“German Sterliqovun hərəkətləri təxribatdır” Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya vətəndaşı German Sterliqovun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, orada Azərbaycan dövləti və ölkənin ərazi bütövlüyünə qarşı etdiyi çıxışlar və çağırışlarla bağlı “Exo Moskvı” radiosuna müsahibə verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, canlı efirdəki müsahibə zamanı aparıcı Vladimir Varfolomeyev Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən G. Sterliqova qarşı cinayət işinin qaldırılmasının səbəbləri ilə maraqlanıb.
P. Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ rəsmi olaraq bütün dövlətlər tərəfindən, o cümlədən Rusiya Federasiyası tərəfindən işğal olunmuş Azərbaycan ərazisi kimi qəbul olunur. Bu terminin münaqişə ilə bağlı beynəlxalq qətnamə və sənədlərdə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə əks olunduğunu, Rusiyanın da TŞ-nin üzvü kimi bu qətnamələrə səs verdiyini, sözügedən ərazilərin de-yure Azərbaycan əraziləri olduğunu deyən səfir, bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb.
Münaqişənin gec-tez həll olunacağına əminliyini ifadə edən P. Bülbüloğlu hər bir insanın işğal olunmuş ərazilərə səfər etməklə bağlı cavabdehlik daşıdığını söyləyib. O, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sında adları qeyd olunan şəxslərin Azərbaycan tərəfinə əsaslı müraciət edəcəkləri təqdirdə, həmin şəxslərin adlarının siyahıdan çıxarılması məsələsinə baxıla biləcəyini nəzərə çatdırıb. Lakin konkret G. Sterliqovun məsələsinə gəldikdə, P. Bülbüloğlu qeyd edib ki, həmin şəxs işğal altında olan ərazilərə qanunsuz səfərdən, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmaq cəhdlərindən əlavə, jurnalistlərə, müxtəlif iş adamlarına dəvətlər edib ki, bu da Azərbaycan Respublikası dövlətinə, ərazi bütövlüyünə qarşı çağırış kimi qəbul olunur. Bu səbəbdən də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının “Dövlət sərhədi”, “Pasportlar haqqında” qanunlarının və ən əsası, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin ciddi şəkildə pozulması səbəbindən cinayət işinin başlandığını söyləyən səfir, G. Sterliqovun hərəkətlərini təxribat adlandırıb və münaqişə zonasında atəşkəs rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vətəndaşlarını münaqişə zonasına səfər etməkdən çəkinməyə çağırıb.
P. Bülbüloğlu G. Sterliqovun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini qeyd edərək, məsələ ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun məşğul olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan və Rusiya arasındakı mövcud geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə ediləcəyini açıqlayıb.
Canlı efir zamanı G. Sterliqovun işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, Bakının buna sərt reaksiyası ilə bağlı sorğu aparılıb. Sorğunun nəticələrinə görə, səs verənlərin 78%-i Azərbaycanın mövqeyini dəstəkləyib.
1141 dəfə oxundu