Zahid Oruc: “Sekuta namizəd olsa, təəccüblənmərəm“
“Azərbaycanda inqilabi ssenarilərə investisiya qoyanların niyyəti burada siyasi azadlıqların genişləndirilməsi, yaxud dövlət-vətəndaş münasibətlərinin ali səviyyəyə çatdırılması deyil. Məqsəd idarəolunan hakimiyyət yaratmaq və Brüsseldən verilən direktivlərlə bu ölkəni yönləndirməkdir”
Bu fikirləri AzVision.az millət vəkili Zahid Oruc söyləyib.
Onun sözlərinə görə, “Maydan hərəkatı”nı Cənubi Qafqaza keçirməyin strateji niyyətlərindən biri də bölgədə Gürcüstanla yanaşı, Rusiya əleyhinə 2-ci dövləti formalaşdırmaq gərəkdir: “Lakin belə geoplitik həmlənin müqabilində yaranan təhlükəsizlik risklərini dəf etmək vəzifəsi həmin hədəf dövlətinin özünün üzərində qalır və Qərb siyasi meydanı tərk edib yeni ssenarilərlə başqa qitələrə yürümək qərarını verir.
İndi bir qitənin milyonlarla sakini insanlıq dramasının ən böyük vəhşətini yaşayarkən biz tarixdə xalqların “böyük köçü”nü xatırlayırıq. Silah gücünə və Panaqavk raketlərinin qanadları üzərində demokratiya yayanda belə olur”. Z.Oruc hesab edir ki, Azərbaycanda bütün seçki kampaniyası Avropa Parlamentinin sərt qətnamaləri altında keçəcək. Çünki belə qurumlar Birləşmiş Ştatların dünyada maraqlarının təminatı yolunda mühüm siyasi alətdir.
“Üstəlik, Azərbaycanda mənafeləri təmin olunmayan transmilli kampaniyalar gerçəkdə Amerika və Avropa Birliyinin ürəyi, ana platası funksiyası rolunda çıxış edən mərkəzlər ölkəmizlə informasiya müharibəsini davam etdirəcəklər. Bu dəfə səhnə daha da açılacaq. Çünki, əvvəllər iqtidar əleyhinə mübarizə partiyaların ofisinə səfirliklərdən verilən təlimatlar əsasında gerçəkləşirdisə, indi həmin emissarların həbsdə olması diplomatik korpusların işini çətinləşdirir.
Ona görə seçkiləri boykot etmək istəyən qüvvələr xarici təzyiq altındadır. Onları hakimiyyətlə savaşa məcbur edən dövlətlər var. Əgər Milli Şura sona qədər “qoşulmama” qərarında israrlı olsa, indi bir çox partiyalar və bloklarla görüşən Robert Sekuta özü namizədliyini irəli sürəcək. Metafora kimi işlətdiyimiz bu söz o deməkdir ki, iqtidarla beynəlxalq qüvvələrin münasibətlərini bu dəfə daxildə kiminsə çiyinlərinə qoymaq mümkün olmadığından Amerika səfirinin özü meydana çıxmalı olacaqdır` - deyə Z. Oruc vurğulayıb.
1013 dəfə oxundu