“Kimə lazımdır sənin mənasız çıxışın?” – Millət vəkilindən Cəmil Həsənliyə ağır sözlər…

“Kimə lazımdır sənin mənasız çıxışın?” –


Özümdən misal çəkərək mövzuya körpü atım ki, səmimi olsun: Demək 2005-ci ilin oktyabrıdı. Parlament seçkiləri öncəsi qızğın mübarizə gedir və son mərhələdi. TV-lərdə ümumən hardasa 25-30 çıxış etmişəm. ATV-də 5 dəqiqəlik son ödənişli efir vaxtımdan da istifadə edib təbliğatımı yekunlaşdırmaq üzrəyəm. Və yol almışam ATV istiqamətinə (o vaxt “Oxford”un tam yaxınlığında idi. Bəlkə də elə həmin binaydı).

Əlqərəz çatdım, amma…bir baxdım ki, TV-nin qarşısında ən az 500 nəfər adam dayanıb. Əllərində də qaranlıqda tam ayırd edə bilmədiyim nələrsə var. Hamısı da bir ağızdan həyəcanlı səslə qışqırır. Əvvəl duruxdum. Açığı bir az da qorxdum. Və zaman itirmədən tez idmançı dostlarımdan bir-ikisinə zəng edib hamısını vəziyyətdən hali elədim. Sonra da bənzər təvəqqedə bulundum. Ki, bəs qardaşlar, müxalifət ordusu ATV-nin qabağını zəbt edərək, məni gözləyir. Kimsə bura gələcəyimi “navodka” verib. Əllərində küt alət qışqıra-qışqıra durublar. Təcili köməyiniz lazımdı. Çıxış eləmək üçün binaya girməliyəm”.

Düz 15 dəqiqə sonra həmin idmançı dostlarım zalda bərabər məşq elədikləri nə qədər idmaçılar vardısa, hamısını yığıb gəldilər ATV-nin qarşısına. Sms göndərdilər ki, rahat düş, burdayıq. Və düşdüm. Özümə əmin addımlarla + idmançı qardaşların müşayiəti ilə əsas qapıya doğru irəlilədim. Ətrafda çığırtı davam edirdi. Dostlar üzük həlqəsi kimi mühasirəyə almışdılar məni. Bu dəm yaşlı bir qadın üstümə şığıdı. Yanımdakılar təşvişə düşdülər. Amma mən özümü itirmədim və yaşımdan + başımdan böyük əl jesti ilə xanımın daha yaxına gəlməsi üçün şərait yaratmalarını istədim. Ardınca da müdrik görkəm alaraq “buyur anam, eşidirəm səni”, - dedim. Ağbirçək isə gözünə işıq gəlmiş halda bunları söylədi: “Mənim balam, qurbanın olum, səndən bircə xahişim var. İçəri keçsən Xalidə denən karıxmasın, toparlansın, mahnını yaxşı oxusun. Ona çatdır ki, rayondan bütün qohum-əqrəbası gəlib, burdadı. Hamı onun qələbəsini gözləyir”.

Sən demə, bizim efirdən dərhal sonra “Yeni Ulduz” yarışması başlayırmış və bayırdakı kütlə iştirakçıların yaxınlarıymış…
***
İndi misalı sizə yaxın, ay Cəmil Həsənli!

Hadisəni hallusinasion formada yaradan da, ona qarşılıq verib müzakirə predmetinə çevirən də, “Zadlıq” (sitat dostumuza aiddir) qəzetinin sabotaj meydanında Əli Kərimli ilə paslaşan da, beyninizdəki “qəhrəmanlıq abidəsi”nin eskizlərini hazırlayan da özünüzsüz. Adəti üzrə. Hər zamankı kimi.

Qarşı tərəfin isə xəbəri yoxdur ki, qız evində toydur.

Mövzuya giriş verim, əhli-aləm də xəbərdar olsun. Demək, “Milli Aşura”nın dönməz sədri, “dahi” siyasətçi, 60+5+3 formatında belə olsa (müxalifət-iqtidar-müxalifət) özünəməxsus əqidəyə qulluq edən, birdən-birə hakimiyyətə qarşı dəyişməyinin daşıdığı deputat mandatı ilə heç bir əlaqəsi olmayan, Heydər Əliyev haqqında onlarla kitaba önsözü yazandan 2-cə il sonra SADƏCƏ bekarçılıq səbəbilə müxalifətçi qiyafəsində “Tarixi - Nadir” xırdalayan Cəmil Həsənli buyurub ki, demə bəs adam Qazaxıstanın Alma-Ata şəhərinə səfər edəcəkmiş, hətta elektron bileti hazır imiş, orada dəhşətli bir çıxış yapacaqmış. Fəqət, Azərbaycan hakimiyyəti buna izn verməyib. Daha doğrusu Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun əli ilə “Barbarossa” fason təxribat planı hazırlanıb.

3 gündür susmurlar. Əvvəl bəyin özü “facebook”da müdhiş fantaziyalarını bölüşdü, sonra Kərimli manşetdən od püskürdü, daha sonra “qumanoid” həmfikirlər köşə yazdı, bu iqtidarı kəsdi, doğradı, asdı…

Mövzu isə qapanmır ki, qapanmır.

Oysa, Cəmil Həsənliyə bir-iki sualım var:
Bir səfirin sözü ilə “dahi” alimin çıxışına embarqo qoyulursa və ya həmin alimin nüfuzu hakimiyyət nümayəndəsinin bir telefon zəngi dəyərində deyilsə, o zaman nə deyib Prezidentliyə iddialı olurdun?

Hansısa təşkilat səni öz tədbirinə dəvət edirsə, elektron bilet üçün pasport rekviziti istəyirsə, daha sonra açıq ya da qapalı formada gəlişə, tədbirdəki çıxışa ehtiyac olmadığını vurğulayaraq əslində bu “bənzərsiz nüfuz”un sahibi ilə məzələnirsə, buna hakimiyyət neyləsin?

Mövzu axtarışındasansa, reallıqdan deyil, arzularından doğan “fikir istehkam”ın illah ki, kimdənsə müdafiə olunmağı hədəfləyibsə, yanındakı yekə bəylə foto-robot janrında hazırladığın siyasi rəqib personajın səfir və ya ixtiyari bir məmur fərqini özündə ehtiva etmirsə, gördüyün yuxuların subyektajı , həndəvəri hara qədər desən uzana bilirsə, burada
Polad Bülbüloğlunun nə günahı var?

Fikriniz, ideyanız, məqsədiniz qalsın bir yana, artıq nazınız da virtuallaşıbsa, bütün yaşamınız “layk”laşıbsa, “smayl”laşıbsa, paranoyalaşıbsa bunun səbəbini kənarda niyə axtarırsız?
Kimə lazımdı sənin mənasız çıxışın? Kimə lazımdı səni güdmək, əngəlləmək? Hə?

Dincəlin də bir az.

Elşən Musayev



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...