Tural Abbaslı Musavatı nifuzunu itirmiş təşkilat adlandırdı

Tural Abbaslı Musavatı nifuzunu itirmiş təşkilat adlandırdı


“Tural Abbaslı Müsavat Partiyası tərəfindən deputatlığa namizədliyinin irəli sürülməsi üçün prosedura uyğun olaraq partiyaya müraciət etməyib”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. G. Aslanlı bu səbəblə T. Abbaslının namizədliyinin Məclisin müzakirəsinə çıxarılmadığını bildirib. T. Abbaslının namizədliyini irəli sürəcəyini açıqladığı 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən partiyanın həmin rayon təşkilatının sədrinin namizədliyi irəli sürülüb.

T. Abbaslı isə APA-ya açıqlamasında deyib ki, müzakirəyə çıxarılmalı olan ilkin siyahıda onun adı olub: "Sadəcə, sonradan texniki bəhanələr uydurularaq, yəni “Tural Abbaslı müraciət etməyib” deyilərək müzakirəyə çıxarılmayacağı bildirilib. Bu, ağ yalan və iftiradır. Müraciət necə olunmalıdır? Gülağa Aslanlı dövlət orqanı, yaxud hər hansı rəsmi dövlət strukturu deyil ki, qeyd etsin ki, rəsmi müraciət olub, yaxud olmayıb. O halda eyni sualla müraciət edə bilərəm ki, namizədliyini irəli sürdüyünüz şəxslərin hamısının rəsmi qaydada ərizəsi varmı? Məndə olan məlumata görə, Müsavat Partiyasının deputatlığa namizədliyini irəli sürdüyü şəxslərin 90 faizinin bununla bağlı partiyaya rəsmi müraciəti yoxdur. Özləri telefonla zəng ediblər ki, sənin filan dairədən namizəd olmağını istəyirik, o da razılaşıb. Bu, bəhanədir, Arif Hacılının siyasi qısqanclığının nəticəsidir və qrup maraqları çərçivəsində verilmiş bir qərardır. Təəssüf ki, Arif Hacılı yenə də öz siyasi maraqlarını partiya maraqlarından üstün tutur və yalnız özünə “ləbbeyk” deyən insanlardan ibarət siyahı formalaşdırmağa çalışır".

T. Abbaslı adının Müsavat Partiyasının deputatlığa namizədlər siyahısında yer almamasının onun üçün sürpriz olmadığını vurğulayıb: “Siyasi baxımdan heç bir divident itirdiyimi düşünmürəm. Çünki qurultaydan sonra Arif Hacılının yürütdüyü siyasət nəticəsində partiya kifayət qədər nüfuz itirib, zəifləyib. Nüfuzunu itirmiş strukturdan namizəd olub-olmamaq o qədər böyük bir məsələ deyil, nəyisə həll etmir. Ancaq burada söhbət ən azı mənəvi məsələdən, siyasi mədəniyyətdən gedir. Uzun müddət partiya rəhbərliyində təmsil olunmuş şəxsin adının namizədlər siyahısına salınması ən azı mənəvi bir borcdur. Tutaq ki, mən müraciət etməmişdim, bu gün partiya rəhbərliyində olan şəxslərin hamısında mənim əlaqə nömrəm var, siyasi etika naminə məndən soruşa bilərdilər ki, mətbuatdan oxuyuruq, xəbərimiz var ki, 21 saylı dairədən namizəd olmaq istəyirsiniz, müraciət etmək, partiya sırasından getmək istəyirsiniz? Bu da göstərir ki, sadəcə, bu məsələ siyasi rəqabət kimi qiymətləndirilib, Arif Hacılı əleyhdarlarına qarşı növbəti demarşdır” .

T. Abbaslı Müsavat Partiyasının 108 saylı dairədən həm Divan üzvü Balaşxanım Abbaslı, həm də rayon təşkilatının sədri Ayvazalı Orucovun namizədliyini irəli sürməsinə də toxunub: “Əslində partiyadaxili subordinasiya var və Başxanım Abbasova Divan üzvüdür. Əgər Divan üzvü hansısa dairədən namizəddirsə, rayon təşkilatının sədri onunla rəqabətə girə bilməz. Divan üzvünün statusuna görə birbaşa namizəd kimi o müəyyənləşməlidir. Başxanım Abbasova mənim anamdır, amma faktiki olaraq partiya rəhbərliyində olduğu üçün mənim kimi kənarda qoya bilmirlər. Amma ona da digər formada əngəllər yaratmağa, ən azı yardım etməməyə çalışırlar. Bütün bunlar partiyaya ziyan gətirəcək”.

Qeyd edək ki, T. Abbaslı tərəfdarları ilə birlikdə “Ağ blok” yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...