Qarabağdakı xunta bitdi: Bəs Paşinyanın aqibəti necə olacaq?
"Qarabağdakı xunta bitdi, Paşinyanı isə Qərb qoruyacaq”.
Bunu Qaynarinfo-ya politoloq Natiq Miri son proseslər fonunda Ermənistan baş naziri Nikol Paşinyanı və Qarabağdakı qondarma xunta rejimini hansı aqibət gözləyir sualına cavab vərərkən deyib.
Natiq Miri qeyd edib ki, Qarabağdakı xunta rejiminin aqibəti bəllidir. Onların qollarına qandal taxılacaq:
"Bir neçə il bundan öncə İspaniyanın Kataloniya ərazisində rəsmi şəxslərin əlinə qandal taxaraq separatizm ittihamı ilə həbsə atdılar. Azərbaycan da İspaniyadan əskik dövlət deyil. Separatizm cinayət əməlidir. Ona görə də separatizm Avropada nədirsə, Azərbaycanda da o olmalıdır. Beynəlxalq hüquqda selektiv yanaşma yoxdur. Bu mənada Qarabağ xuntasının artıq aqibəti bəllidir. Onların fəaliyyəti bitdi. Qarabağın xunta rejimi qanunsuz erməni silahlı dəstələrilə birgə dirəniş göstərsə, onları ümumiyyətlə sağ götürməyə də ehtiyac yoxdur”.
Ermənistanın rəhbəri Paşinyanın gələcək fəaliyyəti ilə bağlı danışan politoloq bildirib ki, bu hələlik qeyri-müəyyəndir:
"Qarabağ klanı”nın lideri Koçaryanın başçılığı ilə Paşinyanın istefasını tələb etmək üçün xalqı küçələrə çağırıblar. Ancaq Koçaryanın nüfuzu bu gün Ermənistan cəmiyyətində sabun köpüyündən başqa bir şey deyil. İrəvanda etiraz edənlərin sayı azdır".
Paşinyan hərbi əməliyyat başlayandan sonra ermənilərə etdiyi müraciəti də şərh edən Natiq Miri bildirib ki, Ermənistan prosesə hərbi müdaxilə etməyəcək:
"Baş nazir bunu Ermənistanın suverenliyini qorumaq üçün deyib. Hər kəs bilməlidir ki, Azərbaycan ərazisi olan Qarabağda yaşayan ermənilərdən ötrü bir hökumət başçısı dövlətini təhlükəyə ata bilməz. Çünki Ermənistan ordusunun prosesə müdaxiləsi adekvat olaraq Azərbaycan Ordusunun cavabı ilə məhdudlaşmayacaq. Əgər bu baş versə, Azərbaycan Ordusu rahatlıqla Naxçıvanla yolu açacaq. Paşinyan isə yuxarıda səsləndirdiyi cümlə ilə ermənilərə elə bir qorxu hissi aşıladı ki, bundan sonra insanların kütləvi olaraq küçəyə çıxıb baş naziri devirmək istəyəcəklərini düşünmürəm. Çünki onun alternativi yoxdur. Ermənistana xoş gələcək vəd edə bilən güclü siyasi fiqur və güc mərkəzi mövcud deyil. Paşinyanı isə Qərb dəstəkləyir. ABŞ və Avropanın xüsusi xidmət orqanları Ermənistanda bütün küçələrə nəzarət edir. Doğrudur, artıq Rusiya da hücuma keçib. Düşünürlər ki, antiterror əməliyyatı fonunda Paşinyanı devirmək üçün münbit zaman yetişib. Bütün hallarda Qərb Paşinyan hakimiyyətini qoruya biləcək”.
Qeyd edək ki, Azərbaycan Ordusunun erməni təxribatlarına son qoymaq üçün başladığı uğurlu lokal əməliyyatlar fonunda Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyalarına start verilib.
371 dəfə oxundu