"Müharibə riski hər gün daha da artır" - Bahar Muradova
“Rusiya xarici işlər naziri Segey Lavrovun Azərbaycana səfər etməsində qeyri-təbii heç nə görmürəm. Bu səfər ikitərəfli münasibətlərə töfhə verə biləcək bir səfərdir”. Bunu AzVision.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova Lavrovun Bakı səfəri ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib. Vitse-spiker qeyd edib ki, S. Lavrovun səfəri zamanı Qarabağ münaqişəsindən söhbət açılıb: “Bir neçə gündür ki, mətbuatda Sergey Lavrovun Azərbaycan səfəri ilə bağlı cürbəcür ehtimallar yazılır. Əgər Rusiya ATƏT-in Mink qrupunun həmsədiridirsə, onun xarici işlər naziri münaqişəyə, müharibəyə cəlb olunmuş Azərbaycana səfər edirsə, demək ki, bu söhbətlərin içərisində mütləq Qarabağ münaqişəsindən söhbət açılmalıdır.
Burada qeyri-adi nəsə axtarmağa heç bir əsas görmürəm. Bunu da yeni bir hadisə kimi qələmə verməyin tərəfdarı deyiləm. Rəsmi açıqlamadakı fikirlərə başqa bir şərh vermək istəmirəm. Səfərlə bağlı yayılan söz-söhbətlər kimlərinsə özünü göstərmək cəhdlərindən başqa bir şey deyil. Həmin şəxslər hansısa ciddi məsələlərdən xəbərdar olduqlarını kimlərəsə göstərmək istəyirlər. Rəsmi açıqlama nədirsə, söhbət də o mövzu da olub”. Xanım vitse-spiker həmçinin son günlər erməni tərəfinin cəhbə xəttində intensiv formada müxtəlif təxribatlar törətmələrinə də münasibət bildirib.
B.Muradova qeyd edib ki, belə olan təqdirdə müharibə riski hər gün daha da artır: “Ermənistan nə qədər ki, təcəvüzkar mövqeyini davam etdirir, cəhbə xəttində təxribatlar törədir, hərbi əməliyyatlar və diversiya hücumları təşkil edirsə, müharibə riski bir o qədər də artır. Biz öz ərazilərimizi müdafiə etməliyik. Ermənilərin işğalçı qoşunlarını torpaqlarımızdan çıxarmalıyıq. Erməni qoşunları ərazilərimizi tərk etməyənə qədər Azərbaycan ordusu da öz sözünü deyəcək və onları öz yerlərinə qədər qovacağıq.
Ermənilər düşünməsinlər ki, cəhbə xəttində hər gün təxribatlar törətməklə Azərnaycanı qorxudurlar. Azərbaycanın qorxduğu hadisə artıq baş verib. Yəni müharibəyə cəlb olunmuşuq. Bundan artıq bizim qorxumuz yoxdur. Ermənistan tərəfi nə qədər ki, qeyri-konstruktiv mövqedə duracaqsa, bu, bir o qədər də Azərbaycan tərəfinin sərt tədbirlər görmə etimalını artıracaq”.
956 dəfə oxundu