Bu il Azərbaycanda ləğv olunan qurumlar (SİYAHI)
Yeni ilə sayılı günlər qalıb. Bu il də dünyada və ölkəmizdə bir sıra hadisələr baş verib.
Azərbaycanda 2023-cü ildə bir neçə dövlət qurumu və vəzifələr tamamilə ləğv edilib, bəzi qurumlar isə birləşdirilib.
Bizim.Media məsələ ilə bağlı araşdırmasını təqdim edir:
Prezidentin 27 oktyabr fərmanı ilə Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub. Ləğv haqqında qərara qədər nazirin birinci müavini və dörd müavini vəzifəsi mövcud idi.
Birinci müavin vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, yeni qərarla nazirin 3 müavini müəyyən edilib.
Daha bir birinci müavin vəzifəsinin ləğvi isə Fövqəladə Hallar Nazirliyində (FHN) qeydə alınıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətində rəisin birinci müavini vəzifəsi ləğv edilib.
2022-ci ildə rəhbər dəyişikliyilə yadda qalan Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında bir sıra vəzifələr, qurumun institutlarında baş direktor və icraçı direktor vəzifəsi ləğv edilib. AMEA-nın prezidenti İsa Həbibbəylinin sözlərinə görə, direktorların seçki müddəti başa çatdıqdan sonra yeni rəhbər baş direktor və icraçı direktor kimi deyil, direktor kimi seçiləcək.
Ölkə Prezidentinin digər fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib. Bu, qurumun Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.
Bu il həm də Naxçıvan Muxtar Respublikasında daha çox dəyişiklik olub. Naxçıvanda Dövlət Baytarlıq Xidməti ləğv edilib. Həmin xidmət Naxçıvam Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Bundan əlavə üç qurum - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, "Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Elmin İnkişafı Fondu ləğv edilib.
Həmçinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra idarələri ləğv edilib.
Nazirliyin ləğv edilən qurumları sırasına Ekologiya və Təbii Sərvətlər Hidrometrologiya İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sədərək Rayon Su Monitorinq Laboratoriyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıq Mühafizə Stansiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat İdarəsi aiddir.
Qurumlarla yanaşı bəzi bankların da fəaliyyəti sonlandırılıb. Bu il ölkədə Mərkəzi Bank tərəfindən iki bank bağlanıb. Lisenziyası ləğv edilən banklar arasında "Günay Bank” ASC və "Muğan Bank” ASC yer alıb. Hər iki bankın bağlanmasına səbəb müflis olmalarıdır.
389 dəfə oxundu