30 ildir Qarabağdan yazan politoloqu Şuşaya niyə buraxmırlar? - AÇIQLAMA

  30 ildir Qarabağdan yazan politoloqu Şuşaya niyə buraxmırlar? -

“Müstəqil fikirlisənsə, bəzilərinin dediyini təkrarlamırsansa, bir az ehtiyatla yanaşırlar. Yəqin tənqidi fikirlərimdən ehtiyat edib, siyahıya salmaq istəmirlər. Amma yenə də dəvət oldu-olmadı, işimlə məşğulam, yazılarımı yazıram. Əsas mövzum da hər zaman olduğu kimi Qarabağa aiddir”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu fikirləri Bakupost.az -a politoloq Elxan Şahinoğlu Şuşaya gedə bilməməsilə bağlı danışarkən deyib.
E. Şahinoğlu bildirib ki, Şuşaya gedə bilməməsi bir müddət ona pis təsir etsə də, daha sonra öyrəşib:
“30 ildir mənim üçün əsas mövzu Qarabağdır. Tələbəlik illərindən proseslərin içində olmuşam. Əlbəttə, Şuşanı görmək hamının arzusudur. Sadəcə yollar hazır olsun, icazələr veriləndən sonra ailəmlə birgə təkcə Şuşanı deyil, Laçını, Kəlbəcəri də görmək arzumdur. Dəvət etməmələri əlbəttə, bir az incitdi. Düşünürdüm ki, hansısa bir qrupla gedə bilərdim. Arzumu yəqin ki, reallaşdıraram. Bəzi ekspertlərin bir qrupu Şuşaya gedib. Azərbaycanda müstəqil fikirli olmaq da çətindir. Ona görə də hökumət strukturlarını qınamıram, canları sağ olsun”.

E.Şahinoğlu qeyd edib ki, özü heç vaxt Şuşaya getmək üçün kiməsə müraciət etməyib:

"Özüm Şuşaya getmək üçün heç vaxt müraciət, yaxud kimdənsə xahiş etməmişəm. Zorla özümü hansısa siyahıya saldırmağı düşünməmişəm. Əgər mənim də hansısa qrupla Şuşaya, Laçına getməyimi istəyirlərsə, özləri adımı siyahıya sala bilərlər. Əgər görməzlikdən gəlir, adımı siyahıya salmırlarsa, artıq nəsə deməyim doğru olmaz. Bir müddət keçəndən sonra icazələr veriləcəksə, rahat getmək olar. Bəziləri avtobusla gedə biləcəyimi desə də, bildiyiniz kimi avtobus sadəcə 2-3 saat orada qalır. İnşallah, bir gün gedib hoteldə qalaram və 2-3 gün uşaqlıqda gəzdiyim yerləri rahat görərəm”.

Politoloq əslən Şuşalı olduğunu bildirib:

“Anamın atası-anası Şuşanın qədim Rəşdiyevlər nəslindəndir. Atam isə əslən Şuşanın indi işğal altında olan Malbəyli kəndindəndir. Çox təəssüf ki, hələ işğal altındandır. Malbəylidə indi ermənilər qanunsuz tikintilər aparır. Yolun solunda Xankəndi, sağ tərəfində Malbəyli kəndi yerləşir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...