Bu gün Münhen Təhlükəsizlik Konfransı başlayır: tədbiri mühüm edən səbəblər...
Azərbaycan prezidentinin də qatılacağı toplantıda 70-dən çox ölkə təmsil olunacaq. Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayacaq. Təhlükəsizlik böhranı, məhdud imkanlar, beynəlxalq intizamın zəifliyi məsələləri 12-14 fevral tarixlərində keçiriləcək 52-ci Münhen Təhlükəsizlik Konfransında müzakirələrin mərkəzində yer alacaq. Tədbirdə iştirak etmək üçün Münhenə 30-dan çox dövlət və hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirləri toplaşacaq.
Konfrans iştirakçıları Avropanın qaçqın böhranına cavabı, Suriyadakı müharibə və Avropa təhlükəsizliyinin gələcəyi, Saxaradan cənubdakı Afrika ölkələrinin sabitliyi, kibertəhlükəsizlik kimi məsələləri müzakirə edəcək. İlk dəfə Bill və Melinda Geyts Fondu və “Merck”lə birgə təşkil edilmiş qlobal sabitlik və təhlükəsizliyə epidemiyaların yaratdığı təhlükəyə həsr olunan sessiya keçiriləcək. İordaniya kralı II Abdulla, Polşa prezidenti Andjey Duda, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya baş naziri Dmitri Medvedyev, İraq baş naziri Hayder əl-Abadi, ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov konfransda iştirakını təsdiqləyib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə verdiyi açıqlamaya görə, Azərbaycan prezidenti İlham Əliyev də konfransda iştirak edəcək. Ölkə prezidenti konfransda enerji və təhlükəsizlik məsələləri ilə bağlı çıxış da edəcək. Konfransı Almaniyanın müdafiə naziri Ursula fon der Leyenlə fransız həmkarı Jan-İv Le Drian açacaq. Fransanın baş naziri Manuel Valls da konfransda çıxış edəcək.
Konfransın işində həmçinin Əfqanıstan prezidenti Əşrəf Qani, NATO baş katibi Yens Stoltenberq, Avropa Parlamentinin prezidenti Martin Şults, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeir də iştirak edəcək .
Konfrans çərçivəsində bir sıra ölkələrin milli kəşfiyyat idarələrinin rəhbərlərinin, o cümlədən ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper və Böyük Britaniyanın Hökumət Əlaqələri Mərkəzinin rəhbəri Robert Hanniqanın iştirakıyla müzakirələr baş tutacaq.
Konfransa həddən artıq önəm verildiyi iştirakçıların sayı və ranqından bəlli olur. Bəs Münhen Təhlükəsizlik Konfransını bu qədər mühüm edən səbəb nədir?
Politoloq Qabil Hüseynli bildirdi ki, beşinci dəfədir Münhen Təhlükəsizlik Konfransı keçirilir. İlk vaxtlar bu, yalnız Qərb ölkələrinin iştirakı ilə həyata keçirdilər. Sonradan daha da populyarlaşdı və bir növ dünyada sülh və təhlükəsizlik problemlərinin müzakirə edildiyi, praktiki məsləhətlər hazırlandığı mühüm toplantıya çevrildi: “İlk vaxtlar bunu yaradanlar onu BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəsizliyi, oradakı cəbhələşmə ruhunun hökm sürməsi ilə əlaqədar alternativ bir təşkilat kimi yaratmışdılar. Burada BMT Təhlükəsizlik Şurasındakı kimi veto hüququ olan dövlətlər yoxdur. Sadə, əksəriyyətin səs çoxluğu ilə qəbul edilən səsvermə proseduru var. Burada qəbul edilən qərarlar yerinə yetirilməsi derektiv olan sənədlərdir. Bu səbəbdən Münhen Təhlükəsizlik Konfransı dünyada sülhün və əmin-amanlığın qaranti olan çox mühüm və populyar bir toplantıya çevrilib. Buna görə də hər il onun sıralarına qatılan dövlətlərin sayı artır. İndiki zamanda dünyada bir sıra münaqişələrin getdiyi bir vaxtda Münhen Təhlükəsizlik Konfransı özünün əhəmiyyətini daha da artırır”.
Politoloq onu da dedi ki, Münhen Təhlükəsizlik Konfransında ağırlıq təşkil eləyən dövlətlər Qərb dövlətləridir. ABŞ və Almaniya burada az qala sərəncamverici bir səlahiyyətlərə malikdir. Onlar yeni dünya düzəninin formalaşmasına qatqılar vermək niyyəti ilə belə toplantıları keçirirlər: “Mən gözləyirəm ki, budəfəki konfrans daha əhəmiyyətli olacaq. Yaxın Şərq məsələləri, Rusiyanın Ukraynaya, Suriyaya etdiyi təcavüz hərəkətləri, ümumiyyətlə, Rusiyanın dünyada oynadığı mənfi rol geniş müzakirə olunacaq və sənədlər qəbul ediləcək”.
Q.Hüseynli vurğuladı ki, Azərbaycanın toplantıya ən yüksək səviyyədə qatılmasının əsas səbəbi Azərbaycanın özünün də ciddi təhlükəsizlik problemlərinin olmasıdır: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Bölgədə sürətlə silahlanma var, bölgə bəlkə də dünyanın ən millitaristləşdirilmiş bölgəsidir və bundan Azərbaycanın təhlükəsizliyinə təhdidlər var. Azərbaycan həmin konfransda iştirak etməklə sülhün tərəfdarı olduğunu göstərmək istəyir. Münhen Təhlükəsizlik Konfransı həm də münasib təbliğat tribunasıdır”.
Münhen Təhlükəsizlik Konfransında demokratiya məsələlərinin müzakirəyə çıxarılıb-çıxarılmadığına gəlincə, politoloq qeyd etdi ki, münaqişələr müzakirə olunan zaman bu münaqişələrin törəmə səbəbləri göstərilərkən həmin ölkələrdə avtoritar idarəçiliyin mövcudluğu, demokratiyanın azlığı da əsas kimi göstərilir. Çıxış yollarından biri kimi demokratiyanın genişlənməsinin vacibliyi məsələsi gündəmə gətirilir.
903 dəfə oxundu