“Azərbaycan iqtisadiyyatı yaxşı bərpa olunub” - Çad Steynberq

“Azərbaycan iqtisadiyyatı yaxşı bərpa olunub” -
“Karbohidrogen sektorunda ciddi artım sayəsində Azərbaycan iqtisadiyyatı yaxşı bərpa olunub. Peyvəndləmə sahəsində əldə olunmuş tərəqqi buna imkan verib”.

Bunu “Report”a Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Çad Steynberq (Chad Steinberg) bildirib.

“Bununla yanaşı, 2021-ci ildə inflyasiyanın artması dünya bazarlarında ərzaq məhsullarının qiymətinin artmasını və digər amillərin, həmçinin bəzi tənzimlənən qiymətlərin korrektəsinin təsirini əks etdirib. Yəqin ki, yaxın zamanlarda inflyasiya yüksək səviyyədə qalmaqda davam edəcək.

Geosiyasi hadisələrin, risklərin və perspektivlərin qeyri-müəyyənliyi artıb. Müsbət məqam bundan ibarətdir ki, COVID-19 yoluxmalarının aşağı səviyyədə qalması proqnoz üçün risk mənbələrindən birini azaldıb”, - o deyib.

Ümumiyyətlə, BVF ölkə iqtisadiyyatının 1,7%, qeyri-neft ÜDM-in 2,5% artacağını gözləyir.

Ç.Steynberq başçılıq etdiyi BVF missiyasının fevralın 21-dən 25-dək Bakıya baş tutan səfərini də xatırladıb: “Bakıya missiya əsasən tanışlıq xarakteri daşıyırdı. Daha çox son hadisələrin, perspektivlərin risklərin müzakirəsinə yönəlmiş missiya zamanı iqtisadi siyasətin qiymətləndirməsi həyata keçirmədi. Fondun Nizamnaməsinin IV maddəsini müzakirə etmək üçün yaz və ya yay aylarında Bakıya yenidən səfər etməyi planlaşdırırıq”.

Xatırladaq ki, Ç.Steynberq 2019-cu ildən etibarən Valyuta Fondunun Azərbaycan üzrə missiyasına rəhbərlik etmiş Nataliya Tamirisanı bu vəzifədə əvəz edib.

Azərbaycan 1992-ci il sentyabrın 18-də BVF-yə qoşulub. 2006-cı ildən etibarən Azərbaycan hökuməti BVF-dən yardım almır. Əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...