WikiLeaks Azərbaycanla italyan haker şirkəti arasında məxfi yazışmaları yayıb
Xəbər verildiyi kimi, bu günlərdə hakerlər İtaliyanın təhlükəsizlik xidmətləri üçün olduqca geniş imkanlara malik casus proqramları hazırlayan “Hacking Team” şirkətinin bütün məlumat bazasını ələ keçirib. Məlum olub ki, bu şirkət “Da Vinçi”, yaxud “Galileo” adı verilən Məsafədən İzləmə Sistemini Azərbaycana da satıb. Əvvəlcə şirkətdən casus proqramını Milli Təhlükəsizlik Nazirliyinin aldığı təxmin edilirdi. Lakin MTN bəyanat yayaraq bu şirkətlə hər hansı əməkdaşlığının olmadığını bildirdi.
Ardınca “Hacking Team” şirkətinin hakerlər tərəfindən ələ keçirilmiş məlumat bazası internetdə yerləşdirildi və məlum oldu ki, şirkətdən “Da Vinçi” proqramını Azərbaycan Müdafiə Nazirliyi (MN) alıb. Lakin proqram birbaşa MN tərəfindən deyil, ABŞ-da qeydiyyatdan keçmiş naməlum şirkət üzərindən alınıb. Bu haqda məlumat bir neçə gün əvvəl yerli və xarici KİV-lərdə yayılıb.
Şirkətin daxili sənədlərinə əsasən 2013-cü ildə Azərbaycanın Müdafiə Nazirliyi Uzaqdan Kontrol Sistemi (RCS) cəsusluq proqramını Kaliforniyada yerləşən vasitəçi “Horizon Global Group” şirkəti vasitəsilə 320 min avro məbləğinə əldə edib. 16 min avroluq illik xidmət haqqı da 2014 və 2015-ci illərdə “Horizon” şirkəti vasitəsilə ödənilib. Məsələyə aydınliq gətirmək üçün “Hacking Team” şirkəti ilə əlaqə qurmaq mümkün olmayıb. “Hacking Team” şirkətinin fakturalarına əsasən RCS proqramının ilkin lisenziyası üçün 130 min avro 2013-cü ilin martın 10-u və 190 min avro 2013-cü il, mayın 30-da “Horizon” şirkəti vasitəsilə ödənilib. Ödənişlərin tarixi və məbləği “Hacking Team” şirkətinin elektron tablolarındakı Azərbaycan höküməti tərəfindən edilən ödənişlərlə üst-üstə gəlir.
“Horizon Global Group” şirkətinin nə onlayn varlığı, nə ictimai profili, nə də əlaqə nömrələri var. Şirkətin ünvanı "Ranchos Palos Verdes, Nevada, CA 90274" kimi qeyd olunub. İyulun 8-də isə qalmaqallı WikiLeaks saytı italyan haker şirkəti ilə onun müştəriləri arasında həyata keçirilmiş, hakerlərin oğurladığı bütün electron yazışmaları “SpyFiles” adı altında dərc edib. Və virtualaz.org saytı “SpyFiles”də axtarış aparmaqla müəyyən edib ki, "Hacking Team"lə Azərbaycan arasında bütün elektron yazışmalar, o cümlədən italyan haker şirkətinin əməkdaşlarının öz aralarında Azərbaycana casus proqramının satışının detallarına dair yazışmalar da orada yer alır.
Azərbaycanla əsas yazışmaları şirkətin satış üzrə meneceri Massimiliano Luppi aparır. Söhbət minlərlə elektron məktubdan gedir və tərəflər həmin yazışmalarda casus proqramına dair kontraktın detallarını, proqramdan istifadəyə dair təlimatları və digər detalları müzakirə edirlər. Həmçinin casus proqramının alıcısı kimi çıxış edən "Horizon Global Group" şirkəti ilə "Hacking Team” şirkəti arasında bağlanmış müqavilənin surəti də WikiLeaks tərəfindən yayılıb.
Müqaviləni alıcı şirkətindən adından Abik Charuhchev adlı şəxs imzalayıb. “Hacking Team” şirkətinin istehsal etdiyi casus proqramı fərdi kompüterlərə və smartfonlara gizli hücumlar üçün nəzərdə tutulub. Sistem “Windows”, “OS X” və “Linux” əməliyyat sistemləri ilə işləyən bütün kompüterlərdən, habelə “Android”, “iOS”, “Blackberry” və “Windows Phone” platformalarında işləyən smartfonlardan bütün informasiyaları ələ keçirə bilir, o cümlədən Skype, Facebook, Twitter, WhatsApp, Line, Viber danışıqlarını yazır.
Qurğu sahibinin xəbəri olmadan kameranı və mikrofonu işə salır, qurğu sahibinin yerini müəyyən edir. Azərbaycan Müdafiə Nazirliyinin belə güclü izləmə sisteminə malik olması əlbətdə ki, ölkəmizin düşmənlərini izləmək və elektron kəşfiyyat üçün əla imkanlar yaradır. Lakin təəssüf ki, indiki dövrdə sirləri qoruyub saxlamaq da olduqca çətindir-ən azından ona görə ki, hakerlər dünyanın ən güclü casus proqramını hazırlayan şirkətin özünün bütün sirlərini ələ keçiriblər və Culian Assancın dünyaya başağrısı olmuş saytı vasitəsilə yayıblar.
1100 dəfə oxundu