Məmmədyarov niyə qəflətən Rusiyaya yollandı? Qarabağla bağlı ilginc plan

Məmmədyarov niyə qəflətən Rusiyaya yollandı?


Xəbər verildiyi kimi, bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya qəfil səfər edib. Ona görə qəfil ki, Azərbaycan xarici işlər nazirinin Moskvaya belə tezliklə səfər edəcəyi gündəmdə deyildi. Məmmədyarov təxminən ay yarım əvvəl-mayın 25-də Moskvada səfərdə olub. Həmin səfər əvvəlcədən elan olunsa da nazirin indiki səfəri haqda ictimaiyyətə heç nə məlum deyildi. Virtualaz.org saytı xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşünün mətbuata açıq hissəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair optimist fikirlər səsləndirib.

Lavrov deyib ki, münaqişənin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtı çatıb və Rusiya tərəflərin nəticə əldə etməyə hədəfləndiyini nəzərə alaraq bu prosesə kömək etməyə hazırdır. Azərbaycan xarici işlər naziri isə İranın nüvə proqramına dair uzun illərdir davam edən danışıqların nəhayət nəticə verdiyini xatırladaraq bunun Qarabağ münaqişəsinin də həllinə ümid yaratdığını deyib. Bu sətirlər saytda yerləşdirilənə qədər Rusiya və Azərbaycan xarici işlər nazirlərinin danışıqlarının nəticələrinə dair rəsmi məlumatlar yox idi. Və ola bilsin ki, nəticələr barədə açıqlama verməyə lüzum görməyiblər.

Lakin Lavrovun Rusiyanın danışıqlar prosesini intensivləşdirməyə kömək etməyə hazır olduğuna dair bəyanatı bundan xəbər verə bilər ki, prezident Putin Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə yeni Qarabağ sammiti təşkil etməyi qərara alıb. Əslində prezidentlərin görüşünün təşkili gündəmdədir. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu günlərdə bildirib ki, hər iki prezident görüşməyə razıdır və vasitəçilər onların görüşünün təşkili üzərində işləyir. Daha sonra həmsədrlər Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə məsləhətləşmələr aparıblar.

Ancaq İlham Əliyevlə Serj Sərkisyanın görüşünün sentyabrda Nyu Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə baş tutması gözlənilirdi. İndi isə belə görünür ki, Nyu-York görüşünü gözləmədən Putin tərəfləri masa arxasına dəvət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...