Türkiyədəki böhran AKP-nin lehinə işləyir- ŞƏRH

Türkiyədəki böhran AKP-nin lehinə işləyir-


`Təkrar seçki zamanı AKP istədiyi səsi qazana biləcək`

Ötən gün Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında keçirilən görüşdən sonra məlum oldu ki, Türkiyədə koalision hökumətin qurulması mümkünsüzdür. Hətta MHP lideri azlıq hökuməti və növbədənkənar parlament seçkilərinə də dəstək verməyəcəklərini bəyan etdi.

Bəs bundan sonra Türkiyədə hansı proseslər baş verə bilər. Qeyd olunan məsələlərlə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə söhbətləşdik.

Politoloq AzVision.az-a açıqlamasında bildirdi ki, Türkiyədə koalision hökumətin formalaşmayacağı əvvəlcədən bəlli idi:

`13 illik AKP iqtidarı dövründə müxalifət partiyalarla ziddiyətlər xeyli artıb. Ötən illər ərzində onlar bir-birlərini o qədər ağır sözlərlə ittiham ediblər ki, indi vahid bir hökumətdə təmsil olunmaları problematikdir. Eyni zamanda qeyd edim ki, Türkiyədə koalision hökumətin qurula bilməməsinə səbəb partiya liderlərinin ambisiyalarıdır. Bu hal həm də Türkiyə demokratiyasının zərərinə işləyən bir haldır. Çünki, onlar ambisiyaları səbəbindən dövlət naminə məsələlərdə razılığa gələ bilmirlər`.

E. Şahinoğlunun fikrincə Türkiyə təkrar seçkiyə gecədək və proseslər iki ssenari üzrə inkişaf edə bilər:

`Birinci, təkrar seçki nəticəsində yenidən iyundakı vəziyyət yaranar və partiyalar koalision hökumətin qurulması üçün danışıqlara başlaya bilər. Bu dəfə isə koalision hökumət qurmağa məcbur olacaqlar. Bu zaman vətəndaş haqlı olaraq həmin partiyalardan soruşacaq ki, əgər koalision hökumət qurulacaqdısa, təkrar seçkiyə nə ehtiyac vardı? İkinci, təkrar seçki zamanı AKP istədiyi səsi qazana biləcək. Bu ehtimala daha çox üstünlük verirəm. Çünki, insanlar gördü ki, koalision hökumət qurmaq mümkün deyil. Ona görə də AKP-yə səs verəcəklər ki, təkbaşına hökuməti qura bilsin`.

`Hazırda Türkiyə çox ağır bir dönəm yaşayır. Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunun PKK-ya qarşı başlatdığı mübarizə onların işinə daha çox yarayır və AKP millətçi kəsimin səsini qazanmağa kömək edir. Ona görə AKP-nin təkrar seçkilər zamanı daha çox səs qazanıb təkbaşına hökumət qurma şansı arta bilər. Eyni zamanda vurğulanmalıdırı ki, bu dəfə Xalqların Demokratik Partiyasının (HDP) iyundakı uğurunu təkrarlaya biləcəyi mümkün görünmür. Çünki, HDP PKK-nın siyasi qanadı funksiyasından kənara çıxmadı və terror təşkilatı ilə məsafə saxlamadı. Halbuki, AKP iqtidarda olduğu dövrdə radikal kürdlərin bir çox istəklərini yerinə yetirdi. Bunun əvəzində isə PKK yenidən silahlı mübarizəyə başladı. PKK-nın bu addımına qarşı AKP-nin həyata keçirdiyi siyasət millətçi kəsim tərəfindən rəğbətlə qarşılanır və bu təkrar seçkilər zamanı bu partiyanını səslərinin sayını artıracağına şübhə yeri qoymur`.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...