Mübariz Qurbanlı: “Biz həm dini, həm də siyasi ekstremizmə qarşı mübarizə aparırıq”
“On səkkizinci əsrdə xarici qüvvələrin təsiri ilə vəhhabi radikal dini cərəyanının yaradılması və müsəlmanların yaşadığı ölkələrə hücumların təşkil olunması prosesi bu gün də başqa adla eyni formada davam etdirilir”.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Müəllimlər İnstitutunda “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları” adlı tədbirdə deyib.
M. Qurbanlı bildirib ki, həmin qruplar – vəhhabilər, sələfilər, xəvaricilər, dəvətçilər yenə də Qərb dairələrinin təsiri altında qırğınlar törədərək İslamı gözdən salmağa cəhd edirlər: “Azərbaycanda isə Sovet İttifaqı dağılandan sonra gördük ki, çox az din xadimlərimiz qalıb. Onları barmaqla saymaq olardı. Bir dini mədrəsə belə yox idi. Həmin dövrdə bəzi ərəb ölkələrində maliyyə imkanları əldə edən yuxarıda sadaladığım radikal qruplar Ermənistanın işğalı nəticəsində yaranmış stiuasiyadan istifadə edərək məcburi köçkünlərin yaşadığı ərazilərə, digər bu kimi məkanlara guya dini, humanitar yardım altında məscidlər tikmək, ayrı-ayrı köməkliklər göstərməyi təklif edirdilər. Əlbəttə, o dövrdə Azərbaycan çətin vəziyyətdə idi, yardıma ehtiyacı vardı və onlar da bundan istifadə edərək Azərbaycanda öz cərəyanlarını yaymağa nail oldular. Bunun nəticəsində indi həmin qrupların Azərbaycanda nümayəndələri meydana çıxıb, bu gün də öz ideyalarını yaymaqda davam edirlər. İndi bunlara qarşı mübarizə tək Azərbaycanda yox, bütün İslam ölkələrində gedir. Bunların fəaliyyəti bütün İslam elmi mərkəzləri, ən ali mənsəbləri tərəfindən pislənilir”.
Komitə sədri bəyan edib ki, Azərbaycanda radikal qruplara qarşı mübarizə dedikdə tək İslamdakı radikallar yox, xristianlıqda da baş qaldıran radikal cərəyanlar nəzərdə tutulur: “Orada da baş qaldıran dini cərəyanlar var və onlar da İslamda olan radikal qruplara bənzəyir. Biz istənilən radikal qruplara qarşı mübarizə aparırıq. Burada ən yaxşı yol kimi dini, siyasi maarifçiliyə üstünlük verilir. Bu maarifçilik bizə həm dini, həm də siyasi ekstremizmə qarşı mübarizə aparmaq imkanı yaradır”.
1656 dəfə oxundu