Rəsmi Bakıdan Ermənistana `ağıllı ol` mesajı
Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma rejimin “özünüidarə orqanları”na seçkilər keçiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibətini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan XİN-in verdiyi bəyanatda işğal altındakı ərazilərdə Ermənistan tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulanır:
"Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı, zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsbit olunduğu kimi, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və bunun nəticəsində Azərbaycanın ərazilərinin işğalını kəskin şəkildə pisləyib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü pozan istənilən əməlləri rədd edərək, bu əməllərin nəticəsində yaradılmış vəziyyətin qanuniliyinin tanınmaqdan imtina edib. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar atan Ermənistan silahlı münaqişənin siyasi həllində maraqlı deyil və əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi olmayacaq".
Bəyanatda deyilir ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə nail ola bilməz:
"Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu yuxarıda qeyd edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına və mülkiyyətlərinə qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqla uyğun olmayan fəaliyyət münaqişənin sülh yolu ilə həlli yolu ola bilməz. Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz. Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa və bu vəziyyətin saxlanılmasına yardım və kömək göstərməməyə və bu istiqamətdə təsirli tədbirlər görməyə çağırır.
Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək".
1275 dəfə oxundu