Ölkədə 5200 nəfər rəsmən zərərçəkmiş kimi tanınıb

Ölkədə 5200 nəfər rəsmən zərərçəkmiş kimi tanınıb
“Ölkədə daşınmaz əmlakların alqı-satqısı müxtəlif formalarda aparılır. Çıxarışlı mənzillərin alqı-satqısı notarial qaydada olur. Yeni tikilən binalardakı müqaviləli mənzillərin satışı tikinti şirkətlərinin rəhbərləri tərəfindən icra edilir. Sənədi yəni, çıxarışı olmayan daşınmaz əmlakların isə satış prosesi tam fərqlidir. Sənədsiz həyat evlərini bələdiyyə sərəncamları ilə belə almaq və satmaq mümkün deyil. Bu sahədə çox ciddi problemlər var”.

Bunu TNS-ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, təkcə Bakı və Abşeron ərazisində 100 minlərlə insan çıxarış ala bilməyib. Belə mənzilləri vətəndaşlar daha çox etibarnamə yoluyla satırlar: “Vətəndaşlar bəzən kommunal xidmətlərə aid olan sayğacların addan adda keçirilməsi ilə alqı-satqını bitmiş hesab edirlər. Çıxarışı olmayan mənzillərlə bağlı hər zaman problemlər olub, gələcəkdə də olacaq”.

Ekspert tikinti şirkətlərinin eyni mənzili bir neçə nəfər satması faktlarının çoxluğuna diqqət çəkib: “Statistikaya görə, 5200 nəfərdən artıq vətəndaş belə işlər üzrə rəsmən zərərçəkmiş kimi tanınıb. Buraya vətəndaşlara mənzillərin təhvil verilməməsi, onların aldadılaraq vaxtın uzadılması və digər problemlər də daxildir. Artıq yeni tikilən binalarla bağlı qaydalar dəyişilib. 2018-ci ildən bütün tikintilərlə bağlı sərəncam vermək hüququ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə daxildir. Demək olar ki, 2018-ci ildən sonra tikilən binalarda problem yaşanmır.

Hazırda pilot layihələrlə inşa olunan binalar çoxalmaqdadır. Pilot layihələrdə əsasən köhnə tikililər sökülür, yerində yeni, müasir binalar inşa edilir”.

Ekspert qeyd edib ki, bu sahədə bəzi problemlər yaşanmaqdadır. Belə ki, vətəndaşlar yeni tikililərdən mənzil alarkən binanın keyfiyyəti ilə bağlı hansısa dövlət orqanından dəqiq məlumat əldə edə bilmir. Yalnız mənzillərin sənədləri haqda məlumat ala bilir.

“Vətəndaşlar yeni binalardan mənzil alarkən mütləq şəkildə mülki işləri kifayət qədər yaxşı bilən hüquqşünaslara və ya peşəkar əmlak ekspertlərinə müraciət etməlidirlər. Onların vasitəsilə binanı inşa edən MTK-nın keçmişi və real vəziyyəti ilə bağlı konkret məlumat əldə edilməlidir. Ümumilikdə bazar araşdırması çox əhəmiyyətlidir. Həyət evlərini adətən vətəndaşlar etibarnamə ilə əldə edirlər. Bu yanaşma da çox yanlışdır. Çıxarışı olmayan fərdi həyət evlərinin 50 faizindən çoxu sadəcə notarius vasitəsilə etibarnamə yoluyla satılır. Etibarnamə verən şəxs vəfat etdikdə etibarnamə qüvvədən düşür. Vətəndaşlar anlamalıdır ki, sərəncamla satılan evlər nə zamansa özəlləşə bilər. Bu zaman həmin evlər etibarnamə yolu ilə alan şəxslərə deyil, sərəncamla kimə məxsusdursa, həmin şəxsə aid olur", - deyə ekspert vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...