Hakim haqqında həbs-qətimkan tədbiri seçilmədi

Hakim haqqında həbs-qətimkan tədbiri seçilmədi
Bərdə rayon Məhkəməsinin hakimi Elsun fevralın 6-da şübhəli şəxs qismində saxlanılıb. Fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib, ancaq haqqında həbs-qətimkan tədbiri seçilməyib. Binəqədi rayon Məhkəməsi onun istintaq dövründə ev dustaqlığında qalmasına qərar verib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Azadlıq” radiosuna verilən bilgiyə görə, E.Əhmədov Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsi ilə suçlanan şəxsə yüngül cəza verməkdən ötrü onun yaxınlarından rüşvət almaqda suçlanır. Bərdə rayon Məhkəməsində baş verənlərlə bağlı gələn şikayət əsasında həm Məhkəmə-Hüquq Şurasında, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsində birgə araşdırma aparılıb.

"Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb", - Baş Prokurorluğun mətbuat xidmətinin açıqlamasıdır.

E.Əhmədov haqqında istintaq davam edir. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 311.3.-cü maddəsində 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Özünün bu ittihama münasibəti bilinmir.

Bərdə rayon Məhkəməsindən bildirilib ki, dekabrın sonunda səlahiyyət müddəti uzadılmasa da, bu ilin yanvarında E.Əhmədov hakim kimi bir sıra işlərə baxıb: "Əvvəldən icraatında olan işlər vardı, onlara baxıb və yekun qərarlar verib".

E.Əhmədov 2021-ci ilin əvvəlində Bərdə rayon Məhkəməsinin hakimi təyin edilib. Onun fəaliyyəti ilə bağlı daha öncə də mediada vətəndaşların xeyli şikayəti yayılıb.

AzPolitika.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...