DİZEL VƏ DİGƏR NEFT MƏHSULLARININ QİYMƏTİ QALXACAQ - Ekspertdən bəd xəbər

DİZEL VƏ DİGƏR NEFT MƏHSULLARININ QİYMƏTİ QALXACAQ -

“Kənd təsərrüfatı mövsümü başa çatandan sonra dizel yanacağı və digər neft məhsullarının qiymətinin bahalaşmasının şahidi olacağıq. Bu da öz növbəsində benzin və digər neft məhsullarını əsas məsrəf elementi kimi istifadə edən xidmət və istehsal sektorunda qiymətin bahalaşmasına səbəb olacaq”.

Gundeminfo.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru Qubad İbadoğlu “Amerikanınsesi”nə benzinin qiymətinin qaldırılmasının təsirlərindən danışarkən deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə bu qiymət artımının təsir imkanlarını dəyərləndirmək, eyni zamanda, təsir dərəcəsini ölçmək o qədər də asan deyil. “Çünki benzinin qiymətinin bahalaşmasından cəmi 15 gün keçib. Hesab edirəm ki, qiymət bahalaşması öz-özlüyündə üç fazada digər qiymətlərə təsir göstərmək imkanlarına malikdir. Birincisi, benzin və digər neft məhsullarının, yəni bir növ alternativ məhsulların qiymətinin bahalaşması – yəqin ki, bu hələ baş verməyib, – amma kənd təsərrüfatı mövsümü başa çatandan sonra dizel yanacağı və digər neft məhsullarının qiymətinin bahalaşmasının şahidi olacağıq”- deyə, ekspert vurğulayıb.

Q.İbadoğlu əlavə edib ki, bundan sonrakı, ikinci fazada benzin və digər neft məhsullarını əsas məsrəf elementi kimi istifadə edən xidmət və istehsal sektorunda qiymətin bahalaşması olacaq: “Yəni, bu da daha çox nəqliyyatda sərnişin, yük daşınması və digər istiqamətlərdə məsrəflərin artması, əlavə xərclərin yaranması, qiymət artmasına gətirib çıxarır. Eyni zamanda, xidmətlərin göstərilməsi, – taksi və digər məsələlərlə əlaqədar xidmətlərin göstərilməsində bahalaşma müşahidə olunur”.

Q.İbadoğlu deyib ki, əsas bahalaşmanın təsir imkanları, – bazarların qarşılıqlı fəaliyyəti qanununa əsasən, – digər bazarlarda da müşahidə edilməkdədir. Ərzaq məhsullarının, meyvə-tərəvəz məhsullarının (baxmayaraq ki, mövsüm dövrüdür) qiymətləri hələ biz gözlədiyimiz səviyyədə ucuzlaşmayıb. “Əksinə, bu ilin qiymətləri əvvəlki ilin qiymətləri ilə müqayisədə daha yüksəkdir. İnflyasiya faizinin də benzinin qiyməti bahalaşmamışdan əvvəl 13, 9 faiz olmasının (baxmayaraq ki, biz o rəqəmlə razılaşmırıq) özü də yüksək göstəricidir. Hesab edirəm ki, bu daha çox həm də ərzaq məhsullarının qiymətində maddiləşəcək”- o, qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...