Neft Fondunun Moskvadakı əmlakı niyə dəyərsizləşib?
Ekspertlərə görə, səbəb Rusiyaya sanksiyaların tətbiqinin daşınmaz əmlak bazarında ucuzlaşma yaratmasıdır
Neft Fondunun 2012-ci ildə Moskvada aldığı əmlak dəyərsizləşib. Ekspert Samir Əliyevin sözlərinə görə, fond 2012-ci ildə Moskvadan 133 milyon ABŞ dolları müqabilində Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi almışdı. Hazırda həmin obyekt dəyərinin üçdə birini itirib.
“Son qiymətləndirmələrə görə, ticarət mərkəzinin hazırda bazar dəyəri 5 milyard 687 milyon rubldur. Mövcud məzənnə ilə 90 milyon dollar edir. Yəni əmlak 3 ildə dəyərini 43 milyon dollar - 32 faiz itirib. Məlumat üçün bildirim ki, bina alınan zaman kommersiya təyinatlı daşınmaz əmlaklar üzrə konsaltinq şirkət olan Colliers İnternational təşkilatı həmin obyektə 2012-ci ildə 100-105 milyon dollar qiymət qoymuşdu. Ancaq Neft Fondu həmin dövrdə onu dəyərindən baha qiymətə almışdı. Obyekt alınanda qeyd edilirdi ki, əmlakın icarəsindən ildə 9,6 milyon dollar qazanc olacaq. Halbuki Fondun məlumatına görə, ötən il bu qazanc 5,7 milyon dollar olub. Fond azalmanı binanın ticarət mərkəzi hissəsinin yenidən qurulması ilə əlaqələndirsə də, səbəb Rusiyaya sanksiyaların tətbiqinin daşınmaz əmlak bazarında ucuzlaşma yaratmasıdır”.
Ekspert Qubad İbadoğlu da qeyd edib ki, Neft Fondunun Moskvadakı əmlakı 44 milyon dollar dəyərsizləşib: “Üç il bundan 133 milyon dollara alınan ”Qalereya Aktyor" ofis ticarət mərkəzinin hazırkı qiyməti 88,6 milyon dollardır. 2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Fondun investisiya portfelinin 87,5 faizi sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5 faiz, 2,9 faiz, 3,1 faizi isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olub. Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə edilən gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub . Bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Bunun başlıca səbəblərindən biri də Fondun daşınmaz əmlaka yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir. Bu portfel London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarətdir. Belə ki, Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb".
Ekspert qeyd edib ki, dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, Fondu oradakı vəsaitlərini geri çəkməyə çağırıblar: “Təəssüf ki, buna hələ də əməl edilmir. Beləliklə də Fondun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində Fondun Rusiya bazarındakı əməliyyatlardan itkilərin səviyyəsinin daha yüksək olacağı gözlənilir. Son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb. Proqnozlara görə, bu tendensiya ilin sonunadək davam edəcək”.(musavat.com)
1217 dəfə oxundu