“Əli Kərimlinin yanında adam özünü Şimali Koreyadakı kimi hiss edir”
Bəhruz Tağızadə: “Çıxışlarında demokratiyadan danışır, diktatorları pisləyir, özü isə partiyada diktatura qurur”
AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadını daha bir fəal tərk edib. AXCP Nərimanov rayon şöbəsinin sədr müavini Bəhruz Tağızadə Razi Nurullayevin yaratdığı AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsində fəaliyyətini davam etdirəcək. Bəhruz Tağızadə Cebhe.info-ya verdiyi açıqlamada Əli Kərimlinin partiyada yaratdığı avtoritar mühitə etiraz edərək istefa verdiyini bəyan edib. Partiyaya 2005-ci ildə gəlmişəm.
AXCP-yə böyük inamım, ümidlərim vardı. Hesab edirdim ki, Elçibəyin partiyasında demokratiya uğrunda mübarizə aparan səmimi insanlar toplaşıb. O vaxt partiyanın təməl prinsipləri tamam başqa cür idi. İndi isə hər şey tərsinədir. Partiya üzvü olan gəncləri zombiləşdirmək istəyirlər. Partiya rəhbərliyinə qarşı fikir bildirənlər “xain”, “satqın” adlandırılır. Dəyanət Babayev, Ağaşirin Tanrıverdioğlu partiya sıralarından qovulanda mən öz etirazımı bildirdim deyə, məni “satqınlığa meyl etməkdə” günahlandırdılar, mənə qarşı təzyiq göstərdilər. Partiyada dözülməz bir mühit vardı. Adam özünü Şimali Koreyadakı kimi hiss edirdi. Kimlərlə münasibət saxlamağına, kimlərlə görüşdüyünə nəzarət mexanizmi yaradılmışdı, bu da məndə fikir ayrılığının yaranmasına səbəb oldu. Qeyd edim ki, mən bu partiyada uçurumu coxdan görürdüm. - Əli Kərimlinin avtoritarizmi özünü daha çox nədə göstərir?
- Bu partiya hamını düşmən gözündə görür. Müsavata, KXCP-yə “satqın”, “məddah” dedilər, Əli Kərimlini tənqid edən hər kəsi pislədilər. Bu da ondan irəli gəlir ki, partiya rəhbərliyi başda Əli Kərimli olmaqla yalnız öz şəxsi maraqlarını güdür. Bu partiyanın konkret siyasi ideoloji xətti, istiqaməti, gördüyü işlərin isə perspektivi yoxdur. Mən Əli Kərimli ilə bir yerdə olmağın ümümiyyətlə perspektivini görmürəm. Bunların şəxsi maraqları kimlərlə üst- üstə düşmürsə, onlara satqın deyib partiyadan kənarlaşdırırlar. Əli Kərimli öz partiyasında zombiləşmə siyasəti aparır. Azad fikirli gənclərə “satqın” damğası vurulur. Gültəkin Hacıbəyi YAP-da olanda onu “satqın” adlandırırdılar, Cəmil Həsənli Milli Məclisdə millət vəkili olanda “xain”, “xalq düşməni” deyirdilər. Milli Şuranın Koordinasiya Şurasına gələndən sonra isə Gültəkin Hacıbəyli “xalq qəhrəmanı”, “Müqəddəs Janna Dark”, Cəmil Həsənli isə “xalq ağsaqqalı” oldu. Bunlar ilk başdan vətənpərvər, demokrat kimi görsənirlər, dərinə gedəndə, tanıyandan, daxil olandan sonra isə tamam başqa cür olduqlarının şahidi olursan. Partiya daxilində tərəfdarların beyninə yerləşdirilir ki, bizimlə eyni fikirdə olmayanlar xain, satqın və məddahdır. Gəncləri zombilləşdirirlər, tapşırıqlar verilir ki, facebookda aktiv olan kimlərin statuslarını bəyənmək olar, kimlərin statusunu olmaz.
Konkret şəxslərə tapşırıqlar verilir ki, bu statusları yazıb paylaşın. Qeyd edim ki, mən roman yazıram, hələ tam hazır olmasa da, müəyyən hissəsini facebook sosial şəbəkəsində paylaşmışdım. “Köhnə cəbhə dostlarım” yazdıqlarıma dəstək olmaq əvəzinə gülüş hədəfinə çevirdilər . Uzun illərdi AXCP-yə sədrlik edən Əli Kərimli çıxışlarında demokratiyadan danışır, diktatorları pisləyir, özü isə partiyada diktatura qurur. Demokratiyadan anlayışı olmayan insanları öz əhatəsinə yığaraq, rəhbər vəzifələr verib. Səbəb isə çox sadədir: bu tip insanları idarə etmək daha asandır. Özlərini idarə etməyi bacarmayan insanları partiya rəhbərliyinə gətirməklə, yalnız öz şəxsi maraqlarını güdür. Mən artıq bu cür hərc-mərcliyə dözə bilmirdim, partiyadan Əli Kərimli qanadından ayrılmaq qərarına gəldim. Razi Nurullayevin yaratdığı AXCP Etimad Qurultayında fəaliyyət göstərməyə qərar verdim. Bunun da əsas səbəbi odur ki, Etimad Qurultayının təməl prinsipləri mənim fikirlərimlə tam olaraq uzlaşır.
1097 dəfə oxundu