“Deyirlər ki, könüllü olduğunuz üçün adınız veteran siyahısında yoxdur”

“Deyirlər ki, könüllü olduğunuz üçün adınız veteran siyahısında yoxdur”
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı qərardan sonra bir çox şəxs bu adın necə veriləcəyi ilə maraqlanır. Müharibədə iştirak etdiyini deyən bəzi qazilər son günlər sosial şəbəkələrdə məlumat paylaşaraq müharibə veteranı adını ala bilmədiyini iddia edir. Onların sözlərinə görə, səfərbərlik zamanı müharibəyə getsələr də, adları müharibə veteranlarının siyahısına salınmayıb.

Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədovun “Qafqazinfo”ya bildirdiyinə görə, özü ilə bərabər Hərbi Hava Qüvvələrində xidmət edən 200-dən çox könüllü əsgər də bu problemlə üzləşib: “Biz 200-dən çox könüllü əsgər Hərbi Hava Qüvvələrində xidmət etmişik. Müharibə müddətində ölkənin strateji obyektlərinin qorunmasını təmin etmişik. Müharibədə xidmətimizə görə heç bir medal belə almadıq. İndi də müharibədə iştirakımızla bağlı müharibə veteranı adı ala bilmirik.

Hərbi hissəyə müraciət edirik, deyirlər ki, “siz könüllü olduğunuza görə siyahıda adınız yoxdur. Döyüş gedən ərazilərdə olmamısınız”. Həmçinin bizə belə cavab verirlər ki, “hərbi hissəyə Hərbi Hava Qüvvələri Komandanlığından məktub gəlib və məktubda 12 şərt var. Ona uyğun olanlar müharibə veteranı adı alacaq”. Amma hansı şərtlərin olduğunu açıqlamırlar. Biz düşdüyümüz qoşun növünə uyğun xidmət etmişik. Bununla bağlı sənədlərimiz var, üzərinə möhür vurulub, hərbi xidmətə qəbul edilmə və tərxis tarixi aydın göstərilib. Necə ola bilər ki, bizim müharibədə iştirakımız nəzərə alınmasın?”

Qeyd olunan 12 şərt nədən ibarətdir? Kimlər müharibə veteranı adı ala bilər? Hərbi Hava Qüvvələrində xidmət edənlər, könüllü ön cəbhəyə gedənlər müharibə veteranı adı ala bilməzmi?

Bu suallarla bağlı Müdafiə Nazirliyinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Veteran adı haqqında məlum qərar var, şərtlər orada qeyd olunub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, sözügedən məsələ nazirliyin səlahiyyətində deyil. Aidiyyəti qurumlar siyahını Nazirlər Kabineti ilə razılaşdırıb “Zəfər” alt sisteminə daxil edirlər. Sistemdə adı olan müharibə veteranlarına ödəniş isə ƏƏSMN tərəfindən edilir.
“Deyirlər ki, könüllü olduğunuz üçün adınız veteran siyahısında yoxdur”

Qeyd edək ki, Nazirlər Kabinetinin müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi haqda qərarına görə, bu şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulur:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində:

1.1. hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə və ya orqanların mülki işçilərinə);

1.2. döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

2. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:

2.1. döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə;

2.2. hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə.

Qərarda həmçinin qeyd olunur ki, aidiyyəti dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Məlumat üçün bildirək ki, müharibə veteranı adı və vəsiqəsi verilmiş və adı “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından etibarən 80 manat məbləğində Prezidentin aylıq təqaüdü təyin edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...