan təmir işləri bitmək bilmir ki, bilmir. 1 aydan çoxdur ki, yolları beton sədlərlə bağlayıblar. Marşrutların, taksi sürücülərinin yolu uzanıb. Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi əsas magistral yol bağlanıb. “Həzi Aslanov” metrostansiyasından gələn 57, 95, 12, 51 və başqa marşrutlar hərəkət istiqamətini dəyişib. Tez-tez tıxac yaranır".

Dayanacaqlarda avtobus gözləyən sərnişinlər də bildiriblər ki, bərpa işlərinin aparılması onları yollarda qoyub: " 1 ay olar ki, marşrutların intervalında gecikmə var. 30-35 dəqiqədir ki, 57 nömrəli avtobusu gözləyirik. Əvvəllər “Həzi Aslanov” metrostansiyasından Zığ şosesi istiqamətinə 8-10 dəqiqəyə gedirdiksə, indi 20-25 dəqiqəyə getməli oluruq. “Xətai” metrostansiyası istiqamətində işləyən marşrutlarda da gecikmə var".

Yaxınlıqdakı yaşayış binasının sakinləri də deyirlər ki, yolların bağlanması həmin ətrafda olan məktəb, xəstəxana, bağça, kafelərə gediş-gəlişi çətinləşdirib: " Həzi Aslanov” metrostansiyası və ya şəhər istiqamətində getmək üçün "Naxçıvanski" dairəsinə gedib əks istiqamətdə qayıtmalıyıq və ya piyada dəqiqələrlə yol getməliyik. Bu isə kifayət qədər vaxtımızı alır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...