Zaxarovanın Qarabağ açıqlamaları: "Kreml yeni oyunlara başlayır və..."

Zaxarovanın Qarabağ açıqlamaları:
Zaxarovanın Qarabağ açıqlamaları: "Kreml yeni oyunlara başlayır və..."
"Mariya Zaxarovanın razılaşmalarla bağlı verdiyi açıqlama daha çox Ermənistana ünvanlanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın əldə olunmuş razılaşmaların icra edilməli olduğu barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

"Ola bilsin ki, bununla Zaxarova Azərbaycana da bəzi mesajlar verir. Fikrimcə, Zaxarova ümumi formada razılaşmalara əməl etmək lazım olduğunu deyib. O geniş mənada istifadə etməklə əslində bu günə qədər olan bütün razılaşmaları nəzərdə tutur. Bura 10 noyabr razılaşması, həm də Qarabağ ermənilərilə Yevlaxda görüş razılaşması da daxildir. Həmin razılaşmalarda qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycandan çıxması məsələsi də var”, deyə Nazim Cəfərsoy bildirib.

Ekspert qeyd edib ki, Zaxarova həmin açıqlaması ilə Qarabağda yaranmış vəziyyətlə bağlı günahı daha çox Paşinyanda görür:


"Razılaşmalar əslində bugünkü mövcud vəziyyəti də ortaya qoyur. Zaxarova demək istəyir ki, vəziyyətin mövcud şəkildə olması razılaşmalara əməl etməməklə bağlıdır. Burada da o, Qarabağdakı vəziyyətə görə günahı daha çox Paşinyanda görür. Rusiya XİN-i Brüssel formatı əsasında Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından İrəvana qarşı bir ittiham kimi istifadə edir. Bildirir ki, məhz tanınma bölgədə köklü şəkildə vəziyyəti dəyişdirib".

Ekspert vurğulayıb ki, Zaxarova proseslərlə bağlı erməni tərəfinin ittihamlarını Paşinyan üzərindən cavablayaraq, onu ittiham edib:

"Rusiyalı diplomat ona işarə edib ki, nəticənin əldə edilməməsinə Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması mane olub. Amma reallıqda bunun belə olmadığını düşünürəm. Rusiya zaman-zaman Azərbaycan məsələsilə bağlı neqativ addımlara yol versə də, heç zaman Qarabağı Azərbaycanın ərazi bütövlüyün parçası kimi görməkdən vaz keçməyib. Bunu zaman-zaman dilə gətirib. 44 günlük müharibə dövründə də Putin bəyan etmişdi ki, Qarabağ Azərbayan ərazisidir. Ancaq Zaxarova Ermənistan hökumətinin bunu qəbul etdiyini deməklə, ermənilərə demək istəyir ki, buna görə də Moskva artıq heç nə edə bilmir”.

Həmsöhbətimiz vurğulayıb ki, Paşinyan isə bunun günahını Rusiyada görməyə çalışır.

"O, iddia edir ki, Rusiya sülhməramlıları Azərbaycanın atdığı addımlara qarşı çıxmır. Bir növ oyun gedir. Əslində, belə proses yeni deyil, iki ildir davam edir. Ermənistan Rusiyanı ittiham edir. Amma onun dozasının effektivliyi son iki ildə azalmağa doğru gedir”, deyə Nazim Cəfərsoy fikrini yekunlaşdırıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycan Ermənistan məsələsinə toxunarkən qeyd edib ki, əgər razılaşma olubsa, üstəlik yüksək səviyyədə bu imzalar atılıbsa, bunu reallaşdırmaq lazımdır: "Üçüncü tərəfləri, artıq üçüncü deyil, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil… Razılaşmalar var, onları icra etmək lazımdır. Bu elə zəmanət deməkdir”.

Rusiya XİN sözçüsü Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyində ciddi dəyişikliyin olduğunu xatırladıb: "Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyi kardinal şəkildə dəyişib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...