Bayramov 5 aydan sonra yenidən Türkiyədə - Zəngəzur dəhlizi gündəmdədir!

Bayramov 5 aydan sonra yenidən Türkiyədə -
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.

Ankarada keçiriləcək görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistanın normallaşma addımları gündəmdə olacaq. Səfər zamanı regional hadisələr, eləcə də İsrail-Fələstində baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Ceyhun Bayramovun Türkiyəyə sonuncu səfəri bu ilin mart ayının 1-də olub. 5 aydan sonra baş tutan budəfəki səfərin gündəliyi olduqca geniş olacaq.

Nazirin səfərini Modern.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Ceyhun Bayramovun Türkiyə səfərində müzakirə olunacaq çox əhəmiyyətli strateji məsələlər var:

"Azərbaycanın xarici işlər nazirinin təcili qaydada Türkiyəyə səfəri regionda və qlobal aləmdə baş verən dəyişikliklərlə bağlıdır. Düşünürəm ki, burada əsas məsələlərədən biri də Ukrayna Ordusunun Rusiyanın Kursk vilayətinə hücumu ilə bağlıdır. Bu hücumla bir çox məsələ, vəziyyət dəyişdi. Belə bir vəziyyətdə Azərbaycan və Türkiyənin bütün bu məsələləri kompleks şəkildə müzakirə etməsinə ehtiyac var. Çünki Kursk vilayətinə hücum Rusiya-Ukrayna müharibəsində yeni mərhələnin başlamasından xəbər verir. Dolayısı ilə ABŞ tərəfindən burada bir sıra mesajlar verir".

Politoloq qeyd edib ki, əvvəllər yalnız Ukrayna ərazisində müdafiədən söhbət gedirdisə, artıq Rusiya ərazilərinə hərbi müdaxilə qlobal səviyyədə legitimləşdirildi.

"Digər yandan Rusiya bundan konkret nəticə çıxarmasa, onun dərinliyindəki strateji hərbi obyektləri Qərbin strateji silahları tərəfindən vurulmasına icazə veriləcək. Buna hazırlıqlar görülür. Üçüncü bir mesaj da var. Belə ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya ötürülən əsas qaz stansiyasının Ukrayna Ordusunun nəzarətində olması, yəni ABŞ-nin nəzarətinə keçməsi Rusiyanın öz qazını satmaq imkanlarını məhdudlaşdırır. Ona görə də Rusiya Prezidentinin Azərbaycana səfərini bu kontekstdə dəyərləndirmək lazımdır. Bu qazı gələcəkdə Azərbaycan üzərindən bəzi Avropa ölkələrinə ötürmək mümkündür. Bunun üçün konkret razılaşma olmalı və bir çox məsələlər hesablanmalıdır", - Natiq Miri qeyd edib.

O vurğulayıb ki, bəzi Avropa ölkələrinin - Çexiya, Macarıstan,hətta Avstriyanın dekabrın 31-nə qədər Rusiya ilə müqavilələri var.

"Müqavilənin müddəti bitdiyi üçün bu ölkələrin qaz məsələsi sərt qış ərəfəsində böyük problemə çevrilə bilər. Ona görə bu məsələnin də Rusiya üçün bazarlıq predmetinə çevrilməsi mümkündür. Bu, bir tərəfədən Rusiyaya təzyiq mexanizmidir ki, qaz stansiyasını Ukrayna və ABŞ əldə saxlayır. Bəzi Avropa ölkələrinə isə təzyiq ondan ibarətdir ki, onların qaz təminatı məsələsi dolayısı ilə ABŞ-nin siyasi iradəsindən asılıdır. Belə vəziyyətdə enerji və qaz habı kimi tanınan Azərbaycan və qardaş Türkiyənin geosiyasi əhəmiyyəti artır ki, bu da ABŞ və onun müttəfiqlərini ciddi şəkildə narahat edir. Ona görə Azərbaycan və Türkiyənin bütün bu məsələləri ciddi müzakirə edəcək", - şərhçi deyib.

Politoloq vurğulayıb ki, alınacaq qərar və atılacaq addımları koordinasiyalı olmalıdır:

"Yeni yaranan situasiyada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Zəngəzur dəhlizi məsələləri gündəmə gəlir. Xüsusilə də, ABŞ son günlərdə Ermənistana silah daşınmasının yolunu açır. ABŞ bir çox Avropa ölkələri və Hindistan vasitəsilə Ermənistanı silahlandırır. Çox maraqlıdır ki, ABŞ-ni özünə düşmən görən İran da bu zəncirin bir həlqəsi, bəndi kimi çıxış edir. Müxtəlif manipulyasiyalarla silahlar İran vasitəsilə Ermənistana ötürülür. Bu həm təhlükəsizlik, həm də geosiyasi maraqlarımıza ziddir. Bütün bu kompleks məsələləri müzakirə etməyə, bəzi qabaqlayıcı addımlar atmağa ehtiyac var ki ən azından bizim əleyhimizə ola biləcək hadisələr zamanında konkret qərar və addımlarla neytrallaşdırla bilsin. Çünki regionun ən strateji ölkələri Azərbaycan və Türkiyədir. Rusiyanın ABŞ-nin siyasəti kontekstində fikirləri bizim fikirlərimizlə üst-üstə düşür".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...