"Həmin vaxt "Qoca" maşının salonunda yox, "baqaj"ında olub"- vəkillərin çıxışı yekunlaşdı

"Həmin vaxt "Qoca" maşının salonunda yox, "baqaj"ında olub"-

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə davam etdirilən prosesdə təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova müdafiə çıxışı edib.

Vəkil bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham məhkəmə istintaq dövründə sübuta yetirilmədi.

"Bu iş cəmiyyətdə rezonans doğurur. Lakin bu işin istintaqını aparan müstəntiqlər kobud qanun pozuntalarına yol veriblər. Müdafiə etdiyim şəxsə həbs altından qaçma ittiham veriblər. Anar Əsgərov heç zaman həbsdə yatmayıb. Etibar Məmmədovu və burada oturan heç kimi tanımayıb. Hadisə günü dostu zəng edib rayona getməyi təklif edib. Anar da onunla razılaşıb. Avtomobilə minənə qədər Etibarın orada olmasından, onun kim olmasından xəbərsiz olub. Həmin vaxt Etibar da maşının salonunda yox, baqajında olub"- deyən vəkil bildirib ki, müdafiə etdiyi şəxsi saxlayarkən odlu silahla vurublar.

Müdafiəçi müvəkkilinin günahsız olduğunu söyləyib: "Anar o zaman məsələdən xəbardar olub ki, artıq polislər onları saxlayıb. Heç bir müqavimət göstərmədən avtomobildən düşüb. "Qoca" müqavimət göstərib, onu zərərsizləşdiriblər. Anar güllə yarası alıb, xəstəxanada yatıb. Heç bir cinayət əməlini də bilib gizlətməyib. Bu işdə o təqsirləndirilən deyil, zərərçəkən olmalı idi. Məhkəməyə göndərilən iş gülməlidir. Bunlar hakimləri, bizləri nə hesab edirlər? Bu iş məhkəməyə gələn gün geri qaytarılmalı idi. İşi aparan müstəntiqin özü təqsirləndirilənlərə deyib ki, "bəzi maddələr sizə düşmür, məhkəmədə götürüləcək. Müdafiə etdiyim şəxsə bəraət hökmü çıxarılmalıdır".

Məhkəmənin davamında təqsirləndirilənlərdən Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edərək, müvəkillərinə həbslə bağlı olmayan cəza verilməsini xahiş ediblər.

Dövlət ittihamçısı replika hüququndan istifadə etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 3-də davam edəcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında müğənni Fədayə Laçının 6 il, Əli Ağaminin 20 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, "Qoca"nın tanışları və ona qaçmaqda kömək edənlər - Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror Ə. Ağamiyə bu iş üzrə 11 il cəza istəyib, o qətlə təqsirləndirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Buna görə cəzalar birləşdirilməklə ona ümumi 20 il cəza istəyib.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...