Deputatlar Naxçıvan hava limanındakı rəzalətdən xəbərsizdir, yoxsa...? – TƏZADLI AÇIQLAMA

Deputatlar Naxçıvan hava limanındakı rəzalətdən xəbərsizdir, yoxsa...? –

Fazil Mustafa: “Naxçıvan sakinləri müraciət etsələlər, mən baxaram”

Fərəc Quliyev: “Bu məsələni bilmədən, öyrənmədən fikr söyləsəm, yanlış olar”

Son vaxtlar Naxçıvan Muxtar Respublikasından (MR) Bakıya gələn sərnişinlər yüklərinin vaxtında daşınmamasından narzıdır. Belə ki, hər gün Naxçıvandan Bakıya uçan təyyarələrin balıq və çay məhsulları ilə yükləndiyini deyən MR sakinlərinin sözlərinə görə, bu səbəbdən də bəzi hallarda onların yükləri növbəti reyslərlə yola salınır. Bu zaman isə, təbii olaraq vətəndaşlar həm artıq vaxt itkisinə, həm də əlavə xərcə düşür. Çünki yükünü Naxçıvanda qoyub paytaxtda gəlməyə məcbur olan sakinlərin böyük əksəriyyəti Bakı hava limanında saatlarla gözləməyə üstünlük vermir. Onlar bir neçə saat sonra yenidən Bakı hava limanına qayıdıb Naxçıvandan göndərilən yüklərini götürməli olur.

Naxçıvan sakinlərinin şikayəti ilə Hurriyyet.org saytından tanış olduğunu deyən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirdi ki, deyildiyi kimi bir problem mövcud deyil: “Məsələni araşdırmışıq, heç bir problem yoxdur”.

Maraqlıdır ki, faktiki olaraq Naxçıvan sakinləri 6 aydır bu problemlə üzləşdikləri halda, AZAL-ın rəsmisi heç bir problem olmadığını deyir. Əslində, AZAL məsələnin gizlədilməsində maraqlı ola bilər. Ona görə ki, qanunsuz olaraq sərnişin təyyarəsindən yük təyyarəsi kimi istifadə olunur. Naxçıvandan Bakıya sərnişin təyyarəsində böyük həcmdə balıq və çay məhsulları gətirilir ki, bu da yolverilməzdir və sərnişinlərin hüquqlarının pozulmasıdır. Sual olunur ki, niyə sərnişin təyyarəsində balıq və çay məhsulları gətirilir? Yük təyyarəsi yoxdur ki, bu məhsullar sərnişin təyyarəsinə yüklənir?

Sərnişinlərin öz yükləri isə başqa-başqa təyyarələrlə Bakıya gəlib çatır. Hansı ki, ona heç çatmaq da demək olmaz. Çünki elə olur ki, sərnişinlərin 2-3 bağlamasının hərəsi bir təyyarədə ayrı-ayrı vaxtlarda, bəzən də gecə saatlarında gəlib çatır. Bu da insanların əsəblərini pozur, onları Naxçıvana gedib-gəlməyə belə peşiman edir.

Naxçıvan əsilli deputat Fazil Mustafa isə bu problemdən xəbərsiz olduğunu deyir: “Yaxşı olar ki, məsələ ilə bağlı Naxçıvanın millət vəkillərinə, Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə müraciət edəsiniz. Mən məsələnin mahiyyətini bilmirəm. Ortada hansısa bir problem varsa, yəqin ki, həll yolunu tapar. Məsələnin mahiyyətinin bilmədiyimə görə, bir şey söyləməkdə çətinlik çəkirəm. Ancaq məsələ ilə bağlı Naxçıvan sakinləri müraciət etsələlər, mən baxaram”.

Naxçıvandan olan digər deputat Fərəc Quliyev isə bildirdi ki, bu məsələnin millət vəkilinə heç bir aidiyyatı yoxdur: “Mən bu məsələni indi sizdən eşidirəm. Bu məsələni bilmədən, öyrənmədən fikr söyləsəm, yalnış olar. Bunu dəqiqləşdirməyim lazımıdr”.

Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin əməkdaşı Mətanət Məmmədova isə Hurriyyet.org-a bildirdi ki, Naxçıvan sakinlərinin yükünün vaxtında gəlib çatmamasının və təyyarə ilə bağlı problem adıçəkilən quruma aid məsələ deyil: “Bu, bizim problemimiz deyil, aidiyyatı qurumlara müraciət edin”.

Redaksiyadan: Doğrusu, Naxçıvan əsilli deputatların mövcud problemə bu cür biganə reaksiya verəcəklərini gözləmirdik. Əlbəttə, şübhə etmirik ki, hər iki deputat Naxçıvan hava limanında baş verən biabırçılıqdan kifayət qədər məlumatlıdır. Ən azı ona görə ki, onların ildə iki dəfə Naxçıvan MR-ə gedib-gəldikləri istisna deyil. Belə olan halda isə, Naxçıvan hava limanında baş verən rəzaləti görməmək oradan gözüyumulu keçmək anlamına gəlir. Lakin biz düşünmürük ki, hörmətli deputatlar Haxçıvana gedib-gələndə hava limanını gözlərini qapayaraq keçirlər...

Bütün bunlar isə onu deməyə əsas verir ki, görünür, hər iki deputat Naxçıvan MR rəhbərliyinə xoş gəlməyəcəyini düşünərək, bu problemi dilə gətirməkdən ehtiyat edirlər. Halbuki, biz Hurriyyet.org olaraq bu problemə görə Naxçıvan MR rəhbərliyinin deyil, Naxçıvan hava limanının səlahiyyətli şəxslərinin məsuliyyət daşıdığını düşünürük. Üstəlik, bu biabırçılıqdan Naxçıvan MR rəhbərliyinin xəbərdar olduğunu da düşünmürük. İnanırıq ki, əks halda məsələ tez bir zamanda öz həllini tapardı. Lakin, təəssüf ki, hətta Naxçıvan əsilli deputatlar belə, buradakı rəzaləti dilə gətirməkdən ehtiyat etdiklərindən, problem günbəgün dərinləşməkdə və insanlar arasında narazılığı artırmaqdadır. Odur ki, biz bu məsələni ictimailəşdirməklə, MR rəhbərliyinin diqqətini məlum problemə yönəltməyə çalışırıq...

O ki qaldı deputatların reaksiyasına, əminliklə deyə bilərik ki, konkret olaraq Fazil Qəzənfəroğlunun “sakinlər müraciət etsələlər, mən baxaram” – fikri heç bir məntiqə sığmır. Necə olur ki, ölkə xaricindən kənarda baş verən hər bir hadisəyə operativ reaksiya verən, bunlarla bağlı sosial şəbəkələrdə çoxsaylı statuslar paylaşan və parlamentdə çıxışlar edən deputat, doğulub boya-başa çatdığı torpaqda yaşanan rəzaləti dilə gətirmək üçün kimdənsə müraciət gözləyir?! Tutaq ki, bu adam heç Naxçıvan MR-ə getmir. Bəs, Naxçıvandan olan qohumlarının xeyir-şər məclislərində də iştirak etmir ki, onların Bakıya necə çətinliklərlə gəldiyindən xəbərdar olsun?

Eyni fikri deputat Fərəc Quliyevə də aid etmək olar. Axı, öz qohum-əqrəbasının, yəni doğulduğu şəhərin, rayonun və yaxud kəndin problemlərindən xəbərsiz olan bir şəxs hansı mənəvi haqla millət vəkili statusuna iddia edə bilər?! Axı bu xalq onları uzaq Afrikadakı müsəlmanların hüquqlarını müdafiə etmək üçün seçməyib...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...