“Ədliyyə Nazirliyinin cavabı tamamilə qanunauyğundur” - Gülağa Aslanlı
“ADR üzvləri qanunlardan bixəbər olduqları və hər şeyi öz arşınları ilə ölçmək istədikləri üçün Ədliyyə Nazirliyinin bu qərarını tənqid edirlər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiyanın sonuncu qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə Ədliyyə Nazirliyinin verdiyi cavabı şərh edərkən deyib.
O, nazirliyin bu qərarını doğru addım kimi qiymətləndirib: “Ədliyyə Nazirliyinin Müsavat Partiyasının qurultayının nəticələrinin ləğv olunması ilə bağlı müraciətə verdiyi cavab tamamilə qanunauyğundur. Çünki Ədliyyə Nazirliyi hər hansı şikayət əsasında özünün təsdiq etdiyi sənədin ləğvi haqqında qərar verə bilməz. Ona görə də nazirlik məhkəməyə müraciət etməyi tövsiyə etməklə, düzgün şərh verib”. G. Aslanlı şikayətçilərin bu qərara etiraz məqsədilə yaydığı bəyanatın həqiqəti əks etdirmədiyini deyib.
Xatırladaq ki, Müsavatın sonuncu qurultayında başqanlığa namizəd olan Qubad İbadoğlu seçkilərdə məğlub olduqdan sonra partiyadan kənarlaşdırılıb və Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını təsis edib. Onun tərəfdarları isə qurultayın saxtakarlıqla keçirildiyini bəyan edib, nəticələrin ləğv olunması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Ədliyyə Nazirliyi müraciəti araşdıraraq, şikayətçilərə məhkəməyə müraciət etməyi tövsiyə edib.
ADR üzvləri isə Ədliyyə Nazirliyinin bu qərarını tənqid edərək, Müsavat rəhbərliyini hakimiyyətlə əməkdaşlıqda ittiham ediblər. Onlar qurultayın nəticələrinin ləğvi üçün bütün hüquqi prosedurlardan istifadə edəcəklərini bəyan ediblər.
1116 dəfə oxundu