Hüseynbala Mirələmov sükutu pozdu: "Həyat davam edir..."
Qalmaqallı videodan sonra YAP-dakı vəzifəsindən uzaqlaşdırılan sabiq deputat Hüseynbala Mirələmov Cebhe.info-ya müsahibə verib.
O, müsahibədə özü ilə bağlı sualları cavablandırıb.
- Hüseynbala müəllim, xəstə idiniz, hazırda vəziyyətiniz necədir?
- Şükür Allaha, yaxşıyam, çox sağ olun.
- Bədii əsərlər üzərində iş gedirmi? Hansı yeniliklər var?
- Bu yaxınlarda “Yurda fəda üç paşa” trilogiyasının birinci kitabı olan “Ənvər Paşa” nəşr olunub. Ötən həftə sözügedən kitabın təqdimat mərasimi keçirilib, mətbuatda yüksək səviyyədə işıqlandırılıb. Hazırda trilogiyanın ikinci kitabı - “Tələt Paşa” üzərində işləyirəm.
- Yaradıcılığınızı hansı qısa cümlə ilə ifadə edə bilərsiniz?
- Yaradıcılığımın mənası bədii axtarışların bəxş etdiyi ədəbi uğurlardadır.
- Ölkə gündəmində ən çox hansı sosial problem sizi narahat edir?
- Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində məni narahat edən sosial problemlər zaman-zaman öz müsbət həllini tapır.
- Bakıda kürəkən ana və uşaqlarını tamah məqsədilə, pula görə qətlə yetirdi. Hər kəs bu xəbərdən sarsıldı. Ziyalı kimi mövqeyiniz nədən ibarətdir?
- Əlbəttə ki, mən də sarsıldım, dəhşətli cinayətdir. Polis əməkdaşları tərəfindən intensiv axtarış-əməliyyat tədbirləri nəticəsində qısa bir zamanda saxlanılan cinayətkarın qanunlarımızda nəzərdə tutulduğu qaydada cəzalandırılacağına inanıram.
- Deputatların fəaliyyətindən razısınızmı?
- Razıyam.
- Sizcə həyat nə zaman başlayır, nə zaman bitir?
- Həyat davam edir...
- Sizcə, Azərbaycanın gəncləri bu gün xoşbəxtdirlərmi? Müşahidələriniz nə göstərir?
- Xoşbəxtlik subyektiv məfhumdur, hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Ən böyük arzum odur ki, Azərbaycan gəncləri təhsilə həyatlarının mənası kimi yanaşsınlar.
- Müsahibə üçün təşəkkür edirik!
- Çox sağ olun.
726 dəfə oxundu