Keçmiş cəbhəçi yeni AXCP-ni dəstəklədi
“Razi Nurullayevin AXCP adına iddia etməsi təbiidir”.
Bu fikirləri AzVision.az-a “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. O, bildirib ki, AXC yarandığı gündən müəyyən ziddiyyətlər mövcud olub:
“Qurum AXCP-yə çevriləndən isə partiya daxilində idarəetmə ilə bağlı çox ciddi narazılıqlar olub. Nəticədə böyük qruplar AXCP-dən ayrılıb. Son dövlər isə AXCP-dəki idarəetməyə etiraz edənlərin partiyadan çıxarılması prosesi güclənib. Bu da ziddiyyətlərə gətirib çıxarır. Bu gün isə Əli Kərimli AXCP-ni şəxsi maraqları üçün istifadə edir. Ona görə də Razi Nurullayevin başlatdığı mübarizəni təbii hesab edirəm. Çünki, onların mübarizəsi üçün yetəri qədər tutarlı arqumentlər var. AXCP adına iddia da normal qarşılanmalıdır. Çünki, iddiaçı tərəflər hesab edir ki, onların partiyadan çıxarılması nizamnamə pozuntusudur`.
Ə. Nuriyev fikrincə artıq məsələnin hüquqi müstəviyə keçməsi prosesi baş verir:
“Doğurdanmı AXCP adına iddia edənlər partiyadan haqsız olaraq çıxarılıb ? Eyni zamanda onlar partiyanın legitim olmadığını iddia edirlər. Bu barədə iddiaçılar yetərincə arqumentlərə sahibdir. Amma, bütün bu məsələlərin iki həll yolu var. Birinci, Ədliyyə Nazirliyi müvafiq sənədləri yoxlamaqla bu məsələyə aydınlıq gətirə bilər. Yəni, məsələ hüquqi müstəviyə keçəcək. İkinci, məhkəmə vasitəsi ilə bu məsələlərlə bağlı mübahisələndirmələr ola bilər. O zaman tərəflərdən hansının hüquqi əsaslarının olduğu müəyyən olunacaq. Hesab edirəm ki, Razi Nurullayevin iddaları geniş miqyaslıdır. Ona görə də mübarizəsini davam etdirəcək”.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti deyib ki, R. Nurullayevin əldə edəcəyi uğur onun AXCP - çiləri hansı səviyyədə öz yanına təmərküzləşdirməsindən asılı olacaq:
“Bununla belə biz nəticəni görmək üçün zamanı gözləməliyik. Razi Nurullayevin ətrafında cəmləşdirdiyi həqiqətən AXC üzvləridir. Mən onları tanıyıram. Ona görə də onların iddialarında sona qədər davam edəcəyini düşünürəm. Bunu həm də onların iddalarında israrlı olması göstərir ”.
Qeyd edək ki, ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsi əsl AXCP-ni bərpa edəcəkləri ilə bağlı bəyanatla çıxış edib. Komitənin bəyanatında bildirilir ki, onlar AXCP adına iddia edirlər: `Artıq partiyada olan şəxslərlə danışıqlar aparmışıq, onların əksəriyyəti bizə dəstək verir. Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir mübarizəyə başlanılır`
1154 dəfə oxundu