Hakim Partiya Şirvanda seçki hazırlıqlarına başladı
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Şirvan şəhəri, Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Beyləqan, Xocavənd və Füzuli rayon şöbələrinin üzvləri iştirak ediblər. Müşavirədə çıxış edən YAP sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov YAP-ın Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bütün seçkilərdə olduğu kimi bu dəfə də partiya bütün gücünü, resurslarını səfərbər edib. Onun sözlərinə görə, YAP-ın yerli strukturları, partiyanın fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunublar.
YAP sədrinin müavini, həmçinin qeyd edib ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Müşavirədə bir sıra rayon təşkilat sədrlərinin hesabatları dinlənilib və ümumi müzakirə aparılıb. Sonda Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib. Müşavirədə MM-in deputatı Hadı Rəcəbli də iştirak edib.
1081 dəfə oxundu