Cavid Qurbanovun əsas rəqibi hələ ki susur - namizəd olacağını gizli saxlayır
Parlament seçkilərinə 3 aydan az vaxt qalsa da ölkədə aktiv seçkiqabağı situasiyanın mövcudluğundan danışmaq üçün heç bir əlamət gözə dəymir. Amma buna baxmayaraq artıq seçki blokları və qrupları formalaşır, iddiaçıların sırası genişlənir və marafona qoşulanların bu il də xeyli olacağı gözlənilir.
Moderator.az da ötən seçki dönəmlərinin qəhrəmanlarının mövqeyini öyrənməyə başlayıb və bu dəfə bir neçə gün öncə deputatlığa layiq namizədlərdən bir kimi mətbuatda adı çəkilən İmamverdi Cəfərovun fikirlərini öyrənmək istəyib.
Xatırladaq ki, İ. Cəfərov ötən parlament seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd olmuşdu və deputat Cavid Qurbanov haqqında xeyli tənqidi fikirləriylə gündəmə gəlmişdi. Maraqlıdır, bu dəfə də o seçki marafonuna qoşulsa ondan deputat Cavid Qurbanov haqqında yenə də oxşar açıqlamalar eşidəcəyikmi?
Moderator.az – a açıqlamasında İ. Cəfərov seçkilərlə bağlı qəti qərar verməyin hələ tez olduğunu bildirib:
“Ötən seçkilərdə C. Qurbanova rəqib olmuşam və təbii ki, ona marafona qoşulmuş rəqib kimi yanaşmışam. Amma etiraf edim ki, aradan keçən dövrdə bir deputatın öz seçicisinə yaxşı manada edə biləcəyi nə varsa Cavid Qurbanovun kəlbəcərlilərə etdiyinin şahidi olmuşam və kəlbəcərlilərin də ona olan münasibətini müşahidələrimə əsasən kifayət qədər bilirəm. Amma deputatlıq bir bir marafondur və hər kəs bu yarışda özünü sınaya bilər. Bunda da mən bir qəbahət görmürəm. Hələ seçkilərə xeyli müddət var və bu barədə qəti fikir bildirmək üçün məncə çox tezdir. Digər tərəfdən, bayaq qeyd etdiyim kimi mən onun da fərqindəyəm ki, Kəlbəcərin deputatı seçicilərinin rəğbətini qazana bilib. Ona görə də mən YAP-ın siyahısında 123 Saylı Dairədən kimin namizəd olacağı rəsmən açıqlananadək gözləyəcəm. Məhz bundan sonra mətbuat və ictimaiyyət məndən gözlədiyi açıqlamamı eşidəcək”.
1115 dəfə oxundu