İranın `B` planı: Əsədsiz Suriyada `İslam İnqilabı` - TƏHLİL

 İranın `B` planı: Əsədsiz Suriyada `İslam İnqilabı` -


Rusiya Suriyadan çıxandan sonra gözlər İrana dikilib. Tehran da anoloji addımı atacaqmı? İranın Suriyada nə qədər qüvvəsinin olması heç kimə dəqiq məlum deyil. Bununla bağlı ən müxtəlif rəqəmlər səsləndirilib.

İranın İnqilab Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfəri bildirir ki, "Rusiya Əsədin gələcəyi ilə bağlı fərqli fikirdədir, amma biz bu mövzuya səthi yanaşa bilmərik. Əsədin yerini dolduracaq başqa birini də tanımırıq. Əsədi müdafiə etməyə davam edəcəyik, ancaq Suriya xalqı Əsədin getməsini isyərsə, o zaman biz buna qarışmayacağıq".

Ola bilsin ki, İranın masa üzərində Suriyanın Əsədsiz gələcəyinə dair "B planı" var. Güman ki, İran rəsmilərinin səsləndirdiyi fikirlər vaxt qazanmaqdan ötrü düşünülmüş manipuliyasiyadır. İran rəsmilərinin Əsəddən vaz keçməyəcəklərinə dair fikirlərinin arxasında heç də simmetrik düşüncə durmayıb.

"National İnterest" qəzeti yazır ki, Əsəd rejimin dəyişilməsilə bağlı İranı narahat edən 3 səbəbi var:
1) Hizbullahın silahıla təchizat koridorunun təhlükəsizliyi
2) Livanda İsrailə qarşı möhkəmlənmək
3) Suriyada İrana müxalif hökumətin qurulmasının qarşısını almaq

Əslində İranın Suriya ilə əlaqədar vaxt udmağa çalışması daha çox ağlabatan görünür. İlk baxışda İranın heç də praqmatik olmayan "Əsəd qalsın" yanaşması, haardasa bir növ maskalanmadır. Zənn etmək olar ki, İranın mütləq başqa bir gizli strategiyası var. İranın hərbi birlikləri silah daşınmasında geostrateji rol oynayan Suriya şəhərlərində daha çox fəallıq göstərirlər. Məsələn, Küseyr, Qalemun, Zebadani şəhərlərində əməliyyatlarda İrana bağlı qüvvələr xüsusi canfəşanlıq edir. Belə bir təəssürat yaranır ki, İran Əsədsiz Suriyada özü üçün yaxın gələcəyə ölçülmüş siyasi, geostrateji, dini-ideoloji dayaqları bərkitməkdədir.

Hər halda, 2014-cü ildə Hüseyn Həmədani çıxışlarının birində əbəs yerə 130 min döyüşçüsü olan Suriya Hizbullahının (II Hizbullah) yaradıldğını elan etməmişdi. Bu faktın yanına Livan Hizbullahının da Suriya sərhədinə yerləşdiyini əlavə etsək, o zaman Tehranın geosiyasi oyunun mahiyyətini aydın qavramaq olar.

Ən maraqlısı isə odur ki, İranın siyasi elitası, eləcə də dini lideri Suriyada baş verənləri "II müqəddəs müharibə" adlandırırlar. Yəni İran-İraq müharibəsindən sonrakı II müqəddəs savaş…

İranın İnqilab Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfərinin 2014-cü ildəki açıqlması da diqqət çəkir. O, bildirib ki, 5 ölkədən (Suriya, İraq, Əfqanıstan, Pakistan, Yəmən) 200 minə yaxın silahlı gənc İran üçün döyüşməyə hazırdır. Əli Cəfəri başqa bir fikrində deyib ki, "İslam inqilabının Suriyada böyük hədəflərinə çatması üçün biz özümüzü fəda etməliyik. Allahın bizə verdiyi imkanlardan dolayı, cihad ruhu ilə İslam İnqilabı üçün öz gücümüzü əsirgəməməliyik".

Ayrı bir iranlı generalın da söylədikləri də maraqlıdır. General Hüseyn Səlami bildirib ki, İran İslam İnqilabının təsiri İraq, Suriya və Yəməndə sürrətlə yayılmaqdadır. Hətta general vurğulayıb ki, İraqda Livan Hizbullahından 10 dəfə böyük "İraq Hizbullahı" yaradılıb. Bununla belə, Yəməndəki "Ənsar-ul Hizbullah" da ümumən Hizbullah strategiyası əsasında fəaliyyət göstərir".

Bütün bu faktlara söykənərək, belə bir nəticəyə gəlmək olar ki, İran Suriyada Əsədsiz gələcək üçün güclü dini-ideoloji platforma formalaşdırmaqdadır. Beləcə, proses başa çatdıqdan sonra Əsədin qalıb-qalmaması İran üçün bir siyasi funksiya daşımayacaq. İranın Suriyada şiə din məntəqələri qoruması gələcəkdə ola biləcəklərə ən gözəl nümunədir.

Suriya siyasətində İranın milli maraqlarını dini liderin ən yaxın adamlarından biri, "Qüds Gücü" adlı təşkilatın generalı, İranın Yaxın Şərq siyasətinin memarı, strateq Qasım Süleymani həyata keçirir. Suriyada şiə fundamentalizminin güclənməsi xəttinə də o nəzarət edir. Beləcə, Suriyada islam inqilabı üçün yavaş-yavaş ideal mühit formalaşır.

İranın Suriya planını tam başa düşmək ötrü Qasım Süleymaninin çıxışlarına diqqət etmək lazımdır. Çünki bu şəxsin hər bir addımı İranın Orta Şərqlə bağlı planlarına işıq salır. "Reuters" agentliyinin bildirdiyinə görə, 2014-cü ildə İranın dini lideri Rusiya ilə Suriya məsələsi ətrafında müzakirə aparmaq üçün Moskvaya öz elçisin göndərib. Əvəzində isə Rusiya prezidenti Vladimir Putin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün "Mənə Qasım Süleymanini göndərin" ifadəsini işlətmişdi.

Süleymaninin Suriyada ikinci Hizbullah yaratması, kənardan qüvvələr toplaması, bir çox iranlı generalların Suriyada islam inqilabı haqda fikirləri dilə gətirmələri onu göstərir ki, İran Suriyanın Əsədsiz gələcəyi ilə bağlı işlərini çoxdan başladıb. Böyük ehtimal ki, Əsədin hələ ki, dəstəklənməsi əsl hədəflərin sadəcə kamuflyaj olunmasında bir vasitədir.

Bu arada İranın Orta Şərq üzrə rəsmisi, xarici işlər nazirinin köməçisi Hüseyn Əmir Abullahın vaxtilə səsləndirdiyi fikri yada salmaqda fayda var. O, bildirmişdi ki, "Biz İran olaraq Bəşər Əsədin Suriyada ömür boyu dövlət başçısı olaraq qalması üçün israr etmirik".

Suriyanın parcalanması, federallaşması isə çox güman ki, İranın maraqlarına cavab vermir. Lakin sırf İran meyilli qüvvələrin Suriyada hakimiyyətə gəlməsi, yaxında baş tutacaq Suriya seçkilərində qalibiyyət əldə etməsi versiyası da İranın gizli planlarında ola bilər.

AzVision.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...