Kiyevdə yataqxanada qalan azərbaycanlı tələbə: “Qida ehtiyyatları tükənib, çox dözə bilməyəcəyik” - VİDEO
“Kiyevdə olan azərbaycanlı tələbələr çıxılmaz vəziyyətdədir. Onların əksəriyyəti parkinq yerlərində qalıblar. Qida ehtiyyatları tükənib, cəmi iki çörək, iki ədəd suları qalıb”.
Bu barədə Oxu.Az-a Ukraynanın Kiyev şəhəri, Svyatoşinski Rayonunda, Mikola Uşakova 8a ünvanında yerləşən Avropa Universitetinin yataqxanasında qalan azərbaycanlı tələbə Orxan Səfərovun əmisi Tamerlan Səfərov məlumat verib.
T.Səfərovun redaksiyamıza göndərdiyi videoda Ukraynanın Kiyev şəhərində çarəsiz vəziyyətdə qalan tələbə Orxan Səfərovun müraciəti əks olunub.
Belə ki, Orxan Səfərov video mürciətdə qeyd edib ki, hazırda qaldıqları yerdən çıxmaq imkanları yoxdur:
“Biz də sözügedən yataqxanada üç nəfər – iki azərbaycanlı oğlan və bir türkmən qız tələbə qalmışıq. Bizdən başqa bir azərbaycanlı ailə də var bura yaxın ərazidə. Komendant saatı olduğundan giriş-çıxışa icazə verilmir. Cəmi 1 çörəyimiz və bir suyumuz qalıb, ərzaq tamamilə tükənib. Sabaha çatar ya çatmaz bilmirik. Komendat saatı sabah bitir, lakin uzadılıb-uzadılmayacağını da bilmirik. Soyuq zirzəmidə yatıb-dururuq. Bizim vəziyyətimiz pisdir, bombalar dünən gecə bizim qaldığımız yataqxananın yanına düşüb. Artıq dörd gündür biz bu zirzəmidə qalmışıq. Dövlətdən xahiş edirik ki, imkan daxilində bizi burdan çıxarsınlar. Artıq bura təhlükəsiz deyil. Çölə çıxa bilmirik, çıxanları vururlar. Mağazalarda çörək, qida heç nə yoxdur. Ruslar mağazaları da talan edib. Bu vəziyyətdə çox dözə bilməyəcəyik”.
658 dəfə oxundu