Nazirlik bir aylıq şirkətə 40 min manat ayırdı – Şübhəli tender...

Nazirlik bir aylıq şirkətə 40 min manat ayırdı –
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Old Baku 90 Gorp” MMC (VÖEN-1703377651) olub.
“Old Baku 90 Gorp” MMC İnformatika və Statistika İdarəsinin sifarişi ilə bu quruma “Med stat” hesabatların online təqdim edilmə sistemi ilə bağlı keçirilən təlimatlandırma üzrə kurslarda tələb olunan malları satacaq.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün İnformatika və Statistika İdarəsi “Old Baku 90 Gorp” MMC-yə 39 min 636 manat ödəyəcək.
Qeyd edək ki, “Old Baku 90 Gorp” MMC cəmi ay yarım əvvəl – 20.07.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. İnformatika və Statistika İdarəsi müsabiqəni avqust ayının 22-də elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi bir ay əvvəl yaranıb.
Onu da bildirək ki, “Old Baku 90 Gorp” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 40 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Şahsuvar oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin müvafiq sahədə hansı təcrübəsinin ola biləcəyi başa düşülən deyil.
Maraqlı məqamlardan biri də odur ki, “Old Baku 90 Gorp” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda qısa müddət ərzində yülərlə şirkət qeydiyyata alınıb və bu şirkətlərin bəzilərinin qanuni təmsilçiləri də eyni şəxslər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...