“Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər nələrdən keçirdilər”

“Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər nələrdən keçirdilər”
“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda öz meydanında “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. “Neftçi”yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. “Neftçi” kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım.

- Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşılaşacaqsız. Rəqib haqda nə deyə bilərsiniz?

- Çox maraqlanmadım. Bu gün fikrim “Neftçi” ilə oyunda idi. Çox az məlumat topladım. Potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına ciddi vəzifə qoyub. Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ qarşıda 1-2 ay vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək.

- Həftəiçi tarixi qələbədən sonra “Neftçi” istisna olmaqla bütün klublar “Qarabağ”ı sosial şəbəkə hesabında təbrik etdi. Bu, sizin üçün xüsusi motivasiya oldu?

- Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm.

- Növbəti oyunun nəticəsindən asılı olmayaraq fasiləyə qış çempionu kimi gedirsiz. Cəmiyyətdə belə fikir formalaşıb ki, “Qarabağ” və digərləri... Bu haqda fikriniz necədir?

- Özümüzü digərlərindən ayırmaq istəmərik. Çünki Azərbyacan futbolundakı birlik üçün bu turnir keçirilir. Sadəcə, bu gün biz uğurluyuq. Sabah başqası ola bilər. Belə fikirlərin olmasını istəmərəm. Bu düşüncə ancaq bizə mane ola bilər. Çempionatın əvvəlində, ikinci dövrənin başlanğıcında böyük xal itkiləri oldu. Daha da məsuliyyətli olmalıyıq.

- “Braqa” ilə ilk görüşü səfərdə oynayacaqsız. Bu, üstünlükdür?
Ətraflı

- Tam ətraflı danışa bilmərəm. Çünki rəqibi yaxından tanımırıq. Sadəcə bilirik ki, həmişə avrokuboklarda qəliz rəqiblərdən olub. Portuqaliyadakı komandalar həmişə böyük rezonans doğurur. Keyfiyyətli iş prinsipləri var. Portuqaliya bazarından Avropaya xeyli sayda futbolçu gedir. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Hər bir halda, bu, böyük rəqiblərə o qədər də təsir etmir. Konkret fikir bildirə bilməyəcəm. Çalışacağıq ki, ən düzünü edək.

- Kevin Medina “Braqa” ilə oyuna hazır olacaq? Hazır olmayacaqsa, həmin mövqeyə transfer edəcəksiz?

- Fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra bəlkə dörd ay çəkdi. Transferə gəlincə, desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma mentaliteti, oyunu bizə uyğun futbolçu olsa, “yox” demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə futbolçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, dəyərləndirəcəyik. Olmasa, belə davam edəcəyik.

- Növbəti oyununuz Xankəndidə MOİK-ə qarşıdır...Təəssüratlarınız necədir?

- Çox xoş. Səbrsizliklə bu oyunu gözləyirik. Allah qoysa, hər şey qaydasında olar. Məncə, təəssüratlarımı oyundan sonra daha çox bildirə biləcəm. Hər bir halda, bu oyuna çox ciddi hazırlaşacağıq. İstəyərik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.

- Qəribə və xoş təsadüfdür ki, “Qarabağ” Xankəndidə ordu təmsilçisi ilə oynayacaq....

- Oyundan sonra fikir bildirsəm, daha yaxşı olar. Çox da danışmaq istəmirəm. Məncə, belə də olmalıdır. Ordumuza nə qədər təşəkkür etsəm, azdır. Şəhidlərimizə nə qədər rəhmət desək, yenə azdır. Qazilərimizə nə qədər dua etsək, azdır. Onlar bizdən çox yuxarıdadırlar. Heç kimin düşünmədiyi, ağlına gəlməyən bir qalibiyyət əldə olunub. Başda ölkə başçısı olmaqla, inamla, güvənlə, mərdcəsinə qələbə qazanmışıq. Bəzi oyunlar olub ki, qələbəni dişinlə, dırnağınla çıxarırsan. Bunun ləzzəti başqadır. Xalqımızın birlikdə olması tarixdir. Əvəzolunmazdır. Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər, nələrdən keçirdilər. Əsgərlərimiz, ordumuz həmişə bizdən yuxarıdadır. Allah ordumuzu, xalqımızı qorusun.

- Yutub platformasında “Qarabağ” – “Neftçi” matçını 15 min adam izləyirdi.. Onları necə stadiona cəlb edək?

- Hər oyunda belədir. Gələcəklər. Ediləsi bir şey yoxdur. Yutubdan baxanlar da bizim azarkeşlərdir. Yaxın adamlarım var, deyirlər ki, efirdən baxanda daha yaxşı olur. Çünki epizodlara təkrar-təkrar baxmaq istəyirlər. İnsanları məcbur edə bilmərik. Bizim azarkeşlərimiz çoxdur. Onların hər birinə təşəkkür edirəm. Şəhərdə, rayonda, kənddə olanda nə qədər insan gəlir. Futbolçularıma, kluba təşəkkür edirlər ki, uğurlar qazanırıq.

- Aleksey İsayevin “Qarabağ”a keçə biləcəyi xəbərləri yayılıb...

- Maraq ola bilər. Yerlilərdən çox futbolçuya maraq var. Bəzən elə anlar var ki, biz nə oyunçuya təklif edə bilərik, nə də rəhbərliyə. Çünki hamı yerli, yaxşı oyunçuya ehtiyac duyur. Amma Aleksey bizə təklif edilsə, “yox” demərəm. Lakin bizim ona nə ciddi təklifimiz var, nə də marağımız var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...